MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Kim olduğunu bilmirəm, amma nəsə yaşıllaşdırma ilə bağlı idi işi. Tərxan da ondan güllər, ağaclar götürüb satırdı, qazanırdı.

-Onun satmaq üçün götürdüyü gülləri, ağacları görmüşdüz, həyətə gətirirdi əvvəlcə?

-Yox, elə dediyindən bilirəm, çöldən-çölə satırmış, həyətə heç vaxt gətirməyib.

-Sonuncu dəfə evdən çıxarkən, sizə hara getməsi barədə nəsə demişdi?

-Yox, ay oğul. Hara gedib haradan gəldiyini heç vaxt deməzdi. Mən yatmağa tez uzanıram. Heç həmin gecə getdiyindən də xəbərim olmayıb.

-Sizin telefon nömrənizi götürürük. Nəsə əlavə suallar çıxarsa, zəng edəcəyik. Daha vaxtınızı almayaq.

Mahir Səyyarə arvadın telefonundan öz nömrəsinə zəng atıb ayağa qalxdı. Sağollaşıb getmək istəyəndə Səyyarə arvad dilləndi.

-Ay bala, axı heç demədiniz oğlum nə eləyib?

Dayanıb bir-birimizə baxdıq. Sonra heç nə demədən otaqdan çıxdıq.

Hələ də qapının arxasında dayanıb gözləyən Mehdi bizi küçəyə qədər ötürdü. Ona təşəkkür edib sağollaşdıq. Maşına oturub tərpəndik. Mahir məni düşürüb Nazirliyə qayıdacaqdı. Alınan məlumatlar təcili addımlar və aydınlaşdırmalar tələb edirdi. İlk növbədə vəziyyəti generala məruzə edəcək, sonra qrup üzvlərinə yeni  tapşırıqlarını verəcəkdi.

Maşını məhəllədən yola çıxaran Mahir dedi:

-Bu saçları ağarmış yaşlı anaya ürəyim ağrıdı. Hələ də fikrim onun yanında qalıb. Belə övladdansa, olmaması yaxşı idi.

Susub heç nə demədim. Həqiqətən də bəzi övladlar valideynlərinin qatilinə çevrilirlər. Birdən-birə yox, onları az-az, hər gün ölümə məhkum edirlər davranışları ilə. Mahir susduğumu görüb mövzunu dəyişdi. 

-Daha bəzi şeyləri bir ipə düzmək olar. Hər şey sənin fərziyyənlə başladığı üçün sən danış, mən dinləyim.

Səs gəlməməsi üçün maşının şüşəsini qaldırıb danışmağa başladım.

-Stepanın və sənin gətirdiyin əlavə məlumatlar əsasında bütün gecə təhlillər apardım. Keçmiş məhkumlardan birinin-Tərxan Nağıyevin əkiz qardaşının olması mənim diqqətimi çəkdi. Bu axtardığımız Solominlə birlikdə vaxtilə məhkumluq həyatı yaşamış, il yarım bundan əvvəl ölmüş Tərxan Nağıyevlə eyni yaşda, eyni boy-buxunda və sifətdə olan birisinin təkcə adının baş hərfi fərqli olmaqla hazırda Bakı şəhərində yaşadığı anlamına gəlirdi. Bilmirəm niyə, ancaq lap əvvəldən hissiyyatım mənə bu keçmiş məhkumlardan başlamağımı deyirdi. Bu məlumatı da oxuyanda dalağım lap sancdı. Sən qısa müddətdə ölmüş Tərxanın qardaşı Sərxan Nağıyevin qətlə yetirildiyini öyrəndin. Özü də müharibə başlayan günün gecəsi. Bu artıq çox maraqlı idi. Əlbəttə Sərxanın özündən də hansısa yolla istifadə edib sonda onu lazımsız şahid kimi aradan götürə bilərdilər. Ancaq nədənsə mən daha çox başqa ehtimala üstünlük verirdim. Əkiz tayının olduğunu öyrəndiyim andan Tərxanın ölmüş olmasına böyük şübhələrim yaranmışdı. Sənin mobil operatorlardan aldığın son məlumatlar bu şübhələri təsdiqləyirdi. İl yarım əvvəl, qardaşlardan birincisi ölən günün səhəri hər iki qardaşın istifadə etdiyi mobil nömrələr sıradan çıxarılır. Əvəzinə, guya sağ qalan Sərxan, əslində isə Tərxan təzə mobil nömrə alır. Belə təsadüflər olmur. Qədimdə fironlar öləndə inanca görə onları o biri dünyada darıxmamaları üçün həyat yoldaşları, nökərləri və bəzi məişət əşyaları ilə birlikdə dəfn edirdilər. Tərxan firon deyildi və onu yəqin ki, mobil telefon nömrəsi ilə birlikdə basdırmamışdılar. Sadəcə o, nömrəsini sındırmaqla bir növ arxada qalan körpüləri yandırır. Məntiqlə özünü Sərxan kimi qələmə verdikdə o, qardaşının nömrəsindən istifadə etməkdə davam etməliydi. Ancaq Sərxanın bütün dost-tanışını tanımadığı üçün onların zəngləri ilə özünü büruzə verə bilərdi. Odur ki, həmin nömrəni də sıradan çıxarıb təzə nömrə alır və yalnız qardaşının ətrafında olan, özünün şəxsən tanıdıqları ilə ünsiyyəti davam etdirir. Başqa bir faktı da deyim. Solomin təlim keçmək üçün xaricə göndərilməzdən əvvəl iki dəfə Bakıya gəlib. Onun bundan sonra bir il xaricdə, gəldikdən sonra isə son altı ayda Rusiyada gözləmə mövqeyində olduğunu nəzərə alsaq, bu müddət bir il yarım edir. Bu müddət də Tərxanın düz il yarım əvvəlki yalançı ölümü ilə eynilik təşkil edir. Əslində söhbətimə elə bundan başlamalıydım. Çünki lap əvvəldən yaranmış şübhələrimin bir əsası da bu fakt idi. Tarixlər dəqiqliyi ilə üst-üstə düşürdü. İndi gələk bütün bu dediklərimdən gəldiyim son qənaətə. Solomin tapşırığı aldıqdan sonra Bakıdakı əlaqələrindən istifadə etməyi qərara alır. Bunun üçün keçmiş həbsxana yoldaşı Tərxan Nağıyevi seçir. Bakıya gəlib kəşfiyyat işləri aparmaqla yanaşı onunla da görüşür. Həmin ərəfədə Tərxanın qardaşı Sərxan ölür. Burada iki variantın üzərində dayanıram. Ya Solomin yaxşı pul müqabilində Tərxanı qardaşını aradan götürüb özünü Sərxan kimi qələmə verməklə şübhələrdən kənarda qalmağa razı salır, ya da elə Sərxan həmin vaxt öz əcəli ilə ölür və hansı yükü üzərinə götürdüyünü gözəl başa düşən, başqa sözlə vətəninə xəyanət eməyə razılıq verən Tərxan bundan məharətlə istifadə edir. Hər iki variant ağlabatandır. Ancaq Səyyarə arvadın Sərxanın heç vaxt ürəyindən şikayət etmədiyi barədə dediklərini nəzərə alsaq, birinci ehtimal daha inandırıcıdır. Tərxan kimisindən hər şey gözləmək olardı. Solomin əlbəttə tək Tərxanla kifayətlənə bilməzdi. Hazırlanan əməliyyatın miqyası çox geniş olduğu üçün burada onların başqa əlaqələrinin də olmasına ehtiyac var idi. Böyük ehtimalla o, Tərxanla razılaşandan sonra Rusiyaya qayıdır. Burada qalan adamları isə, çox güman ki rezidentləri, başqa bir nəfəri də tapır. Buna necə nail olur bilmirəm, burada variantlar müxtəlifdir. Amma yəqin ki, bundan sonrakı tapşırıqları Tərxana həmin adam verir. Həlledici məqam yetişəndə isə, o adam daha onlara lazım olmayan, öz işini görüb qurtarmış Tərxana qəbiristanlıqda görüş verib orada onu qətlə yetirir. Yenə də körpülər yandırılır. Tərxan qardaşı ilə bir almanın yarısı kimi oxşadıqları üçün hamını aldada bilərdi. Amma onları dünyaya gətirmiş ana öz övladlarını heç bir halda səhv sala bilməzdi. Sərxan yatağında yox, istənilən şəraitdə ölmüş olsa idi belə, anasını aldada bilməyəcəyini başa düşən Tərxan düşmənli olduğunu, həyatına təhlükə yarandığını deməklə onu aldadıb razı salır. Zavallı ana bu sirri gizlətməklə bir növ sağ qalmış yeganə oğlunun həyatını qorumuş olduğunu düşünür. Həm də ki, ananın ölənin Sərxan olduğunu deməsi digər qohum-əqrəba arasında yarana biləcək şübhələrin də qarşısını almış olur. Ehtimallarımda yanılmadığıma əmin olsam da, Səyyarə arvadla söhbətimizdə onun etirafı son nöqtəni qoymuş oldu. Bu söhbət istənilən halda vacib idi. Çünki onun vasitəsilə Tərxanın əlaqələrini öyrənməli idik. Düzdür, anası çox şey deyə bilmədi bizə. Ancaq faktiki olaraq ortaya hansısa bir yaşıllaşdırma işçisi çıxıb. Bunun bizə nəsə verib-verməyəcəyini bilmirik hələ. Hər-halda Səyyarə arvad onunla tanışlıqdan sonra Tərxanın çoxlu pul qazanmağa başladığını dedi, bunu unutma. Kol-kos satmaqla çoxlu pul qazanmaq mümkün deyil. Heç o residivistin birdən-birə dəyişilib namusla pul qazanmağa başlaması da ağlıma batmır. Anası ilə söhbət zamanı da məlum oldu ki, nəinki gül-çiçək, onun əlində heç bir boş dibçək də görən olmayıb. Deyilən pullar aldığı tapşırığa görə Tərxana verilmiş pullar ola bilərdi. Hər-halda Səyyarə arvad Tərxanın pullanmasını yaşıllaşdırma işçisi ilə tanışlığı ilə əlaqələndirdi. Ona görə də bu «miçurinə» xüsusi diqqət ayırın. Tərxanın nömrəsindəki bütün kontaktların yoxlanılması da nəsə vermiş ola bilər.

Bu yerdə Mahir sözümü kəsdi.

-Artıq əməkdaşlardan biri o nömrələrlə məşğuldur. Nəticə olan kimi biləcəksən.

Məhəlləmizə yaxınlaşdığımızı görüb son bir ehtimalımı da bölüşdüm.

-Mahir, bir şübhəm də var. Onu da deyim. İnamım azdır, ancaq Tərxanı elə Solominin özü də görüş verib aradan götürə bilərdi. Hər-halda həmin vaxt hələ nə hərbi vəziyyət elan olunmuşdu, nə bu postlar var idi. O, bunu rahatlıqla edə bilərdi.

Mahir razılıq işarəsi olaraq başını tərpədib gülümsədi.

-Söhbətin əsnasında mən də bunu fikirləşdim dostum. Ancaq niyə buna tam əmin olmadığını da bilirəm. Solomin bu işdə əsas fiqurantdır. Onlar əsas adamlarını belə riskə atmazdılar məncə. Yəqin ki, elə ən ağlabatan sənin səsləndirdiyin birinci ehtimaldır. Bunu isə sadəcə nəzərə alarıq.

Mahir maşını düz qapımda saxladı.

-Mən cənab generala məruzəyə gedirəm. Telefonda olacam.

-Elə isə sənə uğurlar.

-Sağ ol.

Maşından düşüb evə tərəf getdim. Ancaq bir neçə addım atmış hələ də heç nə yemədiyim yadıma düşdüyü üçün geri qayıdıb yaxınlıqdakı tanış kafeyə üz tutdum.

* * *

 Axşam düşmüşdü. Həmişəki kimi saat 10-da poçt qutusunu yoxlayanda nəhayət ki, gözlədiyi məlumatın gəldiyini görmüşdü. Amma zərfin içindəkilər heç də onun üçün ürəkaçan deyildi. O, xəyallar qurduğu arzusuna çatmaq üçün hər şeyi tez bitirib geri qayıtmaq istəyirdi. Məlumatda isə vəziyyətin yaxşı olmadığı, şəhərdə ciddi yoxlamaların başlandığı, ona görə hələ bir qədər də gözləməsi, hər şeyi göstərilən tarixdə bitirməsi tapşırılmışdı. Göstərilən tarixə isə hələ var idi. Məlumatda mənzilini dəyişəcəyi də bildirilirdi. Onun üçün hazırlanmış yeni mənzil indi olduğu yerdən cəmi iki yüz metr aralıdakı binada yerləşirdi. Bu, uzaq məsafə qət etmədən yerini dəyişə bilməsi üçün edilmişdi. Həmin mənzilin açarı da zərfin içinə qoyulmuşdu. Bütün bunların yazıldığı kağızı zərflə bir yerdə külqabına qoyub alışqanı çəkdi. Tam yanmasını gözləyib külqabıda qalan külü zibil qabına töküb geri qayıtdı. Əhvalı açıq-aşkar korlanmışdı. O, vəd edilən pulu tezliklə alıb sevimli qadınına qovuşmaq üçün çox darıxmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)