QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

48-ci hissə

 

Son məktub

 

“Rüfət.Əzizim, canım, padşahım, sultanım, ən çox istədiyim insan, istədim sənə telefonda yazım göndərim, amma dedim, yox, qoy sənə ovaxtkı kimi yenəkağız məktub yazım, həmin hissləri yenə yaşayım. Çünki bu yazımda sənə çox şeyləri anladacam, hansı ki, göz-gözə anlada bilməmişdim.

Sən bilirsən kimsən? Sən mənim ən ülvi hisslərimin təcəssümüsən deyərdim, ancaq bu, azdır. Sən mənim xoşbəxtlik arzularımsan deyərdim, ancaq bu da azdır. Sən mənim döyünən ürəyimsən, aldığım nəfəsimsən.

Növbəti gündə günəşin doğmasını səninlə görmək istəyərdim. Ləpələrin sevgi dolu sahilə çırpılmasının səsini səninlə dinləmək istəyərdim. Günəş doğanda istəyərdim başımı çiyninə qoyum, qoxunu hiss edim. Əlim qollarını tutub kişi əzələlərini hiss etsin. Sən də mənim saçlarımı nəvazişlə sığallayasan, mənim sultanım. Eh, sən bilirsən bu anlara yetişmək üçün nə qədər göz yaşları axıtmışam?

Amma sabah olmayacaq daha mənimçün. Əsas odur, mənim son məktubumun son sözlərini sən oxuyacaqsan. İlk xəyallarım, ümidlərim səninlə olub, əzizim. Son xəyallarım və ümidlərim də səninlə olacaq.

Sənə bu sözləri yazıram. İnan ki, qısa yazmaq istəyirdim, ancaq alınmır. Bir fikir mübadiləsi də etmək istəyirəm. Biz qadınlar siz kişiləri sevərkən öz sevdiyimiz, fəxr etdiyimiz, güclü saydığımız atalarımıza oxşadırıq. Sizi Allah sevgisi ilə sevirik. Bəs siz? Sizin də sevginiz belə ülvidirmi? Əksər halda yox. Bir dəfə hansısa romandan oxumuşdum, sevgi -- qadın ömrünün qalın romanı, kişi ömrünün qısa hekayəsi. Kişilər qadınlarla münasibətə əksərən əyləncə, eyş-işrət kimi baxır, bu bəsitlikdən çıxa bilmirlər.

Sadəcə əsl kişi olmaq lazımdır. İstəyirsən çoban ol, istəyirsən xan. Qadını kişilərə tərəf sözlər yox, hisslər çəkir. Hər qadın xanım olmadığı kimi, hər kişi də ərən deyil.

Təbii olan hər şeyə biz cəmiyyət çirkin obraz verməyi sevirik. Küçə qadını ilə ev qadını arasındakı sərhəd, incə xətt hardadır? Axı küçədəsizin seçdiyiniz, hədiyyələrə, şirin dillərə, yalvarışlara tutduğunuz qadınlar var, onlara qarşı bu cür münasibət göstərsəniz də, evinizdəki öz halal xanımınızla kobud rəftar edirsiniz, qışqıra-qışqıra, təhqirlərlə danışırsınız. Siz kimi seçirsiniz axı, küçə qadınını?

Əzmək, alçaltmaq siz kişilərə zövq verir. Əməl əxlaqın ölçüsüdür. Əxlaq isə cəmiyyətin. Cəmiyyət sütunu sayılan siz kişilər cinsəl olaraq acsınız, doymamısınız. Doymazlıq və aclıq birləşəndə hər qadını siz kişilər fahişə qismində görürsünüz.

Siz kişilər maariflənmək istəmirsiniz. Ancaq lağa qoymaq, ən pis sözlər söyləmək bizim cəmiyyətdə dəbdir. Küçə sözlərini elm, maarif kimi qəbul edirsiniz. “İstəmirik maariflənmək” deyirsiniz.

Kütləşmək səviyyəsi cəmiyyəti aciz qoymaqdadır. Pozğunluq, əxlaqsızlıq, oğraşlıq toxumu bizi bu günə qoyub”.

Fikirləri ara-sıra pozulurdu, mətləbdən-mətləbə keçirdi. Bəzən dayanır, nədən yazacağını unudurdu. Beləcə, son məktubunu yazmaqda idi. Ətrafdakı insan axını isə hərəkətində-sözündə olmayan, daşın üzərinə əyləşərək dizinin üstündəki çantasını özünə masa edib göz yaşları axıda-axıda nəsə yazan bu qadını maraqla, bəziləri təəccüblə süzməkdə idi.

“Hər kəsin cinsəl həyatı cəmiyyət üçün maraqla qarşılanır. Hamı hamını güdür, söz aparıb gətirir, şəbədə qoşma, şər atma dəbdən düşmür.

Ən dəhşətli xəyanət insanın özünə, öz ruhuna, öz prinsiplərinə, yaşadığı həyatına xəyanətidir.

“Milli fahişə”. Bu sözə ara-sıra rast gəlməkdəyəm. Siz kişilər bu yarlığı biz qadınlardan çoxdan asmısınız.Bəs biz qadınlar milli oğraş, milli alçaq, milli nakişi sözlərini niyə işlətməyək? Axı bunlar da kişi fahişəliyidir.

İllər boyu biz qadınlara uşaqlıqdan “qızım, ağıllı ol” nəsihəti verilir, bir az böyüdük, bizə“özünü ailəyə uyğun apar” deyirlər, “ərə gedərsən, necə bilirsən, elə hərəkət edərsən” deyə qulağımızdan əriştə asırlar. Ərə gedəndən sonra isə “səbirli ol, döz” deyirlər, “ərin zülm verdi, qayınanan incitdi”, “gələn il hökmən yaxşı olacaq” deyib başımızın altındakı balışı rahatlayırlar, illər də belə bitir. Sual edirəm. Həyatımızı kim puç edir?

Bir saniyəyə insan öz xoşbəxtliyini itirə bilər. İnsanın içi boşluqla dola bilər.Bir səhv insan həyatını sona çatdırır.

Dünyanı sevgi və aclıq idarə edir. Əgər sən maddiaclığa qalib gəldinsə,onda mənəvi aclığa yenilməyəcəksən, sevgiyə gələcəksən.

Məni kim fahişə etdi? Cəmiyyət, ailəm, ərim, sevgim, oxuduğum kitablar, baxdığım teleseriallar və ya şou proqramlar? Yoxsa elə fahişəlik mənim içimdə yatmış idi?

Yoxsa genimdə var idi?

Mənim günahımı kim boynuna götürəcək?

Nə olur-olsun, hər günah sahibi mənəm. Mənə nə bu dünyada, nə o dünyada məhkəmə bəraət verə bilməz.

Qəbrimi daha dərin qazın. Və adsız, balaca başdaşı qoyun ki, heç olmasa mənə də kimsə kim olduğumu bilmədən dua oxusun. Qoy itim bu dünyadan. Övladım utanmasın nə vaxtsa.

Hər murdarlığı gördüm. Bilirsən, ürəyim, canım, Rüfətim, bu söz sənə şamil edilə bilməz, amma siz kişilər hər yerdə eynisiniz.Sadəcə, rənginiz, diliniz başqadır. Düşüncəniz və psixi durumunuz eynidir. Yazıqlar olsun sizlərə ki, hələ də biz qadınlara qiymət verə bilməmisiniz.

Birvaxtkı məsum Ülkərdən daha əsər-əlamət yoxdur. Gözəlliyim, paklığım --hamısı puç oldu.

Rüfət, qəlbimdə həmişə sənə olan sevgimi illər boyu varlığımla qorumuşam. İndiyədək ruhumda, içimdə, düşüncəmdə mənimlə birgəsən. Hara baxmışam, həmişə səni görmüşəm.

Pul ilə qadının bədənini almaq olar, sevgisini yox. Bəzən sevgi bədbəxt eləyir, bütün sevənlər çox da xoşbəxt olmurlar. Sən vicdanı, ruhu təmiz bir insan olduğunçün hər bir insanı təmiz və pak görürsən. Sanki pak bir uşaqsan. Sənə yalvarıram, diz çöküb qarşında təvəqqe edirəm, bu cür qal, onda cəmiyyət yaşayacaq. Sən tək deyilsən, Rüfət, sənin kimi ərən kişilər az da olsa, var.

Bizim kimi pula satılan qadınlar hər dəfə yatağa girdikdə bilirsən necə əzab çəkir, cizmən əriyib külə dönürük?

Dünya həssas insanlar üçün cəhənnəmdir, bil. İnsan yaşayarkən insan kimi yaşamalıdır. Sevgiylə, xoşbəxt. Sən mənim əlçatmaz ulduzumsan, Rüfət. Həyasızda vəfa axtardıq, əxlaqsızda iman.Sən mənim həyatımda ən dəyərli kitabsan. Heyif ki, mən onu axıradək oxuya bilməyəcəyəm.

İndi məni ən çox bilirsən nə düşündürür? “Qiyamət günündə mən kim olacam” sualının cavabı. Fahişə, yoxsa ana?

Əməl əxlaqın ölçüsüdür. Mən hər bir qadın kimi sevgi yaşamaq, yaşatmaq istədim. Gözəl həyat yoldaşı, ər sahibi, xanım olmaq istədim. Amma mənim dünyam mənə zindan oldu. İnsanlığım cəhalət quyusunda öldü.

Mənim indi bir dostum var, o da Allahımdır. Sənə olan sevgidən uzaqlaşmaq istəyirəm. Çünki Allah bilir ki, səni nə qədər sevirəm.

Həmişə qəlbimdə olan sevgini bütün varlığımla qorumuşam. Yeganə insansan ki, mənimlə mehribanlıqla, sevgi diliylə, təmiz danışdın. Dedim axı, çünki sən özün təmiz və paksan.Mən Allahdan sevgi istəyirdim, o da sənin qismində verdi. Bir arzum var idi: sevmək, o da oldu. Səni gördüm. İnamım, imanım artdı. Mənim gözüm kor idi bu vaxta qədər. Sən açdın gözümü.

Səni ləkələyə bilmərəm. İstəmirəm ki, mən sənin yanında gedəndə kimsə barmaqla göstərsin ki, fahişə saxlayana bax.

Rahat ölməyimi istəyirəm, Allahın günahlarımdan keçməsini istəyirəm.

Övladıma baxmağını səndən xahiş edəcəyəm. Bu qısa müddətdə sən mənə yaşadığım rəzillikləri unutdurdun. Göz yaşlarım indi kədər deyil, sevinc yaşlarıdır, sevgi yaşlarıdır. Bir saniyəlik olsun belə sevginin dadını mənə göstərdin.

Məndən narahat olma, ölümümə çox da təəssüflənmə, mən kim, sən kim!.. Sən daha layiqli xoşbəxtliyə sahib olmalısan.

Bir saniyəlik sevgim mənə illərlə verilən əzab-əziyyəti unutdurdu, mənim əzizim, balım, canım.

Sənin saf sevginə layiq deyiləm. Mənim gözlərim kor, dilim lal, ürəyim möhürlü olub. Mən cəhənnəm odunda yanmağa layiqəm. Mənim həyatım və qəlbim illərlə günahlarla, küfrlə, suçlarla dolu idi, mən zəlil, ruhu ölmüş bir cəsədəm.

Rüfət, əzizim, ancaq bütün bunlarla belə, dünyanın ən böyük xoşbəxti mənəm ki, kəfənimin üstünə sənin sevgi dolu göz yaşların axacaq. Bir xahişim də var. Mənə həmişə qızılgül hədiyyə edərdin. Məzarımda qızılgül əkərsən ki, həmişə sənin ətrini hiss edim, ey mənim əbədi, hər iki dünyadakı sevgilim”.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)