MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

-Haqlı sözün qarşısında nə demək olar. Solomin yoldaşların gözündən yayınmağı bacarıb.

-Bəs niyə belə əminsiniz ki, o Bakıya gəlib, bunu təsdiqləyən nəyiniz var əlinizdə? Əlbəttə, buradasansa, deməli, bu sualın konkret cavabı var. Mən bunun necə müəyyən olunduğunu bilmək istəyirəm.

-«Koramal»ın «yoxa çıxdığı» gündən bu günədək Rusiyadan Bakıya səfər etmiş bütün şəxsləri yoxladıq. Əlbəttə, tək birbaşa reyslərlə gələnləri yox. Gürcüstan vasitəsilə gələn Vasiliy Dımok adlı birinin adı diqqətimizi çəkdi. Yoxlamalar zamanı Dımokun evsiz-eşiksiz biri, bizim dildə desək, «bomj» olduğu məlum oldu. Belə birisinin birdən-birə təyyarə ilə Gürcüstana, oradan da Bakıya uçmaq həvəsinə düşməsi heç ağlabatan deyildi. Axtarışlar nəticəsində Dımokun yeri müəyyən edildi. Məlum oldu ki, bir neçə il əvvələdək normal həyat tərzi keçirən, evi, özünə görə maddi imkanı, səfərlər etmək üçün xarici pasportu olan və sonradan spirtli içkiyə aludə olub hər şeyini itirmiş Dımok heç yerə getməyib. Moskvanın Noqinsk vilayətində məskunlaşıb və oradakı zibil qutularına atılmış boş şüşələri toplayıb təhvil verməklə başını girləyir. Sənədlərinin harada olmasından isə xəbəri yoxdur.

-Düşünürsünüz ki, yüksək hazırlıq keçmiş biri «bomj» dediyiniz birinin sənədi ilə ölkəni tərk etməklə belə sadə bir səhv buraxıb? Solomini hazırlayanlar bu qədərmi axmaqdırlar? Axı, onlar Solomin yoxa çıxdıqdan sonra bütün halların yoxlanacağını hesablamalı idilər?

 -Razıyam. Amma əvvəla o da, onu hazırlayanlar da tərəfimizdən deşifrə olunduğu və izlənməsi barədə məlumatsızdırlar. Bu səbəbdən, sənin «yoxa çıxmaq» dediyin, onun üçün sadəcə evini tərk etməkdir. Evinisə, hər ehtimala qarşı kəşfiyyat məktəbində ona öyrədildiyi kimi, özünə məlum olan üsulla tərk edib. Kəşfiyyat məktəbi keçmiş biri əməliyyata başlaması haqqında tapşırıq alarkən belə də etməli idi. Moskvadan da ki, bilirsən, müxtəlif istiqamətlərə yüzlərlə reyslər var. Bu reyslərlə on minlərlə sərnişin uçur. Bu dediyim hələ təkcə hava yollarına aiddir. Təkcə həmin sərnişinləri yoxlamaq üçün yüzə yaxın əməkdaş günlərlə fasiləsiz yoxlamalar aparıblar. Fikrimi tutdun?

-Başa düşürəm. Onun terrorçu kimi hazırlandığının tam məxfi qaldığına əmin olduqları üçün bu tapşırığı verənlər əldə etdikləri o sənəddən belə arxayınlıqla istifadə ediblər. Həm də Dımokun sənədi yalnız bir dəfəlik, ölkəyə giriş məqsədi ilə istifadə olunub. Əminəm ki, buradakı rezidentləri onu çoxdan başqa sənədlə təmin edib.

-Tamamilə doğrudur, dostum.

-Saxta «Dımok»un Gürcüstandan Bakıya gəldiyi təyyarə reysi məlumdur. Hava limanının və onun sonrakı marşrutu boyu olan kameraların həmin tarixdəki görüntüləri heç nə verməyib?

-Kamera qeydləri var, amma nəticə yoxdur. Eynilə mənim kimi gəlib təyyarədən düşür, sonra avtobusa minib mərkəz istiqamətində gedir. Bundan sonra izi itir, harada avtobusu tərk etməsi məlum deyil. Böyük ehtimalla avtobusda hiss etdirmədən qiyafəsini dəyişdirib.

-Bəs, şəkli əlimizdə olan birinin yerini, bu günü saymasaq, son on iki gün ərzində müəyyən etməyə nə mane olub?

-Bu sualın iki cavabı var. Ya o zərurət olmadığı üçün qaldığı məkandan çölə çıxmır, ya da ki, gəldikdən sonra qrimlənib özünü burada ona verilmiş saxta sənəddəki şəkillə eyni görkəmə salıb rahatca gəzir. Özün başa düşürsən, adi bir süni saç insanı nə qədər dəyişdirir. Yəqin bütün indi dediklərimizi onlar nəzərə alıblar.

Nazirliyin yerləşdiyi binaya çatmağa az qalmışdı. Stepanla yenə görüşməyə vaxtımız olduğunu bildiyim üçün ona hələlik son sualımı verdim:

-İndi planın necədir?

-Vəziyyətlə bağlı digər Nazirlikdə qərargah yaradılıb. Hazırda kolleqalarımız oradadırlar. Sizin general qərargah rəhbərinin müavinidir. Bir azdan onun yanında müşavirə olacaq. Müşavirədən sonra istiqamətlər bilinəcək.

Daxili İşlər Nazirliyinin arxa küçəsində maşını saxladım.

-Onda zəngini gözləyirəm.

-Hələlik.

-Hələlik.

Stepan düşüb Nazirliyin girişinə tərəf getdi. Burada maşın saxlamaq qadağan idi. Mənə tərəf gələn polis nəfərini görüb əlimlə ona işarə etdim və maşını yerindən tərpətdim. Tərpənməzdən əvvəl güzgüdə məndən xeyli arxada gəldiyim küçədə dayanmış qara maşına baxdım. Bu maşın yol boyu arxamca gəlmişdi. Maşındakıların Stepanı müşayiət etmək üçün göndərilmiş əməliyyatçılar olduqlarını bilirdim. Belə də olmalı idi. İstənilən halda Daxili İşlər Nazirliyinin belə yüksək vəzifəli qonağı müşayiət olunmalı idi. Hətta, özü bundan imtina edibsə belə. Protokol qaydaları bunu tələb edirdi. Nazirliyin binasının tinindən sola dönüb sürəti artırdım. Evə qayıdacaqdım. Hələ ki, edəcək bir şey yox idi.

 

 “Ədəbiyyat və incəsənət”

(19.02.2024)