POETİK QİRAƏTdə Gülay Tahirlinin “Anam” şeiri

Poetik Qiraətdə bu gün sizlərə Naxçıvanda yaşayıb yaradan gənc şairə Gülay Tahirlini   təqdim ediləcək. Əbədi mövzu - ana! 

 

Anam köksündən bibər acısı ilə ayırmışdı məni,

Yuvam yıxılmışdı bir anda.

Özü də yerə-yurda yox, ürəyimə…

Yaşamağı öyrəndiyim,

Güvənməyi öyrəndiyim yuvam yıxılmışdı.

Mənim körpə duam yıxılmışdı,

Ağzımdan çıxdı ki, göylərə çatsın?!

Ağzımı açdığım anda yanıb-yaxılmışdı.

 

Sonra nə illah elədim,

Yada sala bilmədim ana südünün şirinliyini,

Neyləsəm də, getmir,

Damağımda elə o kökü kəsilmiş bibərin acısı.

 

Ayrılmağı ilk dəfə anam öyrətmişdi mənə,

Anam öyrətmişdi bütün başlanğıcların şirin,

Bütün ayrılıqların acı olduğunu.

 

Yandıran nə varsa, pərvanəsiyik, divanəsiyik…

 

Anam öyrətmişdi müqəddəsləşdirməyi də!

Acını…

Ayrılığı…

Sevgini…

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)