POETİK QİRAƏTdə Yusif Nəğməkar “Nə baxışlar idi” şeiri

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Yusif Nəğməkar öz şeiri ilə görüşür. Razılaşın ki, aşıq şeiri üslüb olaraq unudulmaq üzrədir, demək, şairin gözəlləmələri xüsusən aktualdır. 

 

 

NƏ BAXIŞLAR İDİ!..

 

("Gözəlləmələr silsiləsi"ndən beşlik)

 

Erkən durub tələsirdim iş yerimə,

Bir təsadüf mövzu oldu bu şeirimə;

Ayüzlü bir mələk çıxdı qənşərimə-

Şimşək baxış çax-çaxışlar idi, Allah!

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Zərif, bəyaz sifətində dan ağardı;

Danüzünə baxmaq beləmi ağırdı?!.

Şəfəqindən odlar, alovlar yağırdı;

Narın-narın nar yağışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Yaraşırdı zərifliyinə adı da,

Şah pərdədə minordu bəm səs ladı da.

Amansızdı sərinliyi də, odu da;

Bulaq-bulaq saf axışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Üzündə, gözündə heç sürtküsü yoxdur,

Deyəcək sözlərində ötküsü yoxdur,

Mənimtək ayrılığı, itkisi yoxdur...

Təzə kitabtək oxuşlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Təpərləndim o gözləri vəsf etməyə,

Gümanım yox təşbehimdə səhv etməyə...

Qəlb açsaydım, razıydımı əff etməyə?!.

Eşqin yolu yor-yoxuşlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Xəfif bir naz ədasıyla yüz can alan...

Neçə xain baxışlara qələm çalan...

Səcdəyə, həm ziyarətə qail olan

Şah pəriydi, qul bağışlar idi, Allah!..

Səhər-səhər nə baxışlar idi, Allah!

 

İnanmadım insan olar belə insan;

O, Ay rəqibidir, o, nur, hurinişan!-

Bəlkə şansım, bəlkə dərdim başdan aşan...

Taleyimdə həm naxışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Baxıb, mən də gözəlimi xatırladım;

Öz eşqimdə əzəlimi xatırladım...

Saf incimi, dürr ləlimi xatırladım-

Hər birinə arzum xoşlar idi, Allah!

Səhər-səhər nə baxışlar idi, Allah!

 

Söz qayığı batar eşqin dağ çayında,

Can əriyib axar baxa-bax çayında...

Çox təkidi ağ etməyək ağ çayında...

Şum sinəmdə həsrət xışlar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!..

 

Sübhtab, sirli gözlərilə nəsə dedi...

Sükutuyla çox mətləbi kəsə dedi...

Biraz incik, biraz küsə-küsə dedi;

Nəğməkara bəd "qarğış"lar idi, Allah!-

Səhər-səhər nə baxışlar idi, Allah!..

 

Ədəbiyyat və incəsənət”

(29.02.2024)