“QIZIL” - Təranə Dəmirin yeni hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni yazdığı “Qızıl” hekayəsini təqdim edir. Hekayənin iki qəhrəmanı var, yeniyetmə oğlan və it. 

 

Qonşumuz Əlimirzənin itini ta küçüklükdən tanıyırdım. Hardansa tutub gətirmişdi.  Allahtərəfi yaxşı da saxlayırdı. Balaca it damı da tikmişdi onunçun. Heç vaxt da zəncirə vurmazdı. İt azad böyümüşdü. Həyətə girənləri hənirindən tanıyırdı. Hürərdi, di gəl, kimsəyə toxunmazdı. Əlimirzə elə öyrətmişdi. Dil bilirdi it sanki. Amma hər ehtimala qarşı həyət qapısını döyüb gözləyirdi gələn qonaqlar. İtə nə etibar var axı? Hərdən Əlimirzəyə qoşulub qonşuları da gəzirdi it. Kənddə hamı tanıyırdı bu iti. Onu görəndə  bəzən uşaqlar  qorxub qaçırdılar. İtsə hər kəsin yanından etinasız keçirdi. Yəni ki, heç kimlə işim yoxdu. Sərbəst gəzə bilərsiz.

Qızılı rəngi olduğundan Əlimirzə onun adını  Qızıl qoymuşdu. İt adını  tanıyırdı. Çağıran kimi gəlib dururdu yanımızda. Sual dolu baxışları ilə zilləyirdi gözünü gözümüzün içinə. Əyilib başını sığallayırdıq, belinə tumar çəkirdik. Əlimizin altında xumarlanırdı. Yaraşıqlı it idi. Həm də çoxbilmiş. Özünü istətməyi bacarırdı. Divarın o tayı onların həyəti idi. Hürəndə bilirdik ki, kimsə yaxınlaşıb darvazamıza. Elə bil bütün həyətlərin  keşiyini çəkirdi bu it. Gözütox idi həm də. Sülənməyi sevməzdi. Bircə tanıdıqlarından nəsə umurdu. Mənə elə gəlirdi, yəni. Kəndin o başında havlamağından tanıyırdıq Qızıl-ı. Qalın səsi  vardı. Hərdən qabağımıza düşüb getdiyimiz yerəcən ötürürdü bizi. 

Yadımdadı. Bizdən iki ev aralı bir qonşu vardı. Suğra xalagil. Bir gün anam məni yumurta almağa göndərmişdi onlara. Onların da bir dişi itləri vardı. Ağzı yava idi deyə zəncirləyirdilər. Sən demə, həmin gün təsadüfən iti açıb buraxıblarmış. İt uzaqdan məni görüb qırğı kimi üstümə şığıdı. Qorxudan gözlərim böyüdü. Özümdən ixtiyarsız qışqıra-qışqıra qaçmağa başladım itin qabağınca. Artıq özümdən əlimi üzmüşdüm. Bilirdim ki, bu qancığın əlindən qurtuluşum yoxdu. Ölümümü gözə almışdım artıq. Ürəyim qorxudan ağzıma gələcəkdi sanki. Birdən möcüzə baş verdi. Nə görsəm yaxşıdı. Qızıl dişi itin boynundan tutub boğurdu. Səsə ev yiyələri də düşmüşdülər həyətə artıq. Onlar da mat-məətəl qalmışdılar. Hamı bu mənzərəyə heyrətlə  baxırdı. Suğra xala hövlnak yanıma gəlib sual yağışına tutdu məni:

-Ay bala, niyə gələndə xəbər eləmirsən? Çər dəymiş yeyərdi səni, diri-diri, Allah iraq eləsin. Hər şey qaydasındadı? Qapıb eləməyib səni ? 

-Yox. Şükür ki, salamat qurtardıq. Sağ olsun Qızılı. Yaxşı çatdırdı özünü. Vaxtında. 

 Oğlanları itlərini tutub zəncirindən ağaca bağladılar. İt guya əlindən bir şey gəlirmiş kimi  zəncir çeynəyirdi. Bilirdi ki, Qızılın yanından yel olub keçə də bilməz. Amma kürəyini yerə də vurmaq istəmirdi.

Yenildiyini həzm edə bilmirdi yəni. Dönüb Qızıla baxdım. Məğrur-məğrur ora-bura qaçırdı.

Sanki  meydan sulayırdı. Mənə elə gəldi ki, it  bərk hisrlidi həm də. Əyilib başına sığal çəkdim. Gözündə həyəcan gördüm. O an elə doğma, məhrəm gəldi ki, it mənə. Bu an yaşayırdımsa, bu itə borcluydum. Zivər xala 7 düyü atdırdı mənə sonra. Guya qorxuluğu götürürmüş. İnanmasam da düyüləri ovuclayıb uddum. Necə olmasa xalqın inancı idi. Sonra yumurtaları da götürüb evimizə döndüm. Qızıl da qabağıma düşdü. Arada yol boyu dönüb mənə baxırdı. Elə bil ki, nəzarətdə saxlayırdı məni.

O gündən daha da  çox istəməyə başladım Qızılı. Ən yaxın dostum oldu. Hara çatırdımsa başıma gələnləri danışırdım və  Qızılı öyürdüm. İti qaldırıb qoymuşdum ala dağın başına. 

...Bir gün günorta vaxtı Əlimirzə kişinin həyətində bərk çığır -bağır düşdü. Hərə bir yanda qışqırırdı. Qızılın səsi də həyəti  başına götürmüşdü. Hövlnak qonşu həyətə keçdim. Gözümə inanmadım. Şükür  adlı  kəndçimiz  ayaqlarını tutub yerdə qıvrılırdı. Gözü hədəqədən çıxmışdı.

Əvvəlcə heçnə anlamadım. Sonra başa düşdüm ki, Şükür Qızılın güdazına gedib. Baldırına diş batırmışdı Qızıl. Ev yiyəsi  həyətdə olmasaydı diri-diri yeyəcəkmiş kişini.  Özləri belə deyirdi yəni. İnanmağım gəlmirdi nəsə. Əlimirzə kişinin mənlə yaşıd  oğlu itin boğazına zəncir bağlayırdı. İt sakit  durmayanda da arada belinə, başına təpik vururdu:

-Qudurub əclaf. Yazıq  kişinin üstünə necə şığıdısa heç kimin xəbəri olmadı. Yaraladı kişini.

-Axı Qızıl bu vaxtacan kiməsə hücum etməyib.Necə ola bilər bu?

Hər vəchlə Qızıla haqq qazandırmağa  çalışırdım. Oğlan deyəsən heç mənə qulaq da asmırdı. Öz işində idi.  Nəhayət iti döyə -döyə həyətin başındakı tut ağacına zəncirlədi. Qızıla yazığım gəldi bir anda. Boynunu qucaqlayıb başından öpmək istədim. Gözüm gözlərinə sataşdı. Heyrətə gəldim. Qızılın gözlərindən yaş axırdı. İt  ağlayırdı. Birdən-birə Şükürə acığım tutdu. Axı xəbərsiz-ətərsiz nə vacib idi ki, həyətə girirdi. Bilmirdimi ki, bu həyətin iti var?. Adam bir qapını döyüb gözləyər. Amma Qızılın da ona hücum etdiyinə heç inanmağım gəlmirdi. İnanmasam da olan olmuşdu. Əlimirzə kişinin yarasını yuyub təmizlədi. Spirt vurub sarıdı. Kişi hələ də ufuldayırdı. Aradabir itin qarasına söyüb söylənirdi də. O söyləndikcə mən əsəbləşirdim. Əlbəttə Qızıl bizim itimiz olsaydı mən ona heç bir cəza verməzdim. Görəsən kişi neyləmişdi ki, it ona hücum etmişdi?. Günahı o kişidə axtarırdım yenə də.

Daha orda dayana bilmədim.

Qanıqara evimizə döndüm. Qızılın səsi kəsilmırdi. Qulaqlarımı tutmuşdum ķi, eşitməyim. Sonra kitab oxumaq istədim.  Anamın kitabxanasından seçib bir kitab götürdüm. Kiril əlifbası ilə yazılmışdı. Seyran Səxavətin "Dar köynək"əsəri. Vərəqlədim, oxumağa  həvəsim olmadı. Qatlayıb bir qırağa qoydum. Atam işdən gələndə hiss etdi ki, kefim yoxdu. Səbəbini soruşdu. Olanları danışdım. Diqqətlə qulaq asdıqdan sonra :

-İt də bilib e Şükürün taraz adam olmadığını. Uşaqlıqdan üzübəri düz əməlli işi olmayıb. Paxılın, yekəxananın, vicdansızın biridi. Fikri -zikri onun bunun  bostanına daş atmaqdı. Lap yaxşı olub ona. Qızıla  halal olsun, -dedi.

Elə bil çiynimdən yük götürüldü. Qızılın günahsız olduğuna bir daha əmin oldum. Demək, zənnimdə yanılmamışdı. Hava qaranlıqlaşanda qəribə səs gəldi qulağıma. Canavar ulayırdı. Özü də lap yaxınlıqdan gəlirdi bu səs. Eyvana çıxdım. Bir az da qulaq kəsiləndən sonra başa düşdüm ki, ulayan Qızıldı. Ətim ürpəşdi. Tez evə keçdim. Bütün gecəni Qızıl uladı, mən yatmadım. Səhər üzü səs kəsildi. Səs kəsiləndən sonra yuxuya getdim. Yuxuda Qızılı gördüm. Suğra xalagilin dişi itiylə dava edirdi. Birdən hər yeri duman bürüdü. Qızıl yoxa çıxdı. Nə qədər çağırdımsa səsimə səs vermədi. Öz səsimə oyandım yuxudan. Saata baxdım. Gün günortanı keçmişdi. Əzgin idim. Bir yandan da yuxunun təsirindən çıxa bilmirdim. Durub əl üzümü yudum. Bir az özümə gəldim. Eyvana çıxdım. Qonşu həyətə baxdım. Sakitçilik idi. Qızılın da səsi gəlmirdi. Birdən qonşunun mənlə yaşıd oğlu Sadiqi gördüm. Əl elədim. Başıyla salamlaşdı mənlə. Sonra nə düşündüsə geri döndü. Düz hasarımızın dibinə gəlib: -Bilirsən  nə olub?  Qızıl öldü, -dedi.

-Necə yəni öldü? 

-Öldü də. Səhər durub gördük ki, boğulub ölüb.Zəncirini qırmaq istəyib, dolanıb ağacın başına və boğulub.

Elə bil dünya başıma fırlandı o an.

Ən əziz, ən doğma birini itirmiş kimi hiss etdim özümü. 

Bir qədər susdum və birdən: -Qızılı haqsızlıq öldürdü, ədalətsizlik öldürdü, -dedim. 

Sonra oğlanın nə deyəcəyini belə gözləmədən otağıma keçdim.

Gözüm aynada özümə sataşdı. Gözlərim şişmişdi, rəngim boğulmuşdu. Heyim yox idi. Özümü günahkar hiss edirdim Qızılın qarşısında. Onu xilas edə bilmədiyimçün özümdən zəhləm gedirdi. Heç cür sakitləşə bilmirdim. Qəhər boğazımda düyünlənib qalmışdı. Birdən hardansa it zingiltisi eşidildi. Kimsə hardasa daş atmışdı deyəsən itə. Axı it ağrıyanda  belə zingildəyir. Yumruğumu düyünləyib böyrümə sıxdım. Anidən nə fikirləşdimsə tələsik özümü  küçəyə atdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)