Şəhidlər barədə şeirlər – İBRAHIM CƏFƏROV

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İbrahim Cəfərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

İBRAHIM ŞAMİL OĞLU CƏFƏROV

(13.01.1998.-07.11.2020.)

 

Ağstafa rayonunun Yenigün kəndində doğulmuş, İ.Həsənov adına Qaçaq Kərəm kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi 

Şəhid olduğu yer:  Qubadlının azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanıb, komaya düşüb, 18 gün sonra şəhid olub.

Dəfn yeri:  Ağstafa rayonu Yenigün kəndi

Allah rəhmət eləsin!

 

 İBRAHİM:

 

-Düşmən əlindədir torpaqlarımız,

Hələ qan ağlayır, bulaqlarımız,

Döyüşlə qayıdar xoş çağlarımız,

Ana, görüşərik, biz, görüşərik.

 

Dünyaya Yenigün kəndində gəldim,

Mənə çox əzizdi, o gözəl kəndim,

Qalib gələcəyik, aldatmaz zəndim,

Ana, görüşərik, biz, görüşərik.

 

Böyümüşəm vətən çörəyi ilə,

Atamın, anamın əməyi ilə,

O böyük Allahın köməyi ilə,

Ana, görüşərik, biz, görüşərik.

 

Zəngilan!, Füzuli!, azad eylədik,

Düşmənin qoşunun bərbad eylədik,

Nə qədər ürəyi biz şad eylədik,

Ana, görüşərik, biz, görüşərik.

 

ADNSU-da oxudum, qazandım bilik,

Həyatın mənası- işlə, yarat, tik,

Əgər şəhid olsam, başını tut dik,

Ana, görüşərik, biz, görüşərik.

 

Göydən qucaq-qucaq alov yağırdı,

Ana, yaralarım yaman ağırdı,

Bax budur, Allahım məni çağırdı,

Ana, görüşərik, biz, görüşərik.

 

Doğma Qarabağa yiyələnmişəm,

Günəşin nurutək şölələnmişəm,

Şəfəqtək yurduma səpələnmişəm,

Ana, görüşərik, biz, görüşərik.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)