Qəşəm Nəcəfzadənin sevdiyi şeir: Əli Kərim, “Qayıt” Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli şairimiz Qəşəm Nəcəfzadədir.

 

-Salam, əziz Şairimiz, xoş gördük Sizi.

Məlumdur ki, Qəşəm Nəcəfzadə qələmindən süzülən şeirlərdə " bənzərsiz mənzərələr" var. Çünki Qəşəm bəy hiss edərək ifadə edir.

O, sadəcə ifadə etsəydi, şeirləri bu qədər sevilməzdi.

Əziz Qəşəm bəy, poeziya Sizin üçün nəfəsdir, sevgidir, övladdır, əlbəttə, bilirik.

Bu an Sizə söyləsək ki, "Sevdiyin şeiri gəl mənə söylə", hansı şairimizdən şeir söyləyərsiniz? 

 

-Salam Ülviyyə xanım, xoş gördük. Əli Kərimin " Qayıt" şeirini çox sevirəm və dəfələrlə söyləmişəm, elə sizin rubrikanız üçün də həmin şeiri söyləyəcəyəm. Əli Kərimin bu şeiri çox gözəldir, o təkcə öz xanımına “qayıt” söyləmirdi. Oğulun anaya qayıtmasını, dünyasını dəyişənlərin  qayıtmağını söyləyirdi. Qayadan qopan parçanın qayıtmasını diləyirdi, yəni keçmiş xatirələrinə; atalı- analı günlərinə, uşaqlıq illərinə, tələbəllik illərinə, gənclik illərinə qayıt deyirdi.

Əslində dünyanı bütövləşdirən, "Ayı, Günəşi yerinə qoyan" “Qayıt” şeiridir.

"Qayıt" küçələri öz qaydasınca düzən, hər şeyi öz yoluna qoyan- sevinci sevinc, kədəri kədər yerinə qoyan bir şeirdir.

Bu şeir mənə çox əzizdir, elə ona görə də rubrikanızda bu şeiri söyləyəcəyəm.

Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün sizə minnətdaram.

 

“Qayıt”, Əli Kərim

 

Həsrətin araya atdı dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun?!

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim.

 

Qayıt, mənim gülüm, yerbəyer elə,

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.

 

Qayıt, yerinə qoy Ayı, Günəşi —

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, səhmana sal bu kainatı.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)