Şəhidlər barədə şeirlər – Nurlan Eminov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nurlan Eminova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

NURLAN PƏRVİZ OĞLU EMİNOV

(02.07.2000.-03.10.2020.)

Kürdəmir rayonunun Ərəbqubalı  kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri,  Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

 

NURLANIN HÜNƏRİ

 

İyirmi il yaşadın, şərəflə, ləyaqətlə,

Döyüşdün düşmənlərlə mərdliklə, rəşadətlə.

 

Yazdırdın qəhrəmanlar cərgəsinə adını,

Almşdın düşmənlərin  gözlərinin odunu.

 

Rahatlığın, dincliyin   nə zamandı itmişdi,

Vətən sevgisi səni  MAXE-əsgər etmişdi.

 

İdmançı-güləşçiydin  durmadan çalışırdın,

“Qarabağım”-deyərək yanırdın, alışırdın.

 

Düşmən sirrin açmışdın kəşfiyyatda nə qədər,

Zəhmətin boş olmadı, düşmənə verdin kədər.

 

Tanrı sənə vermişdi,  qorxmaz bir cəsur ürək,

Buzluq kəndi uğrunda döyüşdün cəngəvərtək.

 

Vətən, sağ olsun, deyib  son anadək vuruşdun.

Əbədi yaşamaqçün  şəhidliyə qovuşdun.

 

Ucaldın sən zirvəyə Vətən məhəbbətiylə.

Ərəbqubalı kəndi  fəxr edir qeyrətinlə.

 

Ruhun şad olsun, Nurlan, azad oldu Qarabağ.

Sənin kimi oğullar düşməndə qoymaz torpaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)