POETİK QİRAƏTdə Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana...” şeiri Featured

Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəliiabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Göyə çöp daşıyan bir quşam, ana...” deyəcək. 

Şikayətnamə motivlidir. 

“Özümü tutacaq ahım bu gecə-

Bu gecə özümə qarğışam, ana.” -deyir şair. Dünyəvi kədər ruhu çilikləməz, ağrıları şiddətləndirməz, əksinə, onlara sığal çəkər. 

Xoş mütaliələr!

 

Göyə çöp daşıyan bir quşam, ana...

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer  tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana...

 

Görünsün göy üzü -baxım bu gecə,

O axan ulduzla axım bu gecə...

Özümü tutacaq ahım bu gecə-

Bu gecə özümə qarğışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin-

Mən  o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm-iynə imiş, ömür- sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)