MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Yolun sol zolağına keçib sürəti artırdıqdan sonra əlimi uzadıb Stepanın əlini sıxdım:

-Salam, əziz qardaşım.

-Salam, Baxa.

-Nə qədər vaxtımız var?

-Məni sizin nazirliyin yaxınlığında düşür. O vaxta qədər lazım olanı sənə izah edəcəyəm. Sonra rahat görüşüb oturmağa vaxtımız olacaq. Sabah axşamadək buradayam.

-Onda, başla.

Stepan çox uzatmadan mətləbə keçdi.

-Söhbət Bakıda törədiləcək terror aktından gedir.

Bu gözlənilməz məlumat idi. Bəs belədirsə, niyə bu işlə Moskva Cinayət Axtarışı İdarəsi məşğul olur? Fikirləşdiklərimi ucadan səsləndirdim:

-Bildiyimiz qədər belə məsələlərlə başqa dövlət qurumları məşğul olur.

Stepan bu sualı gözləyirdi.

-Elə olmağına elədir, Baxa. Ancaq bu dəfə vəziyyət bir qədər başqadır. Altı ay əvvəl bizim Federal Təhlükəsizlik Xidməti olduqca maraqlı bir məlumat alıb. Beyrutda yerləşən, diversantlar hazırlayan tam məxfiləşdirilmiş bazada bir il müddətində ən yüksək səviyyəli mütəxəssislərdən təlim almış rus millətindən olan üç vətəndaşımız Moskvaya qayıdıb. Həmin ölkədən gəlmiş yüzlərlə rusiyalını təhlil edən federallarımız, nəhayət ki, bir ay gərgin çalışmalardan sonra onların kimliklərini müəyyən edə bilib və gizli nəzarətə götürüblər. Bu adamlar hələ ki, sakit həyat tərzi yaşamaqdadırlar. Daha doğrusu onlardan ikisi. Biri isə iki həftə əvvəl qəfildən yoxa çıxmağı bacarıb. Bunun nə demək olduğunu sən gözəl başa düşürsən. Deməli o, aktiv hərəkətə keçməyə hazırlaşır.

«Koroğlu» metrosunun yanından keçib sürət həddini endirməyə başladım. Vəziyyət heç yaxşı olana oxşamırdı. Söhbət hansısa adi cinayətdən yox, hər an gözlənilən terror aktından gedirdi. Hədəf isə Bakıdır. Stepanın dedikləri buna dəlalət edirdi. Lazım olan sürətə endikdən sonra mənə məsələnin ən maraqlı olan tərəfini izah etməsi üçün gözlərimi yoldan ayırmadan dedim:

-İndi bütün bu danışdıqlarının mənim doğma şəhərimlə nə əlaqəsi olduğunu açıqla, dostum.

Stepan birdən-birə qanımın necə qaraldığını hiss etdi. Əlini çiynimə qoyub dedi:

-Darıxma, Baxa. Bakı mənim üçün də doğmadır. Hər şey yaxşı olacaq. Sonra davam etdi: kolleqalarımız o üç nəfərin kimliyini müəyyən etdikdən sonra onlardan birinin bizim «müştəri»miz olduğu məlum olub. Başqa sözlə, üç nəfərdən biri, ömrünün on doqquz ilini Rusiyanın ən ağır rejimli cəzaçəkmə müəssisələrində keçirmiş, iki dəfə ölüm hadisəsi törətdiyinə görə cəza çəkmiş, indiyənə qədər heç bir həbsxana rejiminin, hətta təkadamlıq kamera şəraitinin «sındıra» bilmədiyi «Koramal» ləqəbli qatı cinayətkar İvan Andreyeviç Solomindir. Təəccübləndin?

Stepan bunları dedikcə bəzi şeyləri təxmin etməyə başlayırdım. Ancaq hələ ki, çox az şeyi. O isə cavabımı belə gözləmədən davam etdi:

-Mən də çox təəccübləndim, Baxa. Biz öyrəşmişik ki, cinayətkarlar, xüsusilə, «Koramal» kimi residivistlər yalnız öz qanunları ilə yaşayır, terror və sair kimi işlərə heç vaxt qarışmırlar. Ancaq bayaq dediyim kimi, burada vəziyyət bir qədər başqadır. Elə ona görə də, kolleqalarımız bizim də bu işə qatılmağımızı istəyiblər və məsələ ən yüksək dairələrdə razılaşdırılıb. Digər iki nəfər, hətta günü bu gün uçub Bakıya gəlsələr belə, onların bizə heç bir aidiyyəti yoxdur. Onlarla federallar məşğul olurlar. Söhbət sırf Solomindən gedir. Qatı cinayətkar kimi onun xarakterinə, vərdişlərinə, işləmə üsullarına yaxşı bələd olduğumuzu nəzərə alan rəhbərlik tam məxfiləşdirilmiş belə bir əməliyyatda qüvvələrimizi birləşdirməyi məqsədəuyğun hesab edib. İndi isə, sənin sualına cavab verim: İvan Andreyeviç Solomin, əlli üç yaşındadır, düz otuz beş il əvvəl, on səkkiz yaşında olanda yaşadığı Moskva şəhərindən hərbi xidmətə çağırılıb. Ermənistanın Spitak rayonunda hərbi xidmətdə olub. Yeri gəlmişkən, məsələyə dəxli olmasa da, hərbi xidmətdə olarkən Spitakda baş vermiş dəhşətli zəlzələnin də canlı şahidi olub. Orada ermənilərlə möhkəm dostlaşıb və hərbi xidməti başa vurduqdan sonra da əlaqələrini saxlayıb. Bu səbəbdən də tez-tez oraya gedir. Əlbəttə, həbsdə olduğu illər istisna olmaqla. Fiziki cəhətdən olduqca sağlam, psixoloji cəhətdən son dərəcə iradəli biridir. Elə bundan və ermənilərə olan sonsuz sevgisindən istifadə edib onu əməkdaşlığa cəlb ediblər. Buna könüllü razılıq verib, yoxsa məcburiyyət qarşısında qalıb, hələ ki, müəyyən etmək olmayıb. Ancaq fakt faktlığında qalır-Solomin Ermənistan xüsusi xidmət orqanları, yaxud da müstəqil fəaliyyət göstərən erməni terror təşkilatlarından biri tərəfindən xüsusi məqsədlərlə istifadə edilmək üçün Beyrutda hazırlıq keçmiş üç nəfərdən biridir. Bundan başqa, kolleqalarımız müəyyən ediblər ki, Beyruta göndərilməzdən əvvəl o, qısa müddət ərzində iki dəfə turist kimi Bakıya gəlib və bir neçə gün qaldıqdan sonra geri qayıdıb. Görünür, çox uzağa gedən planın tərkib hissəsi kimi şəhəri tanımaq, lazım olan məkanları bələdləmək tapşırığı alıbmış. Hansı məkanları, təəssüf ki, bunu da müəyyən etmək mümkün olmayıb. İki ay ərzində bunları öyrəndikdən sonra analitiklərin gəldiyi yekdil qənaət həmin üç nəfərin məhz Bakı şəhərində terror aktı törətmək məqsədi ilə hazırlanıb müvəqqəti «konservləşdirildikləri» oldu. Çünki həm də müəyyən olunub ki, digər iki nəfərin də Ermənistanla sıx əlaqələri var. Belə təsadüf olmur, özün bilirsən. Dörd ay əvvəlki gəlişim də məhz bununla bağlı idi. Aprel və mayaylarını təhlillərə həsr etmiş ən güclü mütəxəssislərimiz bu qənaətə gəliblər ki, onsuz da dünya ölkələri tərəfindən terrorçu dövlət kimi tanınan Ermənistanın, son illərdə siyasi arenada dayaqlarının çox zəiflədiyi də nəzərə alınarsa, belə bir addıma hazırlıq görməsinin arxasında konkret səbəb dayanır. Yəni, məsələnin olduqca maraqlı tərəfi var. Onlar axmaq deyillər, Baxa, gözəl başa düşürlər ki, indi doxsanıncı illər deyil. Ancaq bununla belə hər şey onların bu addıma hazırlaşdıqlarını təsdiqləyir. Bu halda, belə bir addım atacaqlarının çox tutarlı səbəbləri olmalıdır. 

Səməd Vurğun bağının tuşuna çatanda tıxaca düşdük. İçəri bir qədər hava gəlməsi üçün pəncərənin şüşəsini endirdim. Ancaq hava əvəzinə içəri avtomobillərin buraxdığı qazların dolduğunu görəndə tez də fikrimi dəyişib şüşəni qaldırdım. Bunu görən dostum gülümsədi:

-Bütün böyük şəhərlərin ən böyük problemi. Moskvada bəzən kilometrlərlə ölçülən tıxaclar olur, buna uyğunlaşmaqdan başqa çarəmiz yoxdur.

Stepanın sözlərinə əhəmiyyət verməyib soruşdum:

-Belə başa düşdüm ki, o üç nəfəri «götürməməkdə» məqsəd, onların atacaqları addımları öyrənmək və sonra adekvat addımlar atmaq olub.

-Məsələ heç də tək bu deyil,-dostum fikirləşmədən cavab verdi. Əvvəla, nə qədər ki, aktiv addımlar atmayıblar, onlara qarşı əlimizdə heç bir konkrek sübut-dəlil yoxdur. Sadəcə, bir il müddətinə Rusiyanı tərk edib yenidən geri qayıdıblar. Buna görə heç kimi ittiham etmirlər. Kolleqalarımızı narahat edən başqa şeydir. Onlar fikirləşirlər ki, eyni məqsədlə hazırlanmış, diqqətimizdən kənarda qalmış ikinci belə qrup da ola bilər. Hər-halda belə bir şey varsa da, onlar eyni mərkəzdən idarə olunmalıdırlar məntiqlə. Bu üç nəfəri nəzarətdə saxlamaqla vəziyyəti nəzarətdə saxlamağı düşünüblər bizimkilər. Ən azından indi bilirik ki, Solomin Bakıdadır və qabaqlayıcı addımlar ata bilərik. Başqa sözlə, Solominə «çıxmaqla» onların Bakıdakı rezidentinə də «çıxa» bilərik. Elə mən də, dünən axşamkı reyslə gəlmiş digər xidmətin əməkdaşları da buna görə buradayıq.

-Başqa sözlə, öz səhvinizi düzəltmək üçün?- çönüb zənlə dostuma baxdım.

 

 “Ədəbiyyat və incəsənət”

(15.02.2024)