Sabir Yusifoğlunun xatirə gecəsi keçiriləcək

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ya dəli ol, ya dərdli ol,

Biri bilsə, beşi bilməz. 

Bu küləkdə hönkürtüylə

Ağlasan da eşidilməz…

 

Bu sətirlər mərhum şair Sabir Yusifoğlunundur. Sanki həqiqətən də şairin hönkürtülərini amansız külək eşitməyə qoymadı, şair ömrünün son illərini ağır xəstəlik çəkərək, sıxıntılar içində yaşadı. 

Amma poeziyasevərlər onu əsla unutmadılar, sətir-sətir yaddaşlarına  hopdurdular. 

Xüsusən yaşadığı Sumqayıtda və doğulduğu Cəlilabadda şair daim ehtiramla anılır.

 

Fevralın 10-da Əli Kərim adına Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin və Sumqayıt Poeziya Evinin birgə təşkilatçılığı ilə Sabir Yusifoğlunun Xatirə gecəsi keçiriləcək. 

Tədbir saat 12-də başlayacaq.

Mərhum şairin sənət yoldaşları onun barəsində xatirələrini danışacaq, şairin  şeirləri səsləndiriləcək.

Bir şeylə təsəlli tapırıq ki, Sabir Yusifoğlunun yerində Emin Piri kimi bir oğul qalıb. Qazi şairimiz gənc olmasına rəğmən artıq atası kimi öz bənzərsi şeirləri ilə sevilir.

Ruhu şad olsun Sabir Yusifoğlunun.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2024)