Kür çayı kimi kür - ƏLİSƏMİD KÜRÜN 70 İLLİYİNƏ Featured

Kür çayı kimi kür - ƏLİSƏMİD KÜRÜN 70 İLLİYİNƏ

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Əlisəmid Kür ədəbiyyatımızın 80-ci illər nəslinin nümayəndəsidir. Bu nəsil olduqca istedadlı, amma istedadlarını realizə etmək üçün min cür çətinliklə üzləşən bir nəsildir, SSRİ-nin dağılması prosesinin başlanması, yeni iqtisadi ictimai formasiya, Qarabağ probleminin başlaması, yeni ədəbiyyat məfkurəsi… və sair, və illaxır. 

Əlisəmid Kür özünə Kür təxəllüsünü götürməklə özünün də kür olmasını vurğulayıb, o həm şəxsi həyatında kür olub, həm də yaradıcılığında. 

Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli...

Bir həftə öncə Əlisəmid Kürün 70 yaşı tamam oldu. Çox təəssüf ki, Əlisəmid barədə söz açanda opponentlərin onun dərin məzmunlu şeirlərini, Azərbaycan ədəbiyyat mətbuatında yaratdığı “Yol” qəzeti kimi bir şedevri kənara qoyub onun yazar yoldaşı Akif Əhmədgillə məşhur münaqişəsindən dəm vururlar. 

Əlisəmidin tərcümeyi-halı sadədir:

2 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.

Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir. Amma onun barəsində ən gözəl danışan onun şeirləridir.



ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ



Çəkilib uzaqdan baxdım özümə, –


Gördüm görkəmim dəyişib,


Üst-başım tamam köhnəlib,


Dabanı yeyilib çəkmələrimin…



Tanrının gözünə dik baxdığımdan


Xəbərim olmayıb üzümə düşən qırışdan


Yaman inanmışam arvad sözünə:


«- Dağa bənzəyirsən sən bu duruşda».



Güzgüdə özünə baxıb göz vuran


O şux, o kür adam mən deyilmişəm.


Adamlar dəyişir havalar kimi


İlahi, mən niyə dəyişməmişəm?!



Dünyaya piyada gəlib-gedənlər


Odu eee… yanımdan atlanıb keçir.


Ürək qızdırdığım, çörək kəsdiyim


Qəfildən üstümdən atdanıb keçir.



Mən koram… Sən hara baxırsan, Tanrım!


Sənin də oyunun yamannan-yaman.


Haqqın tərəzisi qurulan vaxtı


Kiminə taxt verdin, kiminə palan.



Çəkilib uzaqdan özümə baxdım, –


bir də üzə gülüb,


arxamca daş atanlara…


Yol üstə ilantək qıvrılanlara…


Başımın üstündə qovğalar kimi


Bu yağış adamlar, külək adamlar –


Bu payız oğlanlar, bu qış gözəllər,


Bu külək oğlanlar, kələk oğlanlar,


Bu payız gözəllər, bu xəzəl qızlar,


Dayanıb yolumda qovğalar kimi, –


Adamlar dəyişir havalar kimi, –


Niyə dəyişmədin, Cəfərin oğlu?!



 

ADAM CİBİNDƏN ÜŞÜYƏR

Nə baxırsan yoxsul bəyə,

Nə gülürsən bu kişiyə?!.

Ağac içindən oyular, -

Adam cibindən üşüyər...

Pul əl çirkidi... Yalandı.

Malın verən canın verər.

Ağac içindən sıyrılar,

Adam canından çürüyər.

Kasıb qəribdi Vətəndə, -

Qalıb yollarda tövşüyər.

Adam canından sıyrılar,

Adam cibindən üşüyər.

 

OLA-OLA



Çölün dumanında azıb qalasan,


Bir qoyun sürüsü otlayan yerdə.


Əlini dizinə çırpıb qalasan


Ürəyin buz kimi çatlayan yerdə.


Sonrası… sonrası nə ola-ola.



Ocağın da sönə, düşəsən dərdə,


Yanasan, öz tüstün başından çıxa.


Bıçağın sümüyə dirənən yerdə


Cibindən pas atmış bıçağın çıxa.


Sonrası… sonrası nə ola-ola.



Əynində quruya nimdaş köynəyin,


Tənhalıq içində canın sıxıla.


Görəsən sinəndə bir daş göynəyir,


Qəfildən bir quzu sənə qısıla…


Sonrası… sonrası nə ola-ola.



Quru çörəyini böləsən yarı…


İllah da bir yandan duman, çən ola.


Qurbanlıq quzusan, quzu qardaşım!


Bıçağımdan qorxma…


Sonrası… sonrası nə ola-ola…

 

SALAM


Nə atmısan özünü


həsrətin qucağına.


Leysan yağışı düşüb 


könlünün ocağına.



Fələk səni qarğıyıb 
özü düşüb həvəsdən.


Canında bir qorxu var -


canın çıxır qəfəsdən.



Sənin qayğına qallam,


Ey əlahəzrət zaman.


Ürəyim bombolomboş,


Salam, boşluğa salam.



 

BİR ANDA YÜZ İL YAŞADIM



Hamını yadıma saldım


bir gün ata ocağında.


Bir anda yüz il yaşadım,


Bir anda yüz il qocaldım


həsrətin künc-bucağında.



Titrədi atamın baş daşı,


ürpəndi anamın əlləri.


İndicə qırılıb dağılacaq


baxdığın güzgü -


Titrəyir yanağında


göz yaşları -


titrətir qızımın telləri.



Bir anda yüz il yaşadım.


Gördüm vaxt geri fırlanır,


önümdə zaman dillənir.


Köhnə divar saatında -


kəfkirdə qızım yellənir.



Titrəyə-titrəyə qalxdım ayağa,


Dilimdən bir kəlmə
söz də çıxmadı.


Öpdüm əllərindən xatirələrin,


öpdüm gözlərindən ayrılıqların...



Bir anda yüz il yaşadım


həsrətin künc-bucağında.


Bir anda yüz il qocaldım
ilin-

günün bu çağında.



 

ÖYRƏŞMƏK, ÖYRƏŞMƏK



Dərdi ovutmağa dost qalmayanda


Sümüyə yatan bir havaya alışmaq,


Alışmaq hər şeyə!


Ulduzsuz gecələrə alışmaq –


Günəş boyda ümid doğur hər qaranlıqdan.


Alışmaq tənhalığa –


Sükut dil açacaq


Alışmaq ayrılığa –


Bağrı çatlayacaq həsrətin…


Uğursuz sevgiyə,


Ən ağır günə alışmaq.


Ən ağır taleli adam da sevgi gözləyir.


Dəniz var içimizdə –


Özümüzdən xəbərsiz


Sinəmizi döyən


Dalğaların səsinə alışmaq


Kədəri qovub sinədən


Alışmaq qəfil sevincə,


Ağacların kölgəsinə,


Küləyə, yağışa…


Kədər biryolluq yığışar


İnansaq Azadlığa –


Sevmək, sevmək Azadlığı,


Alışmaq Azadlığa.



 

ÖMRÜN ÇİÇƏK VAXTI



Çox şeyə tələsdim…


Sevməyə belə,


Qoşuldum hər nəğmə səsinə axdım.


İndi ürəyimi tutsam da dilə


Keçir sevgi yaşım –


Ömrümün çiçək vaxtı.



Keçir, elə keçir yel atlı sevgim,


Dönüb arxasınca baxa bilmirəm –



Vallah, sevməyi də bacarmıram heç.



Ürəyim qınamaz doğmanı yadı,


Mənim sevgi payım bura qədərmiş.


Məhəbbət haqqında yazdıqlarımın


Hamısı bəxtimə düşən kədərmiş.



Daha ayrılığın yoxdur qorxusu,


İstəyin mənsiz də tək-tənha çapar.


Bizim sevgimizin ömründən uzun


Kölgəni sürüyüb arxanca apar
–

Keçir sevgi yaşım…



 

HƏR PAYIZ BELƏCƏ

Sarala-sarala solan yarpaqlar

Düşür üzüqoylu torpağın üstə,

Kirpiyin, yanağın, dodağın üstə

Ömrünü sakitcə başa vururlar.

Ora bax, çinarın qızıl yarpağı

İndicə qopacaq,

Havada quşlarla bir az uçacaq,

Sonra yorularaq qonacaq yerə.

Əlvida, ağaclar!

əlvida – Payızın külək əliylə

Yaşıl yarpaqların itən ömrünə.

Yarpaqlar güvənmir ağaca heç vaxt

Küləyə gedərlər, bada gedərlər.

Bir fəsil ömrünü uzatmaq üçün 

Səksənən ağac

Verər yarpaqları güdaza bütün.

Ağacın dərdini yarpaqlar çəkir,

Çəkirlər – torpağa dönənə qədər.

Hər payız yarpaqlar köçəndən sonra

“Ağaclar ölür ayaqüstə”.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2024)