MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

 

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Deyirsən ki, qonağımız qarşılanmaqdan imtina etdi?

-Bəli, cənab general. Hələ təyyarəyə minməzdən əvvəl telefon danışığında demişdi ki, qarşılamağa ehtiyac yoxdur. Biz də etiraz edə bilmədik. Yəqin bir azdan gələr,-mayor rütbəli zabit farağat vəziyyəti alıb məruzə etdi.

-Yaxşı. Neyləmək olar. Deyibsə, deməli belə lazımdır. Yəqin ki, sığortalamağı unutmamısız?-ağ saçlı general sağ əlini daraq kimi arxaya daranmış saçlarına çəkib qarşısında dayanmış əməkdaşından soruşdu.

-Hər şeyi nəzərə almışıq. Aeroportun ərazisində olan əməkdaşlar məlumat verdilər ki, qonaq aeroport ərazisini avtobusda tərk edib. İki dayanacaqdan sonra düşüb göy rəngli «Niva»ya minib. «Niva»nın sahibini yoxladıq. Bizim keçmiş kolleqamız, polkovnik Bondaryovun tələbə yoldaşı və yaxın dostu mayor Bəxtiyar Nəzərlidir. Hazırda detektiv fəaliyyəti ilə məşğuldur. «Nizami» metrosu ilə üzbəüzdəki detektiv agentliyinin rəhbəridir. İşlədiyi dövrdə peşəkar əməliyyatçı kimi hörmət qazanmış, detektiv kimi də bir neçə səs-küylü cinayətin açılmasında imzası var.

-Mayor Nəzərlini xatırlayıram. Oddan-alovdan keçmiş əməkdaşımız idi. Heyif ki, aldığı güllə yarası xidmətini davam etdirməsinə imkan vermədi. Əgər polkovnik Bondaryov belə bir addım atıbsa, deməli, nəsə bir fikri var. Məncə bu, sadəcə iki köhnə dostun görüşü deyil. Bu halda bizə gözləmək qalır. Siz gedə bilərsiniz, mayor.

Mayor hərbi təzim edib yerində geriyə fırlandı və kabineti tərk etdi.

 

*

Onun Bakıya gəlişinin on üçüncü günü başlamışdı. Sentyabr ayının 13-ü gəlmiş, indi ayın 25-i idi. Qalacağı mənzilin ünvanını əzbərdən bilirdi. Gəldiyi gündən əvvəlcədən açarı ona verilmiş bu yarızirzəmi mənzilə yerləşmiş, bayıra yalnız hərdən, ərzaq almaq üçün çıxırdı. Mənzilin qapısı ilə üzbəüz, blokun girişində divarda yan-yana düzülmüş poçt qutularından sıraca soldan ikinci olan onun qaldığı mənzilə aid idi. O, hər gün axşam saat 10-dan sonra poçt qutusunu yoxlamalı idi. Belə də edirdi. Gəldiyi gün verilən təlimata uyğun olaraq poçt qutusuna baxmış və oradan onun üçün hazırlanmış saxta sənədləri götürmüşdü. Sonrakı günlərdə isə, hələ ki, qutu boş idi. Qutuya atılacaq zərf digər təlimatlarla yanaşı, aldığı tapşırığa başlamasına işarə olacaqdı.

Günlərlə bir yerdə tərpənməz qalıb şikarını gözləyən əfi ilan soyuqqanlılığına malik olan bu adam burada olduğu on iki gündə qətiyyən darıxmamışdı. O, Rusiyanın ən ciddi rejimli həbsxanalarında illərlə cəza çəkmiş, cəzasının son dörd ilini isə təkadamlıq kamerada keçirmişdi. Bu səbəbdən, on iki yox, bundan sonra yüz iyirmi gün də burada qalmalı olsa, həmin qaydada yaşamağa davam edəcək və öyrəncəli olduğu üçün heç bir sıxıntı hiss etməyəcəkdi.

Həbsdə olarkən onunla yanaşı olan kameralarda yatanların çoxunun bir neçə ildən sonra təkliyə tab gətirməyərək ağıllarını itirdiklərinin çox şahidi olmuşdu. Belə tipli həbsxanalarda işləyənlərin və cəza çəkənlərin hamısının bildiyi, təsdiqlənmiş bir həqiqət var: təkliyin təxminən ilk ili başa çatanda  insan kameradakı əşyalarla danışmağa başlayır. Bu, normal hal hesab olunur və kiminsə psixikasının zəif olması kimi qəbul edilmir. Ancaq sonrakı illərdə, əgər əşyalar səninlə danışmağa başlayırsa, bu artıq geriyə dönüşü olmayan psixi pozuntudur. Adətən, psixikaları əşyaların danışmağa başladığı fazaya girən məhbuslar çox yaşamır və əllərinə düşən ilk fürsətdə intihar edirlər.

Nədənsə, indi bunlar yadına düşən kirayənişin dodaqaltı gülümsədi. Kiçik həbsxana kamerasında təklikdə qaldığı uzun illər ərzində nəinki əşyalar onunla, heç o, özü bir dəfə də olsun əşyalarla danışmamışdı…  

 

İndi ona vəd edilənə çatmaq üçün, dörd kvadratmetrlik həbsxana kamerası ilə müqayisədə kifayət qədər şəraitli sayıla biləcək bu mənzildə nə qədər desən qalmağa hazır idi. Ancaq, nədənsə hissiyyatı ona deyirdi ki, daha elə də çox gözləməyəcək. Bəlkə də, hər şeyin başlanmasına günlər qalmışdı. Qaldığı mənzilin poçt qutusuna atılacaq bir zərflə hər şey birdən-birə dəyişəcəkdi.

 

 “Ədəbiyyat və incəsənət”

 

(15.02.2024)