Xudafərin körpüsü əfsanəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

 

 

Keçmiş zamanlarda böyük bir mahalda dinləri bir, dilləri bir insanlar məskən salmışdılar. Tanrı bu mahala dünyanın heç bir yerində olmayan bütün sərvətləri bəxş eləmişdi. Buranın insanları da doğru dürüst idilər. Mahalın tən ortasından kiçik bir çay axırdı. Çayın suyu dayaz olduğundan insanlar bir-birinin evlərinə çayı ulağ, atla keçib gedərdilər. Və bu mahalı da o tay, bu tay adlandırmışdılar. Bir gün fəlakət üz verdi. Güclü sel gəldi, çayın qırağındakı evləri yuyub apardı. Abbas kişinin qızı çayın o tayındakı evlərdə ərdə idi. Nəvələri isə babanın yanında, görüşə gəlmişdilər. Sel gələndə ana o tayda, balalar bu tayda qaldı. Ana fəryad qopardı, balalarına qovuşmaq üçün. Amma güclü axar çay onları qovuşdura bilmədi. Bir gün ana üzünü tanrıya tutub dedi, Allahım sən bizi yaradansan. Və mən də sənin izninlə o balalarımı yaratdım, indi bir möcüzə elə, mən balalarıma qovuşum. Səhərisi gün doğrudan da möcüzə baş verdi. Çayın aşağı yatağında 15 tağlı, yuxarı yatağında isə 11 tağlı körpü göründü. Ana Allahına çoxlu dua edib, balalarına qovuşdu. O vaxtdan körpülər Xudafərin körpüsü adlanır. Yəni,“Allahın yaratdığı” bu körpülər o vaxtdan bugünəcən nə qədər insanları görüşdürmüş, ayrılıq yollarını birləşdirmişdir.

 

 

 

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(09.02.2024)