Faiq Hüseynbəylinin sevdiyi şeir Salam Sarvandandır Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı dəyərli şairimiz Faiq Hüseynbəylidir.

 

-Xoş gördük, Faiq bəy.

"Şair həqiqəti sübut etmir, onu göstərir." (V. Belinski)

Biz Faiq Hüseynbəylinin  "qələmindən süzülüb sıraya düzülən sözlərində" duyğular dənizini, küləyin gücü ilə səmaya can atan dalğaları, sevginin əzablı yollarını aşkar görə bilirik.

Faiq bəyin poeziyaya sevgisini elə şeirlərinin gözəlliyindən də duymaq olar.

Bəs elə bu an üçün Faiq bəyə söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə." 

O bizə hansı şeiri söyləyər?

 

-Sevdiyim şeirlər və şairlər çoxdur. Sualınızı şərti hesab edirəm və mənə görə ümumiləşdirilmiş xarakter daşıyır. Bədii mətn canlı orqanizm olduğu üçün, ayrılıqda fərdi şəkildə təqdim etmək çətin olduğu qədər məsuliyyətdir. İnsan təbiətin bir parçasıdır. Ədəbiyyat sözünün kökü rus, ingilis dillərindən tərcümədə təbiət anlamına gəlir. Ədəbiyyatın işi təkcə vəsf etmək, maarifləndirmək deyil. Ədəbiyyatın missiyası həm də milli düşüncəni, dili qorumaq, inkişafına təkan vermək, altşüurda yaşayan kodları nəsildən-nəslə ötürməkdir. Qayəsi, məramı eşqlə yoğrulan misralar bizi dünənimizdən sabahımıza götürür. Şeir haqqında konkret teorem yoxdur. Şeir bir enerjidir. Hansı ki, yaradılışdan bu günə kimi biz bu enerjinin ətrafında şəkillənirik. Eşqi göylərin uca mehrabı sayan Nizamidən tutmuş, "bir zərrənin işığına milyonlar şərik" deyən Məmməd Araza kimi TƏBİƏT-İNSAN-SÖZ üçbucağının fəlsəfi enerjisi sərgilənir. İnsan təbiətinin təlatümü Musa Yaqub şeirlərini ağuşuna alır. Əslində, duyduğumuz, gördüyümüz, hiss etdiyimiz, xatırladığımız, arzuladığımız nə varsa, ruh halımızda olan boşluğu doldurmaq üçündür. Bu ümumiləşdirilmiş obraz Cəfər Cabbarlıdan Bəxtiyar Vahabzadəyə qədər ANA xətt təşkil edir. Dədə Qorquq boylarından qəhramanlıq dastanlarımıza yön alan SÖZ hər zaman birlik, dirilik rəmzi kimi vətən sevgisini tərənnüm edib. Mütləq ən yaxşı şeiri mövzular üzrə dəyərləndirməyi daha doğru hesab edirəm. Ana haqqında ən yaxşı şeir kimi Cəfər Cabbarlı, satirik mövzuda M.Ə.Sabir, uşaq ədəbiyyatı mövzusunda Abdulla Şaiq, Abbas Səhhət, sərbəst mövzuda Rəsul Rza, vətən haqqında Səməd Vurğun, Ramiz Qusarçaylı, sevgi mövzusunda Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd İsmayıl, Ayaz Arabaçı, Əjdər Ol, Nüsrət Kəsəmənli, İlqar Fəhmi və başqalarının yaradıcılığından nümunələr göstərmək olar. Gənclərdən Anar Aminin, Elşad Baratın, Vasif Zöhraboğlunun və bir çox gənc ədiblərin yadda qalan ədəbi nümunələri var. Əslində, bu layihəniz ayrı-ayrılıqda hər bir şairin oxucu kimi zövqünü təqdim edir. Bu layihəniz üçün öz fəlsəfəsi ilə çağdaş ədəbiyyatın öncüllərindən olan, poeziyası ilə heyrətləndirən, özündən sonra ədəbi yola çevrilən Salam Sarvandan bir poetik nümunə təqdim edirəm. 

 

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA 

 

Alın yazısında imza yeri boş –

edam fərmanıdı, qollamaq olmur.

Nifrət elədiyin ayağını da

bir addımdan uzaq tullamaq olmur. 

 

Dayan bir dəqiqə bir «yox» de mənə,

hər gecə yuxuma girib yatan qız.

Adamı arxadan gəlib ötərlər,

ay məni qarşıdan gəlib ötən qız. 

 

İndi bu qış ömrü sürüşmək gərək…

Bizi qar ötürər, dolu qarşılar.

Bu da ki sonuncu teleqramım:

mən gələr olmadım, yolu qarşıla.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.