BİRİ İKİSİNDƏ – Anar Gülümsoyun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, Anar Gülümsoyun şeirləri ilə tanışlıqdır.

 

 ALOOO, EŞİDİRSƏN?...

 

yolumu nə qədər dəyişsəm də mən,

bir də ayılıram ki, yolundan düşüb.

səni ürəyimin vaxtı biləndən

saatım qırılıb qolumdan düşüb.

 

gözlərin ruhumu çəkir göylərə

sənəmi inansın, onamı ürək?!

eeh... mənim qəlbimin dəlilikləri

sənin gözlərinin işidir, demək.

 

sən hələ od ilə oynayan uşaq,

yandırsan əlini, izi qalacaq.

mənim ürəyimi oxuyanmasan,

sənə bir ömürlük sözü qalacaq.

 

çevrilib yarpağa, gülə, çiçəyə

səni ətir-ətir izləyəcəkdir.

çilənib yağıştək yolların üstə,

bitib bənövşətək gözləyəcəkdir.

 

qalacaq dünyanın bir eşq nəğməsi,

qalacaq gecənin pıçıltısında,

qalacaq yağışın şırıltısında...

 

sənin də yuxunu alar əlindən,

eh, sənin də ağlın çıxar başından,

bacara bilməzsən bu dəli sirlə,

durub zəng edərsən bir gecə vaxtı:

"alooo, eşidirsən?

– səni sevirəm".

 

               

ZÜMZÜMƏ EDİRƏM XATİRƏ ÖMRÜ

 

daha çiçəkləməz bahar eşqimiz,

indi arzuların üzü qışadı.

sən düşüb getdiyin yollar uzandı,

geri qayıtmağa ömür qısadı.

 

qısadı, əzizim, qısadı həyat, 

bitirib yenidən başlamaq olmur.

ən gözəl çiçəyin ömrü bir əsim,

bir yağışla bitər kəpənək ömrü –

ürək də belədir, qışlamaq olmur.

 

amma, nə yazıq ki, unutmaq olmur

bu çiçək ürəyi, kəpənək eşqi. 

hər gecə yuxunda görüb durarsan

bir ömrə sığmayan biçənək eşqi.

 

İlahi, ilahi, yaşadıqlarım

hamısı yuxuymuş, hamısı yuxu.

qurbanı olduğum dəli çağların

indi nağıl kimi görünür çoxu.

 

hissim də, duyğum da qurban gedibdi,

qurbanlıq olubdu neçə ilim də.

ürək də belədir, arzu da belə... 

zümzümə edirəm xatirə ömrü

şirin nəğmə kimi qalıb dilimdə.

eeh... bax belə, bax belə...

 

 

ETİRAF

 

tufanlı köksümə baş qoyan qadın,

məni dua etdin öz əllərinə.

gözümə, könlümə kimisə qoydum,

heç kəsi qoymadım sənin yerinə.

 

sən necə kitabsan, necə yazısan?!

hər gün oxuyuram bitdiyin yerdən.

saçıma dən düşdü, ürəyimə od,

qoxlayıb saçımı  öpdüyün yerdən.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)