“Sayrışır xatirən bir ocaq kimi...” - TURAL ADIŞİRİNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Tural Adışirinin şeirləri təqdim edilir.

 

 

 

LÖVHƏ

 

Günəşi zirvədəki

dümağ “duza” batırıb,

Yumurta sarısıtək

Ağzına atdı üfüq.

 

Üstündən də gündüzü

İçib sərin su kimi.

Öz güllü yorğanına

Bürünüb yatdı üfüq.

 

 

***

 

Könlümdə bir ağac var,

Şeir köklü bir ağac.

Duyğular meyvə kimi

Budağından asılar.

 

Bəzən ilham gələndə

Bu meyvələr yetişər.

Qırılıb saplağından

Varaqlar üstə düşər.

 

Çeşidləyib onları

Mən baxaram dadına.

Sovqattək göndərərəm

Oxucular adına.

 

 

***

 

Söhbətlər soğulub, sevinclər solub,

Kəsilib arası görüşlərin də.

Həsrətim tək qalmış bir quzu olub,

Mələyir qəlbinin örüşlərində.

 

Yollar gözlərimə sancılan bir ox,

Uzanan günləri qəmə bükürəm.

Gecələr üstümə yorğan deyil, yox,

Mən alov örtürəm, atəş çəkirəm.

 

Sayrışır xatirən bir ocaq kimi,

Görən, düşürəmmi yadına mən də?

Sənsizəm...Yoxluğun yanacaq kimi

Tökülür eşqimin oduna gündə.

 

 

***

 

Sırsıra bağlasa saçlarımda qar,

Buludlar beləcə dayana bilsə.

Yüz il bundan əvvəl yatmış arzular

Bir səhər yuxudan oyana bilsə.

 

Bilsən ki, kürəyin söykənib dağa,

Bilsən ki, sənin də söz deyənin var,

Bilsən ki, arxanca boylanan, baxan,

Bilsən ki, sənin də gözləyənin var.

 

Dözdüksə, yenə də günləri saydıq,

Şam kimi əridik hələ bir az da.

Desəm, ana vətən, gözlərin aydın,

Daha sərhəd boyu axmır Araz da.

 

Açılmır nə vaxtdır qaşı-qabağı,

Bu göydə işvə var, bu yerdə naz var.

Sənə qurban olum, vətən torpağı,

Necə ki dünyada Araz, Araz var...

 

 

***

 

Görən, kimin baxışına tuş olub,

Gözəllərin allanıbdır yanağı.

Tumurcuqlar ətcəbala quş olub

Uçub qonur budaqlara yaz çağı.

 

Bir anlığa köynəyini soyunub

Səhər çağı şehdə çimir yamaclar.

Günəşinmi baxışında yuyunub,

Gəlin kimi bəzənibdir ağaclar.

 

Yoldan ötən bihuş olub qoxudan,

Ağaclar da ətirlənib qız kimi.

Uca dağlar nərə çəkib qorxudan

Sal qayalar donub qalıb buz kimi.

 

Sinəm üstə misra-misra söz yanır,

Kim qaladı ürəyimdə təndiri.

Zirvələrdən, qayalardan sallanır

Şəlalər-alpinistin kəndiri.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)