Cəbrayıl ryonundakı Divlər sarayı abidəsi əfsanəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Çox-çox qədim zamanlarda bir oba vardı. Bu obanın insanları xoşbəxt, firavan yaşayırdılar. Onlar tanrının bəxş etdikləri yamyaşıl meşələrdən hər cür qış azuqəsi yığar, ov ovlayar, çaylardan balıq tutardılar. Bu obanın heç bir şeyə ehtiyacı yox idi. Buranın təbiəti, əsrarəngiz mənzərəsi, yaşıllıqları, meşələri öz möhtəşəmliyi ilə insanları valeh edirdi. Sanki ulu yaradan bu obadan heç nəyi əsirgəməmişdi. Yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin idi.

Bir gün obaya bədbəxtlik üz verdi. Meşənin ən səfalı yerində divlər peyda oldular. Meşəyə üz tutan insanlar onların şikarına çevrildi. Otlağa gedən qoyun sürüləri, mal-qara da onların hədəfi oldu. Bu obada ox atmağı, qılınc çalmağı ilə ad çıxarmış Paşa adlı bir igid vardı. O çox götür-qoy edəndən sonra divləri öldürmək, obasını bu bəladan xilas etmək qərarına gəldi. Amma divlərin öhdəsindən necə gəlmək olardı. Onun nə atdığı oxlar, nə də vurduğu qılınc onlara təsir edə bilməzdi. Paşa qonşu obada yaşayan, hər şeyin əlacını bilən Əli Çələbi adlı pirani qocanın yanına gəlib, ondan məsləhət istədi. Pirani qoca igidə:- “əvvəlcə Diridağda yaşayan kərgədanı öldürməlisən”- dedi. Sonra kərgədanın iç piyini çıxardıb divlərin mağarasının yaxınlığındakı ağacların başındakı budaqlara elə asmalısan ki, gün düz onların üstünə düşsün, yeddi gün ərzində piy əriyib damcı-damcı torpağa düşəndə torpaqdan gələn qoxu mağaranın ətrafına yayılacaq. Bu qoxunu divlər sevmir, odur ki, onlar mağaranı tərk edib qaçacaqlar. Paşa pirani qocaya təşəkkür edib, altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, üz tutdu Diridağa. Bəli Diridağ sanki bir qan çanağı idi. Burada yaşayan kərgədanlar heç də divlərdən geri qalmırdı. Paşa nəyin bahasına olursa olsun kərgədanlardan birini öldürməli idi. İki gün Diridağa onların nəriltisindən yaxınlaşa bilmədi, axırda qulaqlarına əski tıxadı ki, vahiməli səsləri duymasın. Bir az uzaqda rahat bir yer seçdi, yaxınlaşmaqda olan kərgədanı düz ürəyindən nişan aldı. Üçüncü oxdan sonra kərgədan tir-tap yerə sərildi. Dan yeri söküləndə Paşa kərgədanın qarnın yırtıb iç piyini çıxartdı, bir torbaya qoyub, öz obasına tərəf üz tutdu. Gün təzəcə doğmuşdu. Paşa divlərin yaşadığı mağaranın yaxınlığındakı ağaclara çıxıb piydən kəsib, budaqlardan asdı. Beləcə mağara ətrafındakı ağaclardakı piylər qızmar günün şəfəqləri altında əriməyə başladılar. İgid uzaqdan divlərə göz qoyurdu. Divlər mağaradan çıxan kimi “Adam-badam iysi gəlmir? Yağlı badam iysi gəlmir? Bəs bu nə iydir belə? ”- deyib qaçmağa başladılar. Paşa iki gün ağacda gözlədi. Divlər tamam yox olandan sonra mağaraya yaxınlaşdı, yavaşca içəri girdi. Mağarada bir dənə də olsun div qalmamışdı. Amma mağaranın içində çoxlu qızıl-gümüş, ləl, cəvahirat vardı. Divlər yığdıqları bütün qənimətlərini bura daşımışdılar. Paşa obaya dönüb igidləri başına yığdı, divlərin xəzinəsini atlara yükləyib kəndə döndülər. Xəzinədəki qızıl, gümüş, ləl cəvahiratı obada yaşayan insanlara payladılar. Oba yenə də firavan həyat sürməyə başladı. Obanın insanları bu mağaranı “Divlər sarayı” adlandırdı, çünki bu qədər xəzinə yalnız şah saraylarında ola bilərdi.

 

Bu əfsanə Cəbrayıl rayonun Dağtumas kəndi yaxınlığındakı “Divlər sarayı” tarixi abidəsi haqqındadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)