QİRAƏT SAATInda “Eşq mələyi” - SON Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin eşq romanı ilə tanışlığınız bu gün sona çatacaq.

“Eşq mələyi” sizi bir başqa dünyaya apardı. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparırdı. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

         Bu sualın cavabı roman bitərkən aşkar oldu!

 

 

***

Süleyman ürək döyüntülərinin intensivliyi, gözləri yaşarmış halda Elgünün nömrəsini yığdı, ona tezcə “Mirvari” kafesinə gəlməyi tapşırdı. Roman bitmək üzrəydi, son iki vərəqi qalmışdı.

Özü isə mətbəxə keçib qurumuş boğazını yaşlamaq üçün bir stəkan su içdi və əlindəki son iki vərəqi elə mətbəxdə oxuyub tamamladı.

 

***

Bir müddət hələ Ülkərin nəfəsi gəlib-gedirdi, şor su həmlələri ona basqı etsə də, birtəhər özünü qoruyurdu. Bu an gözləri açıq idi, masmavi görməyə alışdığı Xəzər boz-bulanıq rəngdəydi. Sonra bu rəng lap tündləşdi, nəfəsi kəsilməyə başladı. Onda qeyri-ixtiyari ağzını açdı, su ağzına dolmağa başladı.

Real dünyayla xəyali dünyanın arasında çarpışırdı, son an və əbədilik. Bir qədər sonra həyatı əbədi sükuta qərq olacaqdı.

İnsan ölüm ayağında həqiqətən məkanı, zamanı qarışdırır, üstəlik, iki dünyanı da qarışdırır, hansında olduğunu dərk edə bilmir. Ondan yapışan, onu çəkən qollar, Rüfətin siması, onun “Rüfətim, burdadamı məni gəlib tapdın?!” pıçıltıları da, çox yəqin ki, xəyali dünyadan idilər.

Dənizin altı get-gedə zülmətə bürünürdü. Qara rəng bütün digər rəngləri amansızlıqla udurdu.

Amma yuxarılarda günəş bərq vururdu, son zənglərini keçirən məktəblilər deyib-gülürdü. Yuxarılarda həyat sevgi və gözəlliklərlə büsbütün dolu idi.

 

***

Süleyman son kəlmələrini oxusa belə, gözlərinə inanmır, vərəqin haralarındasa daha bir cümlə, barı bir söz axtarırdı. Necə yəni son?

Artıq “Mirvari” kafesinin yanında idi. Heç cür toxtaya bilmirdi, Ülkəri hiss edir, duyur, iniltilərini, ahlarını belə eşidirdi. Gör bir zalım oğlu necə təsirli yazıb, hər kəs sözləri yanaşı düzməklə bu effekti ala bilməz.

Həm də zalım oğlu çox acımasız yazıb. Qansız, imansız sayaq yazıb.

Elgün ona yaxınlaşdı, durumundan romandan hədsiz təsirləndiyini sezdi. Bu, yaxşımı idi, pismi idi? Təsirlənmişdisə, demək, bəyənmişdi. Amma Süleyman kimilər orta statistik adama bənzəməzlər, öz qeyri-adilikləri ilə daim fərqlənərlər. Azmı olub bədii əsərdə sevdiyin qəhrəmanın ölümünə görə müəllifə ölüm arzulamısan?

Elgünün ona uzalı əli havada qaldı. Gəncin əlini sıxmaq əvəzinə vərəqləri az qala gözünə soxurmuş kimi söylədi:

-- Sən bilirsən ki, bu romana görə ailən səndən üz döndərəcək? Qonum-qonşu sənə şəbədə qoşacaq? Səni hətta oxuduğun universitetdən də qovacaqlar, bilirsən bunu?

Elgün əlinin havada qalması pərtliyini gizləyərək qısa və səlis cavab verdi:

-- Əgər mən üç-beş adama kömək edə biləcəyəmsə, özümü xoşbəxtlərin xoşbəxti sanaram.

Süleyman başını tərpədir. Nəsə deyir, mızıldanır, nəsə tərəddüd edir. Yenə təkrarlayır ki, romanın adını dəyiş, “Eşq mələyi” qoy. Deyir, Ülkər fahişə deyil. Sonra bir daha Elgünü “Sən niyə qəhrəmanı öldürürsən?” deyə ittiham edir.

Elgün kitabını xəyalında çox canlandırmışdı, tünd-qırmızı cild, üzərində qırılmış şriftlə ağ “Fahişə” yazısı. İndi Süleymanın durumundan belə anladı ki, bu kişi kitabın çapına pul verməyəcək. Və xəyalında ağır-ağır kitablar göydən başına yağıb onu altında qoydular.

Çevrilib getmək istədi, bir addım atmışdı ki, qulağına dəyən sözlər onu dayanmağa vadar etdi. Süleymanın səsində bayaqkı qəzəbdən əsər-əlamət qalmamışdı, oda su çiləyən səs idi sanki.

-- Mən hazıram çap etdirməyə. Qoy camaat oxusun. Qoy törənən səhvlər düzəlsin bundan sonra. Amma bir şərtim var. Get ardını yaz! O əhvalat o yerdə bitə bilməz. Davamı hamı üçün lazımdır. Bu, birinci kitabdır, qoy ikinci kitab da olsun. Eşq mələyi əsla bir kitaba sığmaz.

 

SON

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)