Sözün gözəl olduğu yerə qədər gedən ŞAİR Featured

“Ədəbiyyat və incəsənət” portalı Paşa Talıblının xatirə yazısını təqdim edir

 

Böyük şairimiz Abbas Abdullanın (1940-2019) növbəti doğum günü oldu. 

Yaddaşımın bir dövrü vardı ki, o dövr üçün o şəxs bütün şairlərin üstündən xətt çəkmişdi. O təkdi... ayrıca məktəb, ayrıca ədəbi era idi. O həm özü həm də başqasıydı!

Mənim də doğulduğum Kəpənəkçini ədəbiyyat xəritəsinə sala bildi. Sözün hələ də gözəl olduğu yerə qədər ədəbiyyatın ən uzun yolunu getdi.

 

Çox tanınmışların səsini boğdu.

...O dövr yaddaşımın ilk şairidi. O dövrdə Artur Rembonun "Sərxoş gəmi"sindən düşüb Onun "Sonsuzluğa gedən karvan"ına minənlər çox oldu.

Nobel mükafatı ala bilmədi, çətindi. Bu ödülün yaradıcılığına ekvivalent məbləğdə pul vəsaitini qoya bilməsə də, dünyanı cibinə qoydu... Və bu dünyanı alatoranından, sübhündən tutmuş qara çöldəki qaranlığa qədər təxəyyülündə quracaq ekzotik dünyanın "barısının, damının" tikintisinə xərclədi.

 

...Şeirlərinə çox bənzəyirdi, ya da əksinə, şerləri elə bil özüydü - sarı gülün sarısı kimi!

“Qəbirdə yatasıyam, üzüm dağlara dağlara” - deyən ədib şairimiz dağların həzz ilə qoşa doğulduğunun fərqində idi, çünki Borçalı dağlarıynan "dost-doğmaca qardaşıydı".

"Üzü dan yerinə"si var, "Ata yurdu" var, "Ağlı-qaralı dünya"sı var... nəyi yoxdu bu Kişinin?

Naxışı gətirmişdi... adını 60-80-ci illər ədəbiyyatımızın gerçək missiyasını çiynində aparan beş kişinin (birinci olmasa da) sırasına yaza bildi...

Naxış demişkən, yadıma Kordova məscidində 1200 sütundan birindəki mərmər naxışlar düşdü... O da sənətin, mədəniyyətin (bizim halda şerin) naxışlarıydı!

..Gəmisinə minə bilmədim, sahildəncə əl eləyə bildim!

..İndi də eləcə xatırlayıram - sarı gülün sarısı kimi!

...Onu tanıyandan sonra bildim ki, niyə şeri kağıza, papiruslara, arxiv künclərinə yazırlar, unudulmuş edamların kölgəsinə yox!

...Ondan danışırdım - Böyük Abbas Abdulladan!

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)