“Pulqabı“ - İlkin Əbəlfəzin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtundan İlkin Əbəlfəzin “Pulqabı” hekayəsini diqqətinizə çatdırırıq.

 

1-ci hissə

Dünəndən başladığım kitabın bir neçə səhifəsini oxuyub kənara qoydum. Artıq kitab oxumağa da əvvəlki kimi həvəsim qalmamışdı. Deyəsən, hər şey kimi bunun da dadı qaçmışdı. Hərəkətli bir günün sonunda üstümə çökən ağırlıq məni yatağa pərçimləmişdi. Nə qədər ürəyim çay içmək istəsə də, ayağa durmağa heyim yox idi. Yorulmuş gözlərimi qan çanağına dönənə qədər ovxalayıb dərindən gərildim. “Heç bir qadına, heç bir kişiyə oğurluğu yaraşdırmıram. Qəhbəliyin və oğurluğun ömrü qırx gündür. Sən o boyda yalan danış, oğurluq elə, sonra da yalandan yalvar ki, nolar məni bağışlayın?! Ay hay, haradadır o bəxt səndə? Hamı necə, sən də elə. İndi cəzalanarsan, ağlın başına gələr...”

Oxuduğum əsərdəki obrazları beynimdə mühakimə elədiyim vaxt telefonuma zəng gəldi. Tanımadığım nömrədən idi.

- Salam. Emin bəylə danışıram?

- Salam. Bəli, Emindir. Buyurun.

- Sizi polis şöbəsindən kapitan Əmir Əmirov narahat edir. Sizin barədə axtarış var. Siz bir həftə qabaq...

Dəstəyin o biri tərəfindən gələn səsi artıq eşitmirdim. Şiddətli ürək döyüntülərimin yaratdığı həyəcandan qulağımda yaranan uğultu onu tam eşitməyimə əngəl olurdu. Əllərim buz bağlamış, telefon qulağımda, gözümü bir nöqtəyə zilləyib hərəkətsiz dayanmışdım. Son sözündə polis məni sabah polis şöbəsinə dəvət etmişdi.

Onun telefonda şifahi verdiyi izahatla beynimdə yadıma düşənlər tam üst-üstə düşürdü. Yerimdən cəld sıçrayıb gödəkcəmin döş cibini yoxladım. Bəli, pulqabı orada idi. “Necə unutmuşam bunu! Çox pis. Amma yaxşı oldu ki, rəis zəng elədi. Sabah aparıb özlərinə təhvil verərəm.”

Ayağa durmuşkən ağlıma ilk gələn şey çay tələbatımı ödəmək istəyi oldu. Yaxşı ki çaydan isti idi. Bir fincan çay süzüb pəncərimin altındakı qızdırıcının yanında oturub qaranlığa baxdım. Çay qutarana qədər düşünməyə vaxtım var idi.

 

2-ci hissə

Bir həftə əvvəl...

Yanvar qış ayı olsa da, bu gün özünü yaz ayı kimi aparırdı. Səhərin hələ erkən saatlarına baxmayaraq, havada ilıq istilik vardı. Ancaq dünən günortadan başlayan çiskinli hava axşama doğru yağışa çevrildiyindən yollarda, səkilərdə su çalalarını görmək olurdu. Bununla belə hava gözəl idi. Avtobusdan düşüb iş yerimə qədər olan məsafəni iti addımlarla gedirdim. Saat doqquz olmağına beş dəqiqə qalmışdı. Yeni müdirimizin xasiyyəti o qədər pisdir ki, maksimum beş dəqiqə işə gecikən hər kəsi pulla cərimələyirdi.  Maksimum gecikməni də nəzərə alsaq, mənim hələ doqquz dəqiqəm vardı. Onuncu dəqiqəm cərimə idi. Qarşıdakı binanın tinindən sola dönəndə bizim ofis idi.

Maşın yolunu keçib bir mağazanın qarşısından keçirdim ki, yerdə xaki rəngli pulqabı gördüm. Ətrafımda heç kimin olmadığına əmin olduqdan sonra pulqabını götürüb içini yoxlamadan cibimə qoydum. Bir daha geriyə boylandım. Mənim beş addımımdan sonra bir yaşlı qadın nəvəsinin əlindən tutub nəsə danışa-danışa gəlirdi. “İnşallah, içərisində vəsiqə filan olar. Kimindirsə, ya polisə verərəm, ya da bacardığım qədər özüm tapıb yiyəsinə təhvil verərəm. Zavallı, bəlkə də, indi bunu axtarır” düşüncələri ilə işə çatdım.

Yenə eyni işlər, eyni insanlar, eyni ssenarilər. Monoton teatr səhnəsinin ruhsuz və ya əcəmi aktyorları kimiyik bu aralar. Ətrafımdakılardan heç kim ona verilən həyat rolunu ürəklə, can-başla oynamırdı. Hər hərəkətin sonunda mütləq bir narazılıq, bir hüzn hiss olunurdu. Ancaq hansısa başqa teatr səhnəsində hansısa başqa bir aktyor, mütləqdir ki, indi öz rolunu həvəslə, uğurla oynayır və həyat da buna görə həmin aktyorunu mükafatlandırırdı. Hədiyyənin isə “böyüyü-kiçiyi olmaz” deyiblər. Bir gün bu həyatın mənə də verəcəyi hədiyyənin ümidi ilə yaşamışam indiyə qədər...

 

3-cü hissə

Dedikləri vaxtda polis bölməsinin qarşısında idim. Telefonla son danışığımı yekunlaşdırıb binaya daxil oldum. “Əslində, nə qədər xoşum gəlməsə də, yaxşı ki, bu polislər var. Yoxsa ölkədə gör nə qədər problemlər olardı. Polis olmasa idi pul qabının yiyəsi də tapılmazdı. Görəsən, mənə zəng edən polis haradadır? Bunu verib, tez də gedərdim.”

Geniş girişdən irəliləyib bir sağ, bir sol dəhlizə boylanıb, otaqların üstünə göz gəzdirdim.

- Vətəndaş, dayanın. Siz kimi axtarırsınız?

Böyük şüşəli otaqdan bir polis əməkdaşı məni səslədi. Şüşənin üstünə “Növbətçi hissə” yazılmışdı.

- Mən Əmir bəyi axtarırdım, müəllim. Dünən zəng eləmişdi ki, bu gün üçün burada görüşək.

- Müəllim sənin dərs aldığın məktəbdə olur. Görmürsən ulduzları? Mən leytenantam.

- Bağışlayın, rütbənizə fikir vermədim, yoldaş leytenant.

Yaxşı yer deyil ki, adamın yolu tez-tez düşə, necə hərəkət edəcəyini, hara gedəcəyini və kimə necə xitab edəcəyini biləsən. Amma səhv məndə idi. Gərək rütbəsinə baxardım.

- Ə, yaxşı. De görək niyə gəlmisən? Şikayətin nədir?

Cibimdəki pulqabını çıxarıb ona uzatmaq istəyəndə bu vaxt dünənki nömrədən telefonuma zəng gəldi. “Əmir müəllimdir” deyib zəngi açdım.

- Sən şöbədəsən?

- Bəli, müəllim. Elə indicə çatdım. Siz haradasınız?

Cümləmi bitirməmiş zəngi söndürmüşdü. Heç beş saniyə keçmədi ki, qənşərimdə dayanan leytenanta zəng gəldi.

- Bəli, yoldaş kapitan... Yanımdadır... Emin sənsən, ə? - astaca başımı yellədim.- Dünənki oğru bu imiş, deməli?... Oldu, yoldaş kapitan.

Zəngi bitirən kimi uca səslə yanındakı köməkçisinə göstərişlər verdi:

- Tez ol, bunu sal kameraya. Ə, elə bil ki, üç gün olar, bunun işini mən araşdırıram.

Yerimdə donub qalmışdım. Dünən danışmışdıq ki, pulqabını təhvil verib gedəcəyəm. İndi rastlaşdığım mənzərə tamam başqa idi. Nəsə demək istəsəm də bayaqkı leytenant məni susdururdu.

- Vətəndaş, rəis kameradan bizə baxır. Zəhmət olmasa, cibinizdə nə qədər metal əşya varsa çıxarın buraya qoyun. Açar, telefon, boyunbağı...- Köməkçisi nisbətən mülayim tərzdə davranırdı. Bəlkə bu, mənə düşdüyüm vəziyyətdə kömək edə.- Kəmərinizi də çıxarın, zəhmət olmasa.

“Növbətçi hissə” ilə üzbəüz iki otaq var idi. Məni sağ otağa saldılar. Deməli, kamera bura imiş. Qorxu və qəhər məni boğdu. Çox keçmədi ki, bayaqkı polisin simasını dəmir barmaqlıqlar arxasından gördüm.

- Deməli, həminki oğru sənsən, ə? Neçə gündür biz də səni axtarırıq.

- Rəis, bu qoçaq neyləyib ki?

Köməkçisi ilə leylenant əl-ələ verib gülüşdülər.

- Ə, kameralardan tapdığımız oğru budur da. Niyə yadından çıxıb ki? Camaatın pulqabını, obyektləri “şumon eləyib”.

- Ay müəllim, sizin qadanız alım, nə “şumon”, nə oğurluq? Mən hansı obyektdən oğurluq eləmişəm? Kimin pulqabını oğurlamış?

Səsimdəki qəhərdən çox danışa bilmədim. Nəmlənən gözlərimi silib əllərimlə dəmir barmaqlıqlardan bərk-bərk yapışdım.

- Mən heç bilmirəm ki, siz məni buraya niyə saldınız? Mən Əmir müəllimi görüb gedəcəkdim.

Əlbəttə, sözümə məhəl qoymadan telefonu ilə məşğul idi. Köməkçisi əlindəki kağızı oxuya-oxuya otaqdan dəhlizə çıxdı:

- Zərərçəkmiş burada qeyd edib ki, pulqabımda üç yüz əlli dollar pul, yüz manata qədər milli valyuta, şəxsiyyət vəsiqəsi və bank kartları olub. Rəis, bax gör hamısı yerindədir?

- Əlbəttə, yerindədir. Mən heç onun içini açıb baxmamışam. Heç kimə aid olduğunu da bilmirəm.

Leytenant pul qabını yoxlayaraq yenidən gülməyə başladı:

- Ə, Fuad, mən sənə deyirəm bu oğrudur, camaatı “şumonlayır”, sən hələ deyirsən ki, pulqabını yoxla? Ə, mənə inanmırsan ki, sən bəs niyə? Budur bax, burada iki yüz dollar, qırx beş manat da xırda pul var.

Nə deyəcəyimi bilmirdim. Bu mümkünsüzdür. Dedikləri ağ yalandan başqa bir şey deyildi. Dəqiq yadımdadır ki, həmin gün mən o pulu tapanda heç içini açıb baxmamışdım, nəinki içindəki pulu götürəm. Mən bunu eləməmişəm axı.

 Özləri üçün danışıb gülüşürdülər. Diqqətimdən bir şey də qaçmadı. Bayaqdan bəri “rəis” deyən köməkçi, “ə”lərini sıralayan leytenantdan yaşca böyük görünürdü.

- Gedib pulları dəyişdirib bir həftədən sonra üzə çıxmısan. Dünən biləndə ki, buraya gələcəksən, tez pulları qoydun yerinə? Ə, bəs xərclədiyin pullar hanı? Onları gətir ey, buraya.

İnsan nə qədər həyasız olarmış?! Göz görə-görə üzə durmaq belə olurmuş. Eləmədiyim bir günahın əvəzini ödəyirdim. Onlara pula əl vurmadığımı sübut edə bilmirdim. Gücüm yalnız yalvarış dolu ifadələrə çatırdı.

- Mən o pulqabını kiminsə cibinə girib oğurlamamışam. Bəli, yerdən tapmışam. Gördüm, götürdüm qoydum cibimə. Yadımda idi ki, yiyəsini tapıb təhvil verim. Sonra necə oldusa, yadımdan çıxdı. Pulu cibimə necə qoymuşdumsa, elə də indi sizə verdim. Mənim heç bir suçum yoxdur, yoldaş... Adınız yadımdan çıxdı.

- Mənim adımı neyləyirsən ki? Ə, Həsən, tutaq ki. Sonra? Kameralara bir-bir özüm baxmışam ey. Pul qabını görürsən. Əyilib yerdən götürüb xəlbətcə cibinə qoyursan. Ətrafa da boylanırsan ki, heç kim görməsin. Sonra tez oranı tərk edirsən. Özüm incələmişəm ey, bir-bir.

- Bəli, düz deyirsiniz. Mən o pulu oğurlamamışam, yerdən tapmışam. Mənim yeganə səhvim həmin vaxt polisə məlumat verməməyimdir. Sonradan isə...

Leytenantın iti baxışlarının arxasında ilan görürdüm. Sanki bəbəklərinin kənarı boyu sürünən ağ ilan nifrətini düz üstümə sıçradırdı. Məni baxışları ilə zəhərləmişdi.

- Mən dünən Əmir müəllimlə danışmışam. Xahiş edirəm, məni onunla görüşdürün.

- Bu gün bazardır. Kapitan işə sabah gələcək. Bugünlük qonağımızsan.

Köməkçi deyəndən sonra yadıma düşdü ki, bu gün bazar günüdür. İş günü deyil axı. Yəqin ki, Əmir müəllim, həqiqətən, bu gün işə gəlməyəcək, sabah gələcək.

- Qardaş, ağlayıb özünü çox üzmə. Onsuz da bu gün buradayıq. Gəl otur, söhbət edək.

Arxadan gələn səsə diksindim. Sən demə, kamerada məndən başqa da adam var imiş. Necə fikirli olmuşam ki, heç onu görməmişəm.

 

 

4-cü hissə

  Bir gün yaranan, bir gün də ölüb gedəcəkdir. Həyatda milyardlarla insan var və bu o deməkdir ki, ən az milyardlarla da həyat tərzi var.

Bir nəfər düşünün. Bütün həyatı boyu çalışır, vuruşur, dişi ilə, dırnağı ilə crımaqlaya-cırmaqlaya nəsə qazanmağa çalışır. Onun alın təri ilə qazandığı bir qarın çörək dünyanın başqa bir yerində başqa bir adamın zəhmətsiz qazandığı var-dövlətdən daha dəyərli olur. Çünki başqa yerdəki həmin adam topladığı var-dövləti könül xoşluğu, can rahatlığı ilə yeyə bilmir. Hər dəqiqəsində başının üstünü alacaq qara buludların onu üstələyəcəyini bilir. Ancaq bizim düşündüyümüz zəhmətkeşin isə hər tikəsi ona halaldır və yediyi çörəyin dəyərini anlayır. Həyat, məhz, belə insanlara görə dəyərlidir. Necə deyərlər, dünya onlara görə hələ də fırlanır....

İş rejimim, işim nə qədər çətin olsa da, gördüyüm işi sevirdim. Səhərin qaranlığından axşamın qaranlığına qədər çöldə olur, Bakı küçələrini qarış-qarış gəzirdim. İşim şirkətin məhsullarını müştərilərə təqdim etmək və satışını həyata keçirməkdən ibarət idi. Aylıq maaşım o qədər çox olmasa da, əlavə bonuslarla birlikdə özümü dolandıra bilirdim. Bu yerdə subaylığın xeyrini görürdüm.

Havalar da bizim kimi dəyişkən keçirdi. Gün ərzində dörd fəslin dördünü də yaşamaq mümkün idi. Səhərlər payızı xatırladan sərin külək və soyuqluq, günortaya doğru aprelin, mayın mülayim istiliyi, günorta beşə kimi əsl yay havası, axşama doğru isə dönən hava, alatoranlığın içində zəif küləklə müşahidə olunan sulu qar və qar havası insanların həyat tərzinə təsirsiz ötüşmürdü. Küçədə kimi nazik pencəkdə, qalın gödəkcədə, kimi də paltoda, uzun plaşda o yan-bu yana var-gəl edirdi. Bu aralar mən də geyimimi bir neçə dəfə dəyişmiş, ən sonda çox sevdiyim boz rəngli paltoda qərar tutmuşdum. Bu paltonu iki-üç il əvvəl almışdım. Çox keyfiyyətli çıxmışdı. Havalar açılsa idi, nazik pencəyə keçərdim. Qalın gödəkcələr, soyuq havalar mənlik deyil.

 

 

5-ci hissə

- Səni niyə tutublar?

- Öz səhvimin ucbatından. Kaş eləməzdim.

- Kim öz xoşundan bura gəlir ki? Hamı bir səhvə görə bura düşür də.

Sözüm kamera yoldaşımı məmnun eləməmişdi. Üzünü turşudub, əlləri ilə başını tutdu.

Cavabın gəlməyəcəyini görüb gözümü ondan çəkdim. Kamera dedikləri balaca dəmir çərçivəli nəfəslikdən və iki matrasdan ibarət idi. Matrasın biri dəmir taxtın üstünə, digəri isə quru döşəməyə sərilmişdi. Matrasların rəngi çirkdən qaralmışdı, üzərlərində ayaqqabı izləri aşkar görünürdü. Bir neçə yeri cırılmış, siqaret yanıqları var idi. Nəfəsliyin altındakı qızdırıcının üzəri siqaret kötükləri ilə dolu idi. Qızdırıcı işləyirdi, ancaq içəridə ağır hava vardı.

- Məni xoruz döyüşdürdüyümə görə tutublar.

- Xoruz döyüşdürdüyünə görə? Bu cinayətdir ki?

- Hmm...- kamera yoldaşım başını yellədi.- Deyirlər qumardır, qumar oynamısan. Adım Seyrandır. Bu tərəflərdə hamı məni Sako kimi tanıyır.

- Mən də Emin. Şad oldum.

- Birinci dəfə deyildi xoruz döyüşdürürdüm. Qazancımız bundan çıxır, neyləyim? Bu dəfə kimsə polisə xəbərçilik elədi.

- Yəni qumar oynadığını boynuna alırsan?

Cavab vermədi. Bir az keçmiş növbəti sualımı verdim:

- Heç bir yerdə işləmirsən ki? Ali təhsilin yoxdur?

- Yox. İş var ki, işləyəm? Hara gedirəm sənət istəyirlər, diplom istəyirlər. Qaqaş, iyirmi üç yaşımda da ata əlinə baxmalıyam? Mən də belə dolanıram da, neyləyim?

Səs tonunun qalxdığını hiss edib tez yavaşladı. Nəsə demək istəsə də, bu dəfə susdu.

- Səsini eşidərlər. Yavaş danış. Yaxşı, bəs həmişə elədiyin şeyi indi niyə xəbərləyirlər ki?

- Bilmirəm, amma mən qonşumuzdan şübhələnirəm. Bu aralar qazancım yaxşı olurdu. Yaxşı pul qazanırdım. Bir-iki gün qabaq da məndən borc istəmişdi. Verməmişdim. İndi fikirləşirəm ki, yüz faiz o deyib.

 Dayandı. Altdan yuxarı sərt baxışlarla süzüb davam elədi:- Bəs sən niyə tutulmusan? Eşitdiyimə görə oğurluq eləmisən.

- Oğurluq eləməmişəm. Yerə düşən pulqabını tapmışam. Sadəcə yadımdan çıxıb qalıb başqa gödəkcəmin cibində. Səhvim də odur ki, vaxtında polisə deməmişəm.

Matrasın bir tərəfində də mən oturdum. Həyəcandan nəfəsim daralırdı. “Allahım, nə olar məni bağışla. Mən bir səhv elədim. Sən məni əfv et. Sən bağışlayan və mehribansan. Nolar məni bu quyudan xilas elə!” Bayaqdan bəri bildiyim bütün surələri, duaları gah pıçıltıyla, gah da uca səslə deyirdim. “Əstəğfurullah”, “sübhənallah”, “Lə həvlə və lə quvvətə illa billah” zikrləri dilimdən düşmürdü.

- Qaqaş, sən canın bəsdir. Bayaqdan eləmədiyin dua qalmadı. Bu işlər dua ilə, aminlə düzələn işlər deyil. Dayan, görək neyləyirik.

Dediyi kimi də elədim, susdum. Ancaq içimdə hələ də bir qorxu, həyəcan var idi. Gecəni bu dörd divar arasında qalmaq istəmirdim. Ümumiyyətlə, burada qalmaq istəmirdim. Bilmədən elədiyim bir səhvə görə burada idim. Heç evdəkilərin də xəbəri yoxdur ki, mən buradayam. Kaş onlara zəng edə bilərdim.

- Qaqaş, elə bilirəm ki, səni tez buraxacaqlar. Sənə atamın nömrəsini deyəcəyəm. Çölə çıxan kimi atama zəng edib deyərsən ki, Sakonun vəziyyəti pisdir. Onu bu gün mütləq oradan çıxardın. Mütləq!

Sonra üç-dörd dəfə telefon nömrəsini təkrarladı. Ona “yadımda qaldı” desəm də, yerindəcə unutdum. Çünki bu dəqiqə hansısa rəqəmləri yadda saxlayacaq halda deyildim. Kaş Əliyə zəng edə biləydim. Əli mənim uşaqlıq dostumdur. Bir-birimizə çətin vaxtlarımızda az dəstək olmamışdıq. Ən azından olduğum yeri bilərdi. Yanıma gələrdi. Məni buradan çıxardardı. 

Vaxt keçdikcə başımın ağrımasından aclığımı da hiss edirdim.

Vaxt ağır gedirdi. Qolumdakı saatı da bura girəndə çıxarıb köməkçiyə təhvil vermişdim. Saatdan xəbərimiz yox idi. Bura çox ağır bir yer imiş. Bir anlıq fikrim beşillik, onillik, ömürlük cəza çəkənlərə getdi. Görəsən, onlar nə düşünürdülər indi? Bura hələ normal şəraitli kameradır. Bəs, görəsən, ağır şəraitdə cəza çəkən dustaqlar nə edirdilər? Mən bir gün burada dözə bilmirəm, illərini həbsxanalarda çürüdənlər nə fikirləşirlər, görəsən?

Gözüm divardakı yazılara sataşdı. “Ruslan Biləcəri”, “Namiq Nasosnu”, “Lənkəranlı Əli”, “Oruc Qazax 11.01”... Oruc dörd gün qabaq burada olub. Ay Oruc, sənin nə işin var axı buralarda ki, gəlib kameraya düşəsən? Gör nə qədər yazılar var. Hər kəs də bir yazı yazıb gedib. Bakı mavi balina kimi ağzını açaraq minlərlə insanı bu qaranlıq sularda udmağa davam edir. Bir də ki, Bakının nə günahı var axı, sən əgər düzgün yaşaya bilmirsənsə?

 

***

Kamera artıq doğmalaşır, yaşadığım dəqiqələr adiləşirdi. Kamera yoldaşım Seyran qardaşının gəlişi ilə azadlığına qovuşmuşdu. Çıxarkən mən də ona dostumun nömrəsini əzbərlətmişdim. Artıq bir saatdan çoxdur ki, Əlidən xəbər yox idi. Yəqin ki, Seyran da mən elədiyim kimi etmişdi, nömrəni unutmuşdu.

Yandakı kameraya ayrı-ayrı vaxtlarda iki nəfər gətirdilər. Birincisi taksi sürücüsü idi. Yardımlıya getmək istəyən xanım müştəriyə əxlaqsız təklif edibmiş. Müştəri də bütün danışıqları gizli kameraya çəkib yerindəcə polisə şikayət edib. İndi xanımın rayonundan zəng gözləyirdilər ki, onu oraya yola salsınlar. Taksi sürücüsünün isə heç nə vecinə deyildi. Bayaqkı leytenantın suallarına dilucu cavablar verirdi.

- Xoşum gəldi, danışmaq istədim.

- Dedim nömrəni ver, əlaqə saxlayarıq. O da vermək istəməyəndə, məcbur zor tətbiq elədim.

- Dədəmin goru, boş ev də var. Razı olsa idi, ürəyi istədiyi qədər kirayə qala bilərdi. Səydi da.

Çox maraqlı insandır. Buna baxanda mənim elədiyimə şükür. 

Digər tutulan isə ağac kəsdiyinə görə kamerada idi. O, nisbətən günahsız idi. Dediyinə görə, adi fəhlədir. Müştərisi mağazasının qarşısına talvar qurmağı tapşırıb. Bu da dəmir sütunları betonla bərkitdikdən sonra talvarın üstünü bağlamaq üçün mağazanın qarşısındakı ağacın budaqlarını kəsməli olub. Və sonra da bura gətirilib. Əslində, bir neçə saatın içində burada çox şey öyrəndim. Dar çərçivəli həyat tərzindən çıxıb ətrafa geniş düşüncə ilə baxmaq lazımdır. Həyatda gərək hər zaman diqqətli olasan.

Bir neçə saat da keçdi. Artıq növbə dəyişir, işçilər şöbəni tərk edirdilər. Bu müddət ərzində çox xahişdən sonra bir dəfə telefonla danışmağıma icazə vermişdilər. Əliyə burada olduğumu və özünü təcili yanıma çatdırmağını demişdim. Nəfəslikdən çöldəki havanın artıq qaraldığını görmək olurdu. Qızıdırıcının sağ tərəfində ürəyin içərisində yazılmış yazı isə məni bir az da məyus eləmişdi. “Anam xəstədir. İllərdir iynə-dərmanını güclə alıram. Tək övladı mənəm. Atam bizi tərk edib. Axırda gücüm çatmadı. Aptekə girib soyğunçuluq elədim. Aptekçinin üstünə bıçaq çəkərək, anama lazım olan dərmanları artıqlaması ilə götürdüm. Sonra da özüm polisə təslim oldum.” Allah köməyin olsun. Gör necə həyatlar var dünyada?! Bu günümüzə nə qədər şükür etsək azdır!....

 

6-cı hissə

Metro həmişəki kimi basabas idi. Monitorda “Dərnəgül” yazısı yazılanda hamı gələn qatara minmək üçün irəli şığıdı. Mən irəlidə olduğum üçün çox da əziyyət çəkmədim. Kütlə özü məni içəri itələmişdi. İki stansiyadan sonra boş yerlərin birində oturdum. Günün verdiyi müdhiş yorğunluq ayaqlarımdan süzülüb bədənimi tərk edirdi. Bütün varlığımla, ruhumla bu gün həyəcan və qorxu hisslərinə təslim olmuşdum. Tamahıma məğlub olub ondan qat-qat ali olan qürur hissimi tapdalamışdım. Özüm öz gözümdə zəifləmiş, alçalmışdım.

Oturduğum yerdə başımı qaldırıb heç kimin üzünə baxa bilmirdim. Hamı məni günahkar hesab edirdi. Hamının beynində bir fikir var idi: “Gərək vaxtında polisə məlumat verərdin.” Elə bil hamının mənim bugünki göz yaşlarım və yalvarışlarımdan xəbəri var idi. Utanırdım. Kiminsə üzünə baxmağa utanırdım. Üzbəüzümdə oturan yaşlı kişi sərt baxışlarla düz gözümün içinə baxırdı. Elə bil o baxışlarla mənə “Əgər sənin şəxsi marağın olmayıbsa, mənim ölümə-dirimə lənət olsun!” deyirdi. Yanımda oturan qadın hərdənbir çevrilib mənə baxır, başını yelləyirdi. Bu da yəqin ki, “Boynundan, buxunundan utanmırsan? Bu yaşda oğurluq edirsən? Ayıb olsun!” deyirdi. “Bu, niyə başını yelləyir? O, niyə mənə elə baxır? Yoxsa bunların da bu gün olanlardan xəbəri var?”

Operatorun çoxdan gözlədiyim səsini, nəhayət ki, eşitdim. “Qapılar bağlanır! Növbəti stansiya “Memar Əcəmi”!”

Çox şükür bir stansiya qaldı. Artıq bunların əzici baxışlardan azad olurdum. Azadlıq çox gözəl şeydir. Gərək qədrini biləsən. Ancaq, həqiqətən də, bəzi şeylərin ömrü çox qısa olurmuş!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)