Şəhidlər barədə şeirlər – Şiralı Səlimov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şiralı Səlimova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ŞİRALI VÜQAR OĞLU SƏLİMOV

(01.01.2000.-06.10.2020.)

 

Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

         MƏTİN ƏSGƏR ŞİRALI

 

Adi bulaq deyil bu, şəhid xatirəsidir,

Şəhidin ölməzliyi, şəhidin haqq səsidir.

Canını xalq yolunda qurban verən şəhidin,

Vətən, torpaq uğrunda qurban gedən şəhidin,

Ölməzliyini təsdiq, eyləyən abidədir,

Xalqım unutqan deyil, xalqımız bilir qədir.

 

İnsanı insan edir, yaşadır öz amalı,

Bunu dərk eyləyirdi, anlayırdı, Şiralı.

Anasıtək sevirdi  bu yurdu, bu torpağı,

Deyirdi, qoyammarıq, düşməndə Qarabağı,

Yağıları bir yolluq qovmalıyıq yurdumdan,

Qələbə gözləyirik, biz  yenilməz ordumdan.

 

Komandanın əmridir, getməliyik irəli,

Necə də xoşbəxt idi  mətin əsgər Şiralı.

Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,

Düşməni məhv eylədi  vətən oğlu cürətlə.

Suşamız azad oldu, alındı torpağımız,

Vüqarla dalğalanır üçrəngli bayrağımız.

 

Şiralıtək çox igid bu günü görməsə də,

Sevinc gülüstanından çiçəklər dərməsə də,

Vətən heç vaxt unutmaz öz şəhid övladını,

Daim yaşatmalıyıq igidlərin adını.

Bu bulaq Şiralının ölməz xatirəsidir,

Şəhidlərə məhəbbət  sevgi ifadəsidir

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)