“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizə güneyli soydaşımız Mehdi Səhəndinin şeirlərini təqdim edir.
QAN Gözlüklərə arxalandıq Qarşımızdakı hər nəyi aydın görmək üçün. Nə yazıq bizlərə! Sanırdıq mat baxır bizə hər nə, Ancaq mat kimi baxırdıq biz hər nəyə. Çaşmış kimdir? Biz? Yoxsa qarşımızdakı hər nə? Mən Kor olmaq istəyirdim Gördüyüm bütün şeylərə. Bu ana, anlara və hətta analara Burada analar hər gün qan udub, Qan əmişdirdilər körpələrinə. Onunçün hər gün, səhər kimi düşünə bilirəm dostum: "Bizlər burada bir-birimizin yaralarını yalamaqla təsəlli tapırıq Yara demişkən hələ də ağzımda qan dadı var." Hələ də bizdə yalamağa tamarzı dil, Hələ yalanmamış yaralar. Hələ əmilməmiş qanlı döşlər Hələ başlanmamış döyüşlər var Və "igid qanı coşğun olar" - dedilər bizə İgid, canını əlinə alıb Qanını tavamıza tökdü. Buyurun lütfən, qan aydınlıqdır Dodaqlarınıza qırmızı yaxın xanım Bir istəkan da siz için, ana özgə qanı deyil ki Öz oğlunuzundur. Siqaretimi söndürümmü yaralarınızda? Biz Üzgün, Qırğın, Darğın, Bilmədən intiharlı şəhərin siqaret kimi bizi qanlı Dodaqlarında alışdırmasını hiss edə bilmədik Ancaq külünü yaralarımızda söndürdükcə çığırdıq. Daha bizə mat kimi baxan yox Və qarşımızda heç nə mat olmadan "İgid qanı coşğun olar" - dedilər. Olsun, qan aydınlıqdır deyə Biz qorxaqların da Gözlüklərinə qan səpdilər.
TİKANLI GÜL Bu boyda dağ içində, Təki mənəm bitən gül. Bəlkə elə o mənəm, Çiçəklikdən itən gül. Dağ allahın gücüdür, Mən allahın əsiri. Heç bilmirəm olmuşam, Nə günahın əsiri? Üzdü bu həsrət məni, Biri məni dərmədi. Kiçik məktub içində, Birinə göndərmədi. Bəlkə acı çiçəyəm, Bunu bu dağ demədi. Məni nədən burada, Bir ac quzu yemədi? Yadam bu dağ içində, Bura necə ev deyim? Çevrəmdə bir bülbül yox, Ona, məni sev deyim. Qayğı necə çəkməyim? Mənəm vaxtsız yetən gül. Bu boyda dağ içində, Təki mənəm bitən gül.
TƏBƏSSÜMÜN QAÇIB SƏNİN Baxışların ögey baxır, Təbəssümün qaçıb sənin. Bədbəxtini dindirmisən, Bəxti qapın açıb sənin? Sevgimizi qıydın sına, Çöp uzaltdın arasına, Bəlkə deyim başqasına, Boş ürəyin uçub sənin. Xırda-iri ölü də var, Duri-diri ölü də var, Cismin bəlkə diri yaşar, Ruhun bəlkə köçüb sənin. Bizdə ayrılar birisi, Gerçəyin yoxdur gerisi, Daş ürəksən, daş gülləsi, Ürəyinə keçib sənin.
İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR
Çevrəmi buz tutmuş qar çiçəyiydim, Günəşə boylandım qarlar içində. Mən hələ özümlə heç-heçə idim, Kor kimi gülürdüm karlar içində. İçimdə bir sümük ağzına alıb, İçimi tökürdü canavar biri. Cəmdəyi deyəsən dişinə çalıb, Leşimi sökürdü canavar biri. Özüm, öz içimdən yıxılmaqdaydı, Qanımı tökdülər fışqıranmadı. Xırxıram əlində sıxılmaqdaydı, Nə qədər can atdım qışqıranmadı. Sonra yorğun idim, dizə çökürdüm, Yanımdan bir tanış kölgə ötüşdü. Və səsimə geri döndü, öskürdüm, Gözüm ovcundakı gülləyə düşdü. İçimdə gözləri sürünür hələ, Baxışlar altında ayaqlanırdım. Sınırdı arada körpülər belə, Bir tanış ürəkdən uzaqlanırdım. Gözləri hələ də baxırdı mənə, Canavar donunu biçib boyuna. Canavar içimdə intihar etdi, Sonuncu köynəyim yırtıldı, ana!..
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)