“ŞAPUR” - Şəhram Gülkarın hekayəsi Featured

Portalımızın Güneydən gələn səslər layihəsində ilk öncə şeirləri paylaşılan Şəhram Gülkarın indi də “Şapur” adlı hekayəsini sizə çatdırırıq. 

Layihəni portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla təqdim edir. 

 

Köçə-bəy ağzına layiq, qoxusu kəndin dört guşəsini almış bozbaş ocaq üstündə son saniyələrini yaşayırdı. Qablamanın qapağı piqq-piqq pıqqıldayırdı. Sanki qanad açıb uçacaqmış kimi, qərarı yox idı. 

Damı alçaq evin ortasında süfrə bosatı quruldu, hər kəs həndəvərində hazır idi. Motorun nəriltisi həyətdən eşidilincə, Nubah xala tez qablamanı çitlə yapışıb gətirdi ortalığa. Şapur əlindəki belini divara dayayıb, çəkmələrini çıxarıb, əl-ayağını dirsəyə dizəcən yuyub süfrə başına çatmamış dedi:

- Nəəə... o tüngü mənə, ciyarım yanır. 

Şapur tüngü alıb, sərin ayranı bir nəfəsə, ağız-burnunun o yan-bu yanından tökülə-tökülə çəkdi başına. Tər köynəyinin önü bütöv ayran oldu. Amma Şapur o yorğunluq içində əprimiş canına bu ləzzəti, heç bir qınağa qalxışılacaq çıxışla dəyişdirəcək halı yox idi. 

- Havadan od yağır od, dedi. 

Salamlaşıb oturdu süfrəyə.

Bəykişi iki barmağıyla bir tikə ət qoydu ağzına. Əngində o yan-bu yan eyləyib. Dedi:

- Qoca  heyvan ətidi. Ağızda gəvşənmir.

Nubah tez qayıdıb dedi:

- Səhər açılandan yarım­xod barlamışam, yenə də ət həlməl olmayıb.

Kişi dedi:

- Uşağı ətə yollayanda belə olur də. Qəssab da, adama baxıb, ət verir. Onurğalı, enli kürəklərə budunu, qabırğasını, ensəsini, arıq-uruq zavallılara da sür-sümük verib yola salır.

Şapur soğanı alma tək xarıldadıb yeyə-yeyə dolu ağız güclə dedi:

- Bəhram uşaq deyil ki, maşalla yekə igiddir. İyirmi iki yaşı vardır, day bundan da böyük nə olacaqdı.

- Amma çəlimsizdir bir az! Alçaq qəssab da bundan yararlanıb. Tək qəssab yox, indi camaatın gözü dönüb. Al-verçilərin çoxu belə edirlər.

Nübah dedi:  

-  Allah göstərməsin, millətdən nə desən baş verir.

- Həmişə ət almaqdan zəhləm gedib. Nə qədər oyanıq olursan ol, yenə də başuva börk qoyurlar. Olmadı bir kərə ət alam gələm, nəəəəm deyə “Əllərin ağrımasın. Ət adamın lap üzünə gülür”. - Bəhram dedi.

Danışa-danışa şirin-şirin yeyirdilər ki, dışarıdan "şaraq" deyə beş atılan tüfəngin səsi gəldi. Hərkəs müharibə kəndə gəlib çatmış misalı hürkək bir vəziyyət aldı. Dikliyi dizə çatmayan pəncərədən ilk Bəhram bir əli yerdə, bir əli gözünün üstündə süzüb, lapdan bağırdı: "Tarı gözün çıxsın tayamız yanır."

Evdəkilər darın evdən çıxıncayadək qonşulardan bir-iki nəfər artıq gəlmişədi. 

O dedi:

- Vedrə gətir.

Bu dedi:

- Şlanq apar.

Özləri üçün düzəltdikləri nə yekə, nə xırda talvar altında taya sözə baxmayıb, odlanıb əldən gedirdi. Arada bir vedrə ilə, qabla, qazanla su atanda da, benzin səpirlərmiş kimi alov daha da qabarır, daha şöləsi çoxalırdı.

Şapur gözləri bərəlmiş, dəhşətli bir xəyal yaşayırmış sankı; Mat qalmışdı. Görünməz adam yağışda görünən tək, Şapurun da fitrətində olan könəzlik, sərtlik, kobudluq, odun şiddəti artdıqca üzünə yansıyırdı. Nə edəcəyini bilmirdi. Bu yanğın adı, neçə kəndli gücünə yaxalanıb, sönəcəyə bənzəmirdi. 

Bəhramın zil çığırtısıyla Şapur özünə gəldi. Diksindi.

Lapdan mələklər andırarmış kimi xaloğlusu Vəhid yadına düşdü. Şapurun rəngi duruldu. Cibindən telefonunu çıxarıb, bəlləyində Vəhidin adının üstünə gedib, basdı düyməni. Bəxtindən telefonun bəlləyində Vəhidi yanğın söndürən idarəsı adı ilə not almışdı. Yeddi-səkkiz ay olar-olmazdı Vəhidin o idarədə yazılıb işlədiyi. Əslində Şapur nömrəni yığa-yığa kökü bilinməz bir sevincəklik gəlmişdi ona. Yəqin belə bir duyğu öyüncü içindəydi ki, Vəhidin etibarını hardasa artıracaq. Bir yandan da çətin işi gecişdirmək üçün xalası oğlu gələcəkdi bura, başqası yox! Ah bi-düzə telefondan çaldırılmış sıqnal səsi duyuldu... biiip... biiip... biiip…

- Əlo.

- Bəli.

- Atəşfişanidi (Yanğın idarəsi)!

Çətin sayıla biləcək sözcükləri yanlış söyləmə xuyu, Şapurun doğuşdan gələn özəlliyi idi.

- Bəli.

- Vəhid var?

- Yox.

- Hardadır? Nec olub?

- Buralardaydı. Necə bəyəm, işiniz, əmriniz varsa qulluğunuzdayıq.

Şapur yarı burnunda, yarı ağzında ala-zil səsi ilə yox dedi. Bir azdan özüm zəng eləyərəm.

Belə sıra dışı olaylar ona görə deyildi. Başı ağrı götürməz, kimsə ilə işi olmazdı. Şadlıqlarda sınır dışı sevinən, şərlərdə də aşırı nisgilli olardı.

İndi olmasın dün gecə qonşu oğlu kamilin toyunda, tək bildiyi "inanımmı, inanmayım?" mahnısını heç bir peşəkar müğənni onun kimi ürəyə yatımlı, dadlı-duzlu oxuya bilməz sanıram. Ya ardıcan durub oynayarkən qızmış başını "əəə" deyib bir o yana, yenə də "əəə" deyib bir bu yana əyməsi bütövlikdə şölən dolu çılğın bir rəqs kompozisiyadır.

Tayadan ayrılmış küləş yığınının bağlarının açılışı samanları toz-torpağa qatıb, asta-asta rəngini dəyişib qaraya çalan təzəklərlə birgə oda bürüyüb, həndəvərində olan hər kəsin çarpıcı şəkildə gənziyini göynədirdi. Tozun, tüstünün havayla qaynayıb qarışması hər şeyi göz önündə oynaq edirdi. Kədərli bir duyğuya qapılmadan bu olayla üz-göz olmaq, heç cürə olası iş deyildi.

İlk telefon zəngindən iki-üç dəqiqə sonra olmazın yanıqlı təlaş içində aşırı hirsindən əlləri titrəyə-titrəyə yenə zəng vurdu Şapur.

- Əlo.

- Bəli.

- Atəşfişanidi?

- Buyurun.

- Bağışlayın, Vəhid gəldi?

- Yox canım. Kimsən? İşin nədir? Nə istəyirsən? Bəlkə köməyimiz dəydi!

- Vəhidin xalası oğluyam...Şapur. Çox əcələ işim var özüylən. Nolar, deyin tez zəng vursun mənə.

- Deyirsən indi işimizi boşlayıb allah qoysa Vəhidi gəzək də!

Şapur köks ötürdü. Təlefona cavab verən canlı-canlı önündə olsaydı, o zaman o bilərdi nə deyib necə danışsın. Ancaq bu uzaq yolların qovşağı sehirli cihaz elə bir sıxıntıya, büküklüyə səbəb olmuşdu ki, danışığını bütün bölgə eşidircəsinə, sözlərinə beyninin alt bilincində bir sınır çizmişdi. O sınırı aşmağa da, hansısa bəlli olmayan görüntü aman vermirdi.

Yadımdan çıxdı deyim ki; Vəhid o sürədə götü-başı beşdə­beş metrlik yanğın söndürən idarəsinin düz qabağında siqaret çəkə-çəkə, bekarçılıqdan qaldırımdan keçənləri bir araşdırmaçı gözü ilə incə-incə gözləmləyirdi! Küləş orada havaya sovrulurdusa Vəhid də burada həm iş vaxtını, həm də siqareti havaya sovururdu. Orada xalası oğlunun dədə malısı, burada xala oğlunun yeni doğulmuş oğlunun bapbalaca götünə yamanacaq molfiks (Uşaq bezinin markası) pulunun fikri havadaydı.

Bir azdan aşa-aşa gəldi, minç oynaya-oynaya telefon başında əyləşmiş yanğın söndürən işçilərinin yanına.

- Əə Vəhid bir nəfər bayaqdan iki dəfə zəng vurub, səni soruşub. Deyir xaloğlumdur. Həəəə... Deyəsən Şapur dedi adını.

- Yox ədə?!

- Valla.

Vəhid əlini telefona aparıb, zəng vurmaq istəyirdi ki, idarənin telefonuna tələsik adamın zənginə oxşar zəng gəldi.

- Əloooo

- Bəliii. - Vəhid cavabladı.

- Vəhid gəlmədiii???

- Ayə Şapur nə var?! Nə olub? Xeyir ola?!

- Ayə Vəhid, laməsssəb, hardasan? Taya yandı qutardı dənə!

- Ayə bə bayaqdan niyə deməyibsən, tarun yanmasın?

– Ayə bə... Mən... Mən... Kimə...

– Ayə səni nə deyim olasan. Qət elə, qət elə. İş yoldaşlarına üz tutub bağırdı:

- Ayə durun, amandı, tez olun...

- Hara?

- "Ayaz kəndinə. Ağdamın o əlində. Şansdan buradan daha yaxındı. – Yanğın söndürən idarəsi şəhərin çıxacağında olduğunda elə dedi. Düşdülər yola.

Şapur dəli toğlu kimi əlindən heç nə gəlmədiyi sırada, üzündə insanın içinə-içinə işləyən suçlu bir gülüşlə, hirsini anladırcasına baxınırdı hər tərəfə. Beynində dolaşan şübhələrlə ürəyindəki odu, alovu həyətdə yanan taya oduyla bir cür tutuşdura bilmirdi. Bilmirdi yandıranı, yananı, ya da ki, əllərdə qalacaq veylan-veylan dolananı düşünsün.

Coşmuş azğın düşüncələri baxışını cilovlamaqda çətinlik çəkirdi. Bu odun noxtası at-qatır noxtasına bənzəmirdi. Talvarın altındakı bütün tayanı yemədən dinc duracağı yox idi. Pişik ovunu oynadıb-oynadıb yediyi tək, gərmic də samanı göydə o əl-bu əl eyləyib odun ağzına atırdı. Yanan samana da rəhm eləməyib külünü sovurub atırdı Araza. Araz da ki, Arazdı də, yananların qibləgahı, ocağı.

Getbəget qabalaşırdı. Güclü rəqib qarşısında çarəsizliyi onu kobud, kəskin, çılğın heyvana çevirirdi. Artıq eşitdiyi hər hansı bir ovundurucu ola biləcək sözləri yamanmış deyə alğılayırdı.

Amma bunlar yaranan bədbəxtliyin vurduğu ziyanının qabağını almaq üçün yetərli ola biləcək tək görünən mübarizə ilkəsi deyildi. Gərmic topa odu qabağına salıb Şapurgilin tayasını yandırdığı bir yana, sürütləyib qonşunun da tayasını yerlə bir eləyib, havaya sovurdu.

Həmişə olduğu tək, od özü yanıb sönəndən sonra yanğın söndürən maşını gəldi. Külək yanmış samanı elə sovurmuşdu ki, talvar olmasaydı, yanğının harda baş verdiyini, avara bilməyəcəkdilər. 

Böyük həyətin bir küncündə saxladılar. 

Hər kəs qərib səssizlik içində, nədənsə biraz üşənib özünü suçlu sanırdı. Fərq etmirdi bu kənd əhli, ailə adamı, ya da yeni gələn yanğın söndürənlər olsun. Təzə ölmüş ölünün yaxınları yaxından söz söylətdirmədiyi tək, kimsəni dindirib-danışmaq olmurdu. Şapur da nəsə kəşf etməyə yaxın yaradıcılar baxışına bənzər hara baxmayacağını benava bilmirdi. Hansı yana, yerə, kəsə baxırdısa tez baxışını gizlədib başqa yerə çevirirdi.

Az zaman keçməmişdi Vəhid min bir fikir eləyib, getdi Şapurun yanına.

- Əə Şapur bə niyə belə!?

- Əə nə bilim axı! Bunların üzünə lənət. Əlli il çalışsan da on qıran qazanmağa aman verməzlər! - Başı ilə ailəsini göstərirdi ki, indi demək olar bunlardan biraz uzaq məsafədəydilər.

- Əə başın sağ olsun. Özünüzə bir şey olmayıb, özü çoxdu.

- Əə kaş olaydı, bir dəfəlik canımız dincələydi!

- Əə elə demə. Nəyin nə olduğunu kim nə bilir! Özünü ələ al. 

-Səhər alatoranda hava elə mehliydi ki, öz göylümdə dedim: Bu gun əla günlərimdən biridi yəqin. Kim deyərdi ki, gün ortası belə olacaq. Kərəminə şükür Allah!

- Əə mən ölüm boşla getsin. Xalamgil nə təhərdi? Benavalar hətmən doyunca qorxdular!

- Əə kənddi dənə! Nə təhər olacaq!? Odun gətir, su gətir, uşaq sıçdı gə götür! Nə olacaq rəhmətlik oğlu.

Vəhid gördü bu pır o pırdan deyil. Bir o yana, bir bu yana baxıb sağ əli ilə Şapurun qolunun birini dəhədləyib, metr yarım qırağa çəkdi. Hal bu ki, həndəvərlərində adam yox idi. Bu qırağa çəkdi, burada başqaları eşitməsin anlamına gəlmirdi. Sadəcə bir küçə-bazar oyun­bazlığı idi. Güya indi deyilən söz, bayaqkılara bənzəməz, ya da ki, bayaqkılardan daha önməlidir.

Nəsə səsinin tonunu dəyişib, biraz xodun alıb dedi: 

- Əə uşaqlar sübhdən ac qarnına siqaret çəkməkdən qarınları şişib. Güdürdük ki, zəng gələcək, od söndürüb yağlı nahar pulu alacayıq. Tərslikdən püşkümüzə bu vəziyyətdə siz düşdünüz. Heç bilmirəm nə deyim!

- Əə siz də lap ölü baş altısını gəzirsiz a xaloğlu! Əə siz kimsiz? Yenə bir iş görsəydiz bir şey. Siz ki, əlizi cibizdən çıxartmayıbsız! 

- Əə heç olmasa klüçəylən kola pulunu verginən. Yoxsa, dostlarım uzümə tüpürərlər. Deyərlər: "Çox deyirdin xaloğlum belə gəldi, xaloğlum belə getdi. Bu da sənin xaloğlun!"

- Bu gün bizə dəyən dəyib. Gə bunu da siz yandırın. - Pulu əlində tutaraq dedi Şapur. - Sizin söndürdüyünüz yanğının...

Sözünün qalanını gərmic apardı uçan tayaların dalısınca.

Yanğın söndürənlər böyük bir davadan zəfərlə qayıdırmış kimi xımır-xımır gülümsəyib atladılar maşına. Hərəkət etmədən şofer üç-dörd kərə zəfər qazı pedalına basıb, tüstülüyündən girli tüstü buraxıb, getdilər. Gedə-gedə şüşədə pulu bölüşürdülər.

Şapur ayaqqabısını dəyişdi. Zığlı çəkməni geyinib, beli götürüb, motorunu mindi. Heç kəsə dönüb baxmadı! Getdi Muğanın qızmar günəş altında yanan, odlanan tarlalarını Arazın lil suyu ilə suvarmağa…

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)