MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Əslində mənim bu gün üçün hərəkət planım hazır idi. Alınan xəbər bu planı dəyişmədi. Hələ səhər saatlarında Mahir Vəliyevin telefonuna mesaj göndərib mənə lazım olacaq məlumatların toplanmasını xahiş etmişdim. «Koramal» barədə Stepan və kolleqalarının topladığı və bir nüsxəsi mənə verilmiş məlumatlar kifayət qədər dolğun idi. Onları tam öyrəndikdən sonra haradan başlayacağımı müəyyən etmiş, artıq təhlillərdən real işə keçmişdim.

Psixoloji portretini qurarkən isə, belə qənaətə gəlmişdim ki, «Koramal» bu işə sırf maddi maraqları xatirinə razılıq verib. Bunun belə olduğunu düşünməyə kifayət qədər əsasım var idi. Əvvəla o böyük nüfuz sahibi və daha böyük perspektivləri olduğu kriminal aləmdən uzaqlaşmağa qərar verib. Hətta nüfuzuna görə bu aləmin kralları sayılan «qanuni oğru»lardan biri ola biləcəyi şansının olması da onu saxlamayıb. Deməli, insan həbsxana həyatından bezib, ömrünün qalanını azadlıqda yaşamaq istəyir. Solomin kimi adamlar belə addımı həftəarası hansısa zavod və ya fabrikdə işləyib, bazar günləri tilovla balıq tutmağa getmək üçün yox, dəbdəbəli bir həyat sürməklə azadlığın dadını çıxarmaq üçün atırlar. Bununçünsə, çoxlu pul lazımdır. Hətta mən deyərdim ki, külli miqdarda pul. Deməli, Solomin hətta maddi imkanı pis olmasa belə, bu işə daha böyük məbləğdə pul qazanmaq üçün qol qoymuş ola bilər.

Bundan başqa, Stepan gələn gün gecə saatlarında onun qaldığı oteldə söhbətimiz zamanı mən bəzi suallarımı verib cavablarını almışdım. Solominin Rusiyada daimi münasibətdə olduğu qadını yoxdur. O, təsadüfi qadınlarla olan əlaqələri ilə kifayətlənirmiş. Stepan bunu çox əminliklə dedi. Buradan belə çıxır ki, o, zəif cinsə qarşı heç də laqeyd deyil. Ancaq nədənsə tənhadır? Burada məntiq nə deyir, bilirsiz? Çox incə məqamlara toxunur burada məntiq. «Koramal» özünə hörmət edən avtoritetli biridir. Beləsi yol kənarında düzülüb müştəri gözləyən, gecəni parkda skamyanın üstündə yatan və buna bənzər kimlə gəldi yatağa girməz. Başqa şeylər kimi bunu da onların qaydaları tələb edir. Deməli, o ya eskort xidməti təklif edən firmalara, ya da müstəqil işləyən valyutalı fahişələrə müraciət edib hər dəfə. Hər iki halda Moskva kimi şəhərdə bu xidmətlərin qiymətləri kəlləçarxa vurur. Bu o deməkdir ki, Solominin maddi vəziyyəti heç də pis deyil, hər-halda özünə görə imkanı var. Yaxşı bəs onda o, niyə daim yanında olan, onu hər cürə qane edən, ona qulluq göstərən bir qadınla yaşamır? Axı, bu halda o kənarda qadınlara xərclədiyinin tən yarısını xərcləməklə keçinə bilər və əslində bir başqa rahatlıq tapmış olar. Deyə bilərsiniz ki, bəlkə o rəngarəngliyi, tez-tez qadınları dəyişməyi xoşlayır? Razıyam, dediklərinizdə məntiq var. Ancaq cinayətkarların, xüsusilə, onların elitasının vərdişlərini bilən biri kimi mən fərqli düşünürəm. Təcrübə göstərir ki, onlar mütləq qaydada özlərindən yaşca qat-qat cavan sevgili saxlamağı, onlara bahalı maşınlar, qızıl-zinət əşyaları bağışlamağı həyatlarının vacib bir şərti kimi bilirlər. Hətta aralarında evli olanlar da belə edir və bu bir növ dəb sayılır. Belə gözəlçələri cangüdənlər müşayiət edir və heç vaxt onlardan ayrılmırlar.

Az əvvəl dediyim incə məqamları yavaş-yavaş yəqin ki, tutursunuz. Üstəlik Solomin barədə verilmiş ətraflı məlumatların içində onun pozğun həyata meyilli olmasına bir işarə də yoxdur. Eləcə, ara-sıra ehtirasını öldürmək üçün kefi istəyəndə qadınlarla görüşüb. Deməli, kifayət qədər maddi imkanı və ayrılsa belə, düşüncə tərzinə görə həyatının on doqquz ilini həsr etdiyi, mənsub olduğu aləmin qaydalarının təsiri altında olan Solominin daimi sevgilisi var, ancaq Rusiyada yaşamır. Harada?-bunu mənə bu gün səhər telefonla danışdığım Stepan aydınlaşdırıb deyəcək. Onun son illər tez-tez səfər etmiş olduğu ölkələrin siyahısı bu sualın cavabını vermiş olacaq. Bu dediklərimdəki əminliyimlə kim razı deyilsə, ardını dinləsin. Çünki elə az əvvəl sizə dediklərimi təhlil edərkən bütün məqamlar məni ilk dediklərimə, Solominin külli miqdarda pul qazanmaq istəyi ilə bu işə qol qoyduğu barədə düşündüklərimə gəlib söykəndi. Necə? Deyim, bilin. Sual olunur, daha cinayət etməyib azadlıqda sakit həyat yaşamağa qərar verən, bunun üçün zəruri maddi imkanı olan biri, birdən birə külli miqdarda pul qazanmaq eşqi ilə, hətta, həyat tərzinə zidd olan terrorçuluq kimi ən ağır cinayətə getməyə niyə qol qoyur? Fikrimi tutdunuz? Qadın!!! Yalnız çox bağlı olduğu qadın onu buna vadar edə bilərdi. Məşhur filmimizdə deyildiyi kimi: «Qadın böyük qüvvədir». O ki qaldı, Solominin təsadüfi görüşdüyü qadınlara, bu qadınlar onun möhkəm bağlandığı o qadınla heç bir müqayisəyə gəlməzlər.

Mən heç bir ehtimalımı əmin olmasam, dilə gətirmirəm. Bu dedikərimi daha da möhkəmlətmək üçün Stepanın zəngindən sonra bəzi məqamları da sizə açıqlayacam. Onda mənimlə tam razılaşacaqsınız.

Bir ehtimal da var ki, Stepan bunu hələ aeroportdan gələrkən səsləndirmişdi. Bu, Solominin nə iləsə şantaj edilərək belə bir işə vadar edilməsidir. Kəşfiyyat orqanları bu üsuldan istifadə edirlər, bu sirr deyil. Ancaq «Koramal»ı «tanıyandan» sonra başa düşdüm ki, bu ehtimal sıfıra bərabərdir. Belə adamları zorla nəyəsə məcbur etmək mümkün deyil. 

Telefonuma zəng gəldi. Zəng vuran polkovnik Vəliyev idi.

-Salam, Bəxtiyar müəllim.

-Salam, Mahir müəllim.

-Bu gün səhər istədiyiniz məlumatların toplanılmasına göstəriş vermişəm. Hazır olan kimi xəbər verəcəm. Az əvvəl cənab general bizi toplamışdı. Yaranmış vəziyyətlə bağlı axtarışların istiqamətini bir qədər korrektə etdik. Yəqin işimizin daha da çətinləşdiyini, vaxtımızınsa necə daraldığını bilirsiz.

-Bilirəm, Mahir müəllim. Belə məlum olur ki, düşmən zərbəni iki tərəfdən vurmaq istəyir. Allahın köməkliyi ilə buna imkan vermərik. Siz əməkdaşları tələsdirin. O məlumatlar təkrar yoxlama tələb edir, çox vacibdir.

-Başa düşdüm.

-Sağ olun.

-Sağ olun.

Mahir müəllimdən Solominlə birgə məhbus həyatı yaşamış həmyerlilərimiz haqqında daha dolğun məlumat toplanılmasını istəmişdim. Həm ölənlər, həm də hazırda həbsdə olanlar barədə. Hər bir şeyi, ən xırda detalı, hətta, onların ailə tərkibi barədə məlumatları belə bilmək istəyirdim. Təbii ki, bu məlumatları toplamaq vaxt aparacaqdı. Hər-halda yeddi nəfər az deyildi. Ancaq onun bunu qısa müddətdə həll edəcəyinə əmin idim.

İndi həm bu, həm də Stepanın verəcəyi məlumatı gözləmək qalırdı. Mənsə artıq tanış parka çatmaq üzrə idim. Öz agentlərimlə bu parkda, daha doğrusu, Bakının bu sakit parkının ən gözdən uzaq hissəsində yerləşən çayxanasında görüşürdüm. Həmişəki kimi, tanış çayxana sahibinə əvvəlcədən zəng edib boş kabinələrdən birini saxlamasını tapşırmışdım. O da üç nömrəli kabinəni saxladığını demişdi. Görüş verdiyim «Tatar» ləqəbli agentim idi. Mesajla görüş vaxtını və kabinənin nömrəsini ona göndərmişdim. Həmişə eyni məkanda görüşdüyüm agentə başqa nəsə yazmağa ehtiyac yox idi. Mən bir qədər əvvəl gəlib kabinəyə keçir və çay sifariş verirdim. Həmin vaxtda ofisiant çayı gətirib gedir, düz təyin olunan vaxtda isə o gəlirdi. Gedərkən də eyni sxemdən istifadə edirdik. Bizi heç kim bir yerdə görməli deyildi.

«Tatar» ən qiymətli agentlərimdəndi. Şəhərin cinayət aləmində elə böyük bir fiqur olmasa da, orada baş verənlər haqqında çox məlumatlı biri idi. Onun bu olduqca maraq doğuran məlumatları haradan əldə etdiyi mənim üçün də müəmma olaraq qalırdı. 

Dəhlizdə rastlaşdığım ofisianta üç nömrəli kabinəyə iki nəfərlik çay gətirməsini tapşırıb içəri keçdim. Parka baxan pəncərənin pərdəsini bağlayıb stullardan birində oturdum. Otağın divarına bərkidilmiş kiçik televizoru işə salıb İctimai Televiziya kanalına köklədim. Az keçmiş bayaqkı gənc, iki stəkanla buğlanan çaydanı gətirib masanın üstünə qoydu və çıxdı. Hər iki stəkana çay süzüb gözlədim. Bundan beş dəqiqə sonra qapı astaca açıldı və «Tatar» içəri girdi. Xasiyyətimi bildiyi üçün salamlaşmadan keçib üzbəüzdə oturdu.

Heç nə demədən stəkanımı qaldırıb bir qədər soyumuş çayımı içməyə başladım. O da gülümsəyib mənim kimi etdi. Cəlb olunduğum məxfi əməliyyatla bağlı hansısa sualı yalnız dolayısı ilə verə bilərdim. Bunun üçünsə, ilk növbədə söhbətə birbaşa o məsələdən başlamamağım şərt idi. Qəsdən susur, onun özünün danışmağa başlamasını gözləyirdim. Nəsə bilib-bilməməsini öyrənmək istəyirdim. Təbii ki, baş verənlər barədə o, nəsə bilə bilməzdi, bu mümkün deyildi. Ancaq hansısa kriminal avtoritetin Rusiyadan qonağı gəldiyi və buna bənzər bir məlumatının olması mümkün idi. Onunla görüşməkdə də məqsədim, oxşar bir məlumat almaq idi. Hər şey ola bilərdi. «Koramal»ın Bakıya gəlişi barədə burada onun özü kimilərdən kimsə məlumatlı ola bilərdi, hətta kimləsə əlbir olması ehtimalı da istisna olunmurdu. Stəkanını boşaldan «Tatar» əlindən qoymadan ikinci dəfə doldurdu. Ancaq çayın qaynar olduğunu görüb masanın üstünə qoydu və pıçıltı ilə danışmağa başladı.

 

 “Ədəbiyyat və incəsənət”

(26.02.2024)