Şəhidlər barədə şeirlər – Səmural Fətəliyev

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səmural Fətəliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

S Ə M U R A L   AYAZ   OĞLU FƏTƏLİYEV

(13.03.1997.-05.10.2020.)

 

Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuş, Az.MİU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                       SƏMURAL

 

Adını qəhrəmanlar cərgəsinə yazdı o,

Düşmənə  əlləriylə dərin quyu qazdı o,

Çətinlikdən çəkinməz, qəmdən sarsılmazdı, o,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Şam əgər haqdan yansa, bu şam heç zaman sönməz,

Haqqa inanan kəslər haqqın yolundan dönməz,

Ürəyində var idi  arzuları tükənməz,

 Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

 İnsanları ucaldan saf əqidə, əməldir,

Deyirdi, Vətən üçün çalışmaq, nə gözəldir,

Vətən bizim anamız, hər bir şeydən əzəldir,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

İnsanlar kamilləşir işdə,  mübarizədə,

SOCAR-da çalışırdı, bəli, mühafizədə,

Dürüst, işgüzar kimi  qalıbdır  hafizədə,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Ağız şirin olmayır, halva-halva deməklə,

Barışmazdı heç zaman fitnə ilə, kələklə,

Sevincini hamıyla bölüşərdi ürəklə,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Ali təhsil almışdı, çəkmişdi əsgərliyin,

Həmişə pisləyirdi erməninin şərliyin,

Məqamı çatan kimi sübut etdi ərliyin,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Yetişdi torpaqları azad etmək məqamı,

“Biz qalib gələcəyik”-ürəyində inamı,

-Kafirlərin sonudur, dedi, eşitsin hamı,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Atıldı döyüşlərə,  məhv etdi kafirləri,

Tülkülər tez qaçdılar, görən kimi şirləri,

Cəsur bir əsgər oldu, əfsanəymiş hünəri,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Düşməni məhv eylədi, yağıya uddurdu qan,

Döyüşlərin birində şəhid oldu qəhrəman.

Əbədi  yaşayacaq ürəklərdə hər zaman,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Şəhidlər  haqqında mən ehtiramla yazıram,

Sonsuz məhəbbət ilə, təb-ilhamla yazıram,

Bizimlə addımlayır, bu inamla yazıram,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.