BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 “Ər odur həq yoluna baş oynaya,

    Döşəkdə ölən yigit murdar bolur”. 

(Qazi Bürhanəddin)

 Bəs Əkbər bəy qəhrəmanlığı sözlə necə təsvir edir? Qəhrəmanlığı ilə seçilənlərin hansı keyfiyyətləri onları qorxaqlardan "qırmızı xət”lə ayırır?

 

CAVAB:

-Siz Qazi Bürhanəddindən misal gətirdiniz, mən də ATSIZdan misal çəkim. Nə təvafüqlükdür, ruhu şad ATSIZın adını onun haqqın rəhmətinə qovuşmasının 48 ildönümü günündə anmış oluruq... –

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb, sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir;

Qəhrəmanlıq: saldırıb, bir daha dönməməkdir”. –

 Bax, bu mükəmməl təsvir-təsbit qəhrəmanlığı çox yaxşı açır, mahiyyətini parlaq ifadə edir. Qəhrəmanlıq və qorxaqlığı qarşı-qarşıya qoymaq nə dərəcədə doğrudur, dəqiq bilmirəm; gəlin etiraf edək, qəhrəmanların da özünəxas qorxularının olması çox təbiidir – insanlıq halıdır – örnəyi, anasını, sevgilisini, körpə övladını, nə bilim, borclarını və s. düşünməyi anlayışla qarşılamalıyıq. Həyatdan nakam gedib, gerisində dərdli insanlar buraxacağını düşünmək insana ayıb gətirməz. Ancaq elə bir məqam, elə bir an gəlir, borclardan ən yüksəyi bütün digər borcları üstələyir, dəyərlərdən biri ən önə çıxır və sən özün-özünü ötürsən, qorxularını yenirsən. Bu məqam bizim Dövlət himnimizdə gözəl əks olunub:

“Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”!

İnsan bu dünyaya Tanrının verdiyi çox geniş hüquqlarla gəlir: yemək, yatmaq, gülmək, baxmaq, görmək, gül dərmək, qoxlamaq, danışmaq, yerimək, oxumaq, dost-qardaş olmaq, sevmək, sevilmək... və s. kimi... Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ necə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqlardan, bütün o gözəlliklərdən könüllü keçir... Əsgərlikdə, özəlliklə də, öncəbhədə istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən, əlbəttə. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər. Orada bir hüququ düşünürsən – Vətən hüququnu! Bu hüquq Vətənə xidmət görəvini hüquqlaşdırır, qutlayır və yalnız hüququndan keçən əsgər qəhrəman ola bilir!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)