“Cümə günü Əbülfəzqızının 10 sualı” Rüstəm Behrudi ilə Featured

SEVMƏK - SEVDİYİN ADAMA ÇEVRİLMƏKDİR

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı ömrü Ədəbiyyat qoxan və haqqında bir çox tanınmış şairlərimizin bənzərsiz fikirlər söylədikləri Rüstəm Behrudidir. 

 

"Rüstəm Behrudi doqquzmərtəbəli binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gözəlliyini sonradan görəcəklər."

Bəxtiyar Vahabzadə

(Xalq şairi)

 

"Rüstəm Behrudi Vətəndir, Vətəndir, Vətən!"

Məmməd Araz

(Xalq şairi)

 

"Hər kəs dar ağacına salam verə bilər. Ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir."

Ramiz Rövşən

(Xalq şairi)

 

"Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!"

Sabir Rüstəmxanlı

(Xalq şairi)

 

Bəli, bir çox tanınmış şairlərimizin rəğbətini qazanıbdır dəyərli şairimiz Rüstəm Behrudi.

Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir.

Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 

 

-Xoş gördük, dəyərli Rüstəm bəy!

Sizin yaradıcılığınızın zənginliyi o qədər möhtəşəmdir ki, 10 sual yox, sonsuz suallar lazım.. Bitməyən və tükənməyən bir sərvət var, Rüstəm Behrudi yaradıcılığında.

Suallarımız çox əhəyəcanlıdır",  Rüstəm bəy.

İstərdim 1- ci sırada qəlbi döyünən sualımızı səsləyim.

 

1) Əvvəlin sonu yox, sonun əvvəli,

Bu canım ruhuma qənimdir, nədən?

Bu əllər, bu saçlar, bu göz mənimmi?

Yoxsa özgə ruhu gəzdirir bədən?

 

Günah içindəyəm ruhum didərgin,

Günahın həmişə - son ucu tövbə

Sözümdən boylanan bu tənhalığım

Ruhumun önündə sonuncu tövbə.

 

İlahi, sən mənə bir az səbr ver,

Hisslərin əlindən qopar, çək məni.

Yoxsa ki, tezliklə dəlisov ürək

Bir qəfil ölümə çəkəcək məni. 

(Rüstəm Behrudi)

 

Dəyərli Şairimiz Rüstəm bəy,  qüsursuz, səhvsiz insan olmur- söyləyirlər. Bəs

"Qüsursuz insan modeli"-  dedikdə o insanda hansı xüsusiyyətlər cəm olmalıdır?

 

-Mükəmməl üst insan anlayışı Sokratdan, Diogendən, Konfutsidən başlamış (sonradan şərqdə daha çox Nəsimidə, Rumidə, Tusidə rast gəlinir), qərbin ən böyük filosoflarından Nitşeyə qədər fəlsəfi düşüncənin əsas predmeti olmuş və olmaqda da davam eləyir!                     

“Heç kim heç kimdən üstün deyil" prinsipinə söykənən bu düşüncə (üst insan) bütün bəşəri dəyərləri özündə etiva eləyən, bəzən də o dəyərlərə əlavələr eləyən insan anlayışıdır!

Mənə görə, içində mərhəmət hissi olan, paylaşmaq duyğusunu tərcümeyi-halına çevirən adam mükəmməl insandı. Mərhəmət və paylaşmaq duyğusu olan, insana sevgisi olan insan bütün böyük dəyərlərin fövqündədir!

 

2) Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,

Qəniməm, dilimə kim ki qənimdi.

Kərəmin dilində Kərəmə «can-can»,

«Qurbanam» – söyləyən əsli mənimdi.

 

Səninlə böyüyəm, varam, can dilim,

Məni sözlərinin başına çevir.

Sənə yenməlidir məni sevən kəs,

Yenirsə, deməli ürəkdən sevir. 

(Rüstəm Behrudi)

 

Əziz Şairimiz, öz dilini unudub yad dilində danışmağı ilə fəxr edənlərə münasibətiniz necədir, onlar öz dilinin əzəmətini hansı səbəbdən görmürlər? Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir, dilimiz mənəviyyatımızdır.

 

- Dil insanın ikinci Vətənidir! Öz ana dilini bilməyən adamın Vətənin sərhədləri nə qədər böyük olsa da, o adam qürbətdə yaşayır. Bir vaxtlar yazmışdım ki:                                             

 

Səninlə böyüyəm, varam, can dilim,                                         

 Məni sözlərinin başına çevir.  

Sənə enməlidir məni sevən kəs,                                                   

 Enirsə, deməli, ürəkdən sevir.

 

Bu dildə söz desəm, yetər Tanrıya,                                           

 Çoxları bu sirri anlamır, dədə. 

Biz "bizi" yaşadan dilə enmişik,  

Bu Vətən torpağı kiçiləndə də!

 

3) Eşqdən başqa şey könlümə yaddır,

Ömrümün quşuna sevgi qanaddır.

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?

Eşqin qulu ol ki, doğru yol budur,

Ariflər yanında bil eşq uludur.

Bu dünya eşqdir, qalan fırıldaq,

Eşqdən başqa şey boş bir oyuncaq.

Eşqsiz olsaydı xilqətin canı,

Dirilik sarmazdı böyük cahanı.

Eşqsiz bir adam bir neydir, qırıq,

Yüz canı olsa da, ölüdür artıq.

Eşqsiz bu dünya soyuq məzardır.

Ancaq eşq evində rahatlıq vardır.

(Nizami Gəncəvi)

 

Əziz Şairimiz, bəs eşq deyiləndə 

Rüstəm Behrudinin ruhunda, qəlbində, dilində ilk hansı cümlə işlədilir?

 

- Sevgiyə, ölümə dair,

Nə yazırsan yaz;

Ölüm- sevgiyə, sevgi də ölümə

Oxşayır bir az!

             

Sevmək sevdiyin adama çevrilməkdi!

Sevgidə eqo yoxdu—“böyüklüyü ölür içində, sevməyə başlayan adamın”.

Sevən adam zaman öçüsünü itirir, sevən adama elə gəlir ki, dünyada bütün saatlar sevdiyi adamla görüşə qurulub.

Dünyada insan adına nə varsa, sevdanın kölgəsidi! İnsan sevəndə qarşı tərəfə məğlub olur və bu məğlubiyyəti qələbə hesab eləyir! Sevdanın möhtəşəmliyi də burda gizlənib!

 

4)Üzün dönməz, sən "sənsənsə",

Göydən yerə fələk yensə.

Dur ayağa, gedirsənsə,

Mənzilim uzaqdı mənim.

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim. 

(Rüstəm Behrudi)

 

Dəyərli Şairimiz, "Son mənzilə" üzüağ" çatmağın şərtləri nədir?

 

-Son mənzil deyilən şey yoxdu. Son da yoxdu, sonrasızlıq var! Son mənzil içimizdə getdiyimiz yola bənzəyir. İçimiz göy üzündə böyükdü bizim. Bütün yollar bitər, içimizdəki yol, əsla! Son mənzil yoxdu, yol var!

 

5)" Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır." (Ömər Xəyyam)

 

Rüstəm bəy- əziz Şairimiz, bəlkə, elə həyat anlamı təzadları anlamamız üçündür, nədir həyatın anlamı?

 

-“Mən sizi yaratdım ki, məni tanıyıb, mənə itaət eləyəsiniz". Bu bir dini kitabda yazılıb .                  Yəni deyilir ki, yaradılışın səbəbi, həyatın anlamı budur! Bu çox cılız bir düşüncədir!                      Mənə görə, ömür-ölümü öyrənmək, yaşamaq, yavaş-yavaş ölməkdi əslində!                     İnsan da, ona verilmiş ömür də qurulmuş saat kimidi.

 

6)Beşin yarısı - gecə...

Sənsiz gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür, bir an olmadan. 

(Rüstəm Behrudi)

 

Dəyərli Şairimiz, “Bilməcə"ni açmaq üçün cismi torpağa, ruhu səmayamı qondurmaq lazım?

 

-İnsan bu bilməcəni açmaq gücündə deyil! Sadəcə ona cəhd eləyə bilər. Bütün bilməcələrin sirri ölüm deyilən şeyin içindədi. O bilməcəni açmaq üçün ölmək lazımdı! Ancaq  heç kim də ölmədən ölmək istəmir!

 

7)Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

Əleyküm-salam. 

(Rüstəm Behrudi)

 

Əziz Rüstəm bəy, ölümə aşiq olmaq, əbədiliyə qucaq açmaqdırmı? "Ölümsüzlük qapısı" "ölüm körpüsündən" mütləq keçməlidirmi?

 

-Mən buna ölümə aşiq olmaq yox, ölümə meydan oxumaq deyərdim!

Dar ağacına salam vermək türkün düşmənlərinə, türkün dəyərlərinə, böyük mənada insanlığa, insanlığın əbədiyaşar dəyərlərinə qarşı gələnlərə qorxmadan tarana getməkdi, qiyam qadırmaqdı!

Mən hətta:

 

Alçaq da sən, uca da sən,

Cavan da sən, qoca da sən,

Sən hər şeydən ucadasan

Ölüm, xoş gəldin, xoş gəldin -

 

yazanda da ölümə meydan oxumuşam!

Ölümü sevmək axmaqların, qiyam qaldırmaq qəhrəmanların işidi!

Bütün şairlər əfsanələşmək, bütün qəhrəmanlar heykəlləşmək istər! Bunun bir adı da ölümsüzləkməkdi.

Ölümsüzləşmək üçün də, ölmədən ölümü öldürmək gərəkir!

 

8)" Ürəkmi insana sev deyən, yoxsa, təklikmi?

Nədir sevmək: bir şama od olmaqmı, yoxsa, yanan oda toxunmaqmı?" ( Sədi Şirazi)

 

Əziz Şairimiz, bu sualımıza nədir cavabınız?

 

-Sevgi və sevda tamamilə fərqli anlayışlardı!

Sevgiyə ağıl qarışıb, sevda dəlilikdi!

Mən dəlilərin tərəfindəyəm!

Şam ya pərvanə ol, nə fərqi var ki?

Biri öz -özünə yanır, biri özünü yandırır!

Əsas olan yanmaqdı! Ancaq bir şey də var-sevən adam sevilən adamdan daha xoşbəxtdi!

Şam, ya pərvanə olmaq! Mən şam olmağın tərəfindəyəm! Qarşılıq gözləmədən sevən adam Allah kimidi!

 

9)Əziz Rüstəm bəy, müsahibələrinizin birində oxudum ki, 60 yaşınızda 18 yaşda yazacağınız şeiri yazmısınız. İndi xahiş etsəm, o şeirdən bir parça söyləyərsinizmi?

 

-Bir məktub yaz son dəfə,

Anlat bir eşqi yasın.

Lap öləndən sonra yaz, 

Gəlib mənə çatmasın!

 

10) " Axmaqlıq və müdriklik yolxucu xəstəlik kimi asanlıqla yoluxur. Ona görə də özünə yoldaş seçərkən diqqətli ol" ( U. Şekspir)

Dəyərli Şairimiz, Sizin üçün dost kimdir?

 

-Mənim dostlarım yoxdu ki! Oturub- durduğum adamlar var. Mən hamı kimi deyiləm axı, mən:

 

Yazda da payızam, payız,

Üst-başım duman, buluttu;

Rüzgarlar sevdi məni,

Məni adamlar unuttu…

 

Mən bir zamanlar adamlara inanıb, onları sevirdim, indi sevib heç inanmaram!

Ona görə günlərin bir günü yazdım ki:

 

Ağac ildə bir kərə,

     Mən hər gün puçur-puçur

Dərd açıb düzdüm onu

      Tənhaların baxtına.

Öldür kimə üz tutsam,

       Nəyə sığınsam, uçur,

Ucalt məni ömürlük

       Divanələr taxtına…

 

Divanələr taxtına oturan adamın dostları olmur ki, xanım əfəndi!

 

-Əziz Rüstəm bəy, yaradıcılığınız sönməz Günəş kimi qaynar və işıqlıdır, Ədəbiyyata aşiqlər olanlar üçün ruhi qidadır. Rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə təşəkkür edirəm. 

Sonda ənənəvi sualımıza cavab istəyirəm: ən çox hansı sualımızı bəyəndiniz?

 

-4-cü sualınızı! “ Mənzilim uzaqdı mənim!”

Bu sual bütün zamanlarda gözlədiyim sualdı!

Bu sualın cavabını da çoxdan yazmışam— kitabın adı— “Qızıl alma”.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)