“Seviləcək kim qaldı ki?” - Günel Ağazadənin şeirləri Featured

“Seviləcək kim qaldı ki?” - Günel Ağazadənin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Günel Ağazadənin şeirləri təqdim edilir. 

 

 

Didərgin

 

Mən didərgin insanam...

Didərgintək

Elindən-obasından olmayır.

Ən didərgin insanlar

Yaşadığı ünvandan

Özünə yer tapmayır...

Qürbətdə yaşamıram,

Qürbət məndə yaşayır.

Bəlkə də istəmədən

Kiməsə yük olmuşam,

Ruhumun çiyinləri

Ən ağır yük daşıyır...

Nə acam, nə açıqda,

Nə soyuqda qalmışam.

İsti yer axtarmıram,

Qəlbim od tutub yanır.

Sinəmi buz bağlayır...

Mən didərgin insanam,

Didərginin

Buynuzu, qulaqları olmayır,

Uzaqdan xoş görünür.

Bir az yaxın gedirsən,

Gözlərinin içindən

Rahatlıq boylanmayır...

 

 

Kim qaldı ki?

 

Göz yaşımı özüm silsəm,

Ürəyimdə nakam sevgi...

Yenidən sevmək istəsəm,

Seviləcək kim qaldı ki?

 

Eşq bulağından su içdim,

Dadı mənə acı gəldi...

Dərə-təpə çox yol keçdim,

Qədirbilən kim qaldı ki?

 

Bu dünyaya bir də gəlsəm,

Sirr olaram qəlblərdəki...

Cahan sirrini mən bilsəm,

İnanacaq kim qaldı ki?

 

Dilim dərdlərimi saysa,

Söz tükənər nitqimdəki...

Yollar uzun, ömür qısa,

Yaşadacaq kim qaldı ki?

 

 

İnsan

 

İnsan,

Kimə vəfalısan, kimə sadiqsən?

De: - Nəyə güvənib qəlbə girirsən?

De: - Nəyə güvənib eşqə düşürsən?

Sən kimsən, insanı seçib insandan

Özündən acizə zülm edirsən?

Bir can yaratmağa qadirsənmi, heç?

Öz doğma canına sadiqsənmi, heç?

İstərsən nökər ol, istərsən sultan,

Dünyanı gəz dolan, gücünə güvən.

İstərsən, ən çətin sınaqlardan keç,

İmtahan edərsə səni Yaradan...

Aciz varlığını səmaya tutub

İmdad diləyirsən təkcə Tanrıdan.

Ayağın altında bir ovuc torpaq,

Başının üstündə bir tutum bulud.

Nəyə xəyanətdən dustaqsan, insan?

Başında doğma əl, əlin yad saçda,

Sən yada doğmasan, doğmaya yadsan?

Var oldun nidayla, itdin sualla,

Sən elə adicə insansan, insan...

 

 

Gözün aydın

 

Sən getmişdin, yolun açıq,

Gözüm hələ də yol çəkir.

Bəlkə öldüm gözüaçıq,

Bəlkə mənə elə gəlir.

Dönmüsənmi?

Gözün aydın!

Gəlişindən bixəbərəm.

Bəs kölgədə niyə qaldın?

Mən aydınlıq içindəyəm...

İndi danış acı-acı,

Dara çəksin baxışların.

Neynəyəcək dar ağacı?

Boğub məni duyğularım.

Bir yalandın, ayaq tutdun,

Yerimədin mənə sarı.

Sən şeytandan güc umurdun,

Mən sevirəm Allahını.

 

 

Xəyalımın rəngləri

 

Mən heç böyümədim ki,

Bəlkə soldu arzular,

Bəlkə ümidsiz qaldım,

Heç nağılsız qalmadım...

Xəyalımın rəngləri

Qaraları ağartdı,

Bəxtimə kölgə saldı.

Kimi yalan danışdı,

Gözlərimi boyadı.

Kiminin nağılları

Ömrümün yollarında

Toz pəmbə rəngdə qaldı...

Mən heç böyümədim ki,

Dünyam hələ rəngarəng.

Dayan, tələsmə, dostum,

Sən hara tələsirsən?

Hələ rüzgar əsəcək.

Sevgilərə ip taxıb

Uçurarıq çərpələng...

Hələ qalıb oyunlar,

Oyunda uduzanlar

Gözlərini yumurlar.

Ən yaramaz adamlar

Axtaranda tapılar...

Artıq bəsdi,

Yoruldum.

Bu dəfə siz uduzun,

Bir dəfə də mən udum.

Yumsun hər kəs gözünü:

Birdəfəlik gizlənim,

Tapmasınlar izimi...

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.