“Qəlbində bir işıq oyana bilsə...” - Əhməd Qəşəmoğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

tənha çiçək

titrəyən kölgələrin titrəyən qaranlığında,

bir çay qırağında tənha bir çiçək

hönkürür qəm içində...

 

dəymə qəlbimə, dəymə, çiçək...

gözəlliyin, kədərin

məni dəli edəcək...

 

taleyimiz nə qədər

oxşardı bir-birinə...

qaynayıb-qarışaydım

sənin ləçəklərinə...

 

əksin sulara düşdü...

axan su vuruldu sənə,

belə titrəmə, bir bax...

 

su axıb gedir, qəlbi

sənin məhəbbətindən

göynəyə-göynəyə...

 

axan su, bir az dayan,

bəs dalınca ağlayan

çiçəyə sözün yoxmu?

o çiçəyə oxşayan

gerçəyə sözün yoxmu?

 

dəymə qəlbimə, dəymə, çiçək

gözəlliyin, kədərin

məni dəli edəcək...

 

 

şeir

 

günəşin özü şeir deyil hələ,

şeir onun istisidi, işığıdı...

 

dənizin özü şeir deyil hələ,

şeir onun nəfəsidi, nəğməsidi...

 

sevgilimin özü şeir deyil hələ,

şeir onun ilqarıdı, vəfasıdı...

 

xəyallarım bulud-bulud

taleyimin dünyasında,

şeir onun şimşəyidi.

 

dərin suların dibindən

qaynayıb qalxan bulaq şeirdi...

 

sən yazmasan, özü gəlsə,

yeni dünyalar gətirsə,

səni də heyran eyləsə,

                                  şeirdi.

 

söz işığa bələnəndə,

                            çiçəkləyəndə,

haqqın özündən gələndə, şeirdi.

 

dünyanın içi ilə yeriməyə nə var ki...

dünya sənin içinlə yeriyəndə,

                                       şeirdi.

 

 

Nəsimi

 

Allah yaratdı insanı iki cahanın cahanı,

Hər insan yer üzüylə qəlbinin bir dastanı.

 

Baxma insan vücudu yer üzünün əsridi,

Qəlbinsə ərşə qədər bilinməz ol məkanı.

 

Qəlbi nurdan doğulan köklənir kainata,

Haqdan alır əmrini, olur haqqın  sultanı.

 

Hələ ki yer üzündə şərin öz hökmü çoxdu,

Ahəngdən uzaqdadı hələ yerin ərkanı.

 

Ahəngə-Allah yoluna çağırır insanları,

Dinlər, müdrik insanlar hər vədə bu dünyanı.

 

Görəndə ki, insanlar nizamdan üz çevirir,

Göy üzü Nəsimiylə qaldırdı o üsyanı.

 

 

Qəlbində bir işıq oyana bilsə...

 

Toz-duman alanda hər bir tərəfi

Bir addım qabaq da görünmür gözə.

Amma ki, yaxında, bəlkə, səninlə

İlahi bir aləm durub üz-üzə.

 

Bəlkə,  qızılgüllər bürüyüb səni?

Bəlkə, min əlvanlıq sehr içindədi?

Bəlkə də, dindirsən sən hər birini,

Görərsən hamısı eşq bürcündədi...

 

Hələ ruhdan  salır səni bu duman,

Hələ itirmisən özünü, qorxma.

Qəlbində bir işıq oyana bilsə,

Sənə yol göstərər, dumana baxma.

 

Köklən kainata, ətrafı unut,

Köklənsin ahəngə qəlbin telləri...

Gör dinən nəğmələr hara çağırır?

Ordadı ruhunun doğma elləri.

 

 

Kimin qəlbi hayandadır, kim bilir?

 

Görkəmiylə Yer üzündə insanlar,

Kimin qəlbi hayandadır, kim bilir?

Lap yan-yana, bir evdə yaşayanlar

Nə qədər yad, doğmadılar, kim bilir?

 

Qəlb doğmasa, çəkir insan insanı,

Qəlb hər zaman gəzir onu duyanı,

Duyan yoxsa, ögey görür dünyanı,

Küskün qəlbi kim dindirər, kim bilir?

 

Doğmalığa köklənmək bir nemətdi,                                              

Qəlbi dilləndirən nurdu, qüdrətdi,

Heyif  ki, çox insan buna həsrətdi,

Belə ömür, bəlkə, hədər, kim bilir?

 

 

Yer adamı deyiləm ki...

 

Yer adamı deyiləm ki,

Yerin dilini bilmirəm.

Yerdəkilər gülür mənə,

Mən də qoşulub gülürəm.

 

Yerdə qurulub bir büsat,

Çağırır məni hər saat,

Əgər odursa o həyat,

Mən o həyata gəlmirəm.

 

Bu yer üzü nə gündədi!

Kimlər iblis felindədi?

Dərd gözümdən yaş ələdi,

Gözümün yaşın silmirəm...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)