Vəfalı Qaraköpək – Zahirə Cabir Featured

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

 

Vəfalı Qaraköpək

(əfsanə)

Uzaq keçmişdə gözəl, sərvətləri bol bir məmləkətdə oğuz tayfaları yaşardı. Qədim vaxtlardan bu tayfaların sakinləri dəmirçilik, qalayçılıq, misgərlik, dülgərlik, dabbaqlıq, xalçaçılıq, toxuculuq və dulusçuluqla məşğul olardılar.Tayfalar öz məşhur sənətkarları ilə seçilərdi. Murad adlı bir dulusçu kuzələrin, bardaqların, səhənglərin, cürdəklərin, parçların üstünə vurduğu naxışlarla ad çıxarmışdı. O tayfa başçısının qızı Mələyi sevirdi. Hər gün onun eşqilə yaşayır, qızıl əlləri ilə gildən düzəltdiyi qablara sehrli naxışlar vururdu. Az keçmir ki, tayfa başçısı bundan xəbər tutur. Murada xəbər göndərir ki, öz tayın tapsın, onun dulusçuya verəsi qızı yoxdur. Və Mələyi bir başqasına nişanlayır. Bu xəbəri eşidən gündən Murad məmləkəti tərk edir, uzaq bir yola çıxır. Az gedir, düz gedir, dərə-təpə düz gedir, nəhayət yaşıl otlardan köynək geymiş, döşünə rəngbərəng çiçəklər taxmış bir təpəyə çatır. Buranı özünə məskən seçir. Palıd meşəsinin arxasında, təpənin yuxarısında özünə bir ev tikir. Muradın tikdiyi evə  kəndin içindən keçən dar cığırla ilan kimi qıvrıla-qıvrıla güclə qalxmaq olardı. O burada yaşadığı ilk gündən doğma torpağın ətrini duyur, xüsusi bir nəşə ilə  sərinləşməkdə olan yaz havasını ciyərlərinə çəkir, sinədolusu nəfəs alır. Bu təpədə gil çox olduğundan Murad dulusçu sənətini yaşatmaqla yaşamağa davam edir.

Muradın sevdiyi sənəti - dulusçuluğu məhəbbətlə döyünən ürəyinin harayına yetişir. Bu sənət ona həm sevinc, həm də kədər gətirir. Sarı gili əlində övkələyib ondan istədiyi formanı alırdı. Gil öz məhəbbətinə sadiq qalmış bir aşiqin köməyinə çatmışdı.

Beləcə Murad bütün qəlbini, varlığını bu sənətə bağladı. O, düzəltdiyi hər bir su qabında Mələyin surətini gördü. Əsrarəngiz naxışlarla bəzədilmiş səhəng, kuzə, bardaq, su qablarının şöhrəti tez bir zamanda hər yerə yayıldı. Onun su qablarına vurduğu basma nəbati naxışlar göz oxşayırdı. Həm də dulusçu bu qablara heç kimin oxuya bilmədiyi sevgilisinin adını kufi hərflərlə yazardı.Gözəl naxışlar salan dulusçunun əl işləri pənah gətirdiyi bu gözəl diyarda məşhurlaşdı. Xəbərin ayağı qovraq olar. Xəbər padşaha da çatdı. O dulusçunu sarayına dəvət etdi və dedi:

-         Mən istəyirəm ki, mənim sarayımın divarlarına elə naxış vurasan ki, o naxışdan heç bir padşah sarayında olmasın.

Murad padşaha təzim edərək dilləndi:

-         Padşah sağ olsun, mən adi bir dulusçuyam. Vurduğum naxışlar sevgimin rəmzidir, nişanədir. Onu yalnız su ilə dolan qablara çəkirəm ki, sevən ürəklərin yanğısını söndürsün. Divarlara rəsm çəkmək özgələrin işidir. Bu işi mən bacarmaram.

 Şah Muradın cavabından bərk qəzəbləndi və onu sarayından qovdu.

Dulusçunun bir qara köpəyi vardı. Vəfası ilə ad çıxarmışdı. Qaraköpək dulusçunun özünü, evini göz bəbəyi kimi qoruyardı. Quş quşluğuynan onların həndəvərində uça bilməzdi. Murad da köpəyi sevər, əzizləyərdi.  Həftədə bir dəfə bişmiş gil qabları ulağına yükləyər, bazara aparar, əvəzində özünə lazım olan ayın-oyunu alardı.

Padşah çox kinli idi. O dulusçunun sözlərini heç cür uda bilmirdi. Odur ki, öz vəzirinə bir tədbir görmək üçün əmr etdi. Tez bir zamanda vəzir dulusçunun yaşadığı yeri öyrənir və bir gün bazara getdiyini biləndə evini xaraba qoymaq üçün adamlarını göndərir. Dulusçu evdə olmasa da evi qoruyan dulusçunun iti- Qara köpəyi ordaydı. Vəzirin adamlarının dulusçunun evinə yaxınlaşdığını görən Qara köpək onların üstünə atılır, hamısını dişindən keçirir, yaralanmış halda qaçıb güclə canlarını qurtarırlar.

Bunu görən vəzir şahın əmrini yerinə yetirə bilmədiyi üçün çox bikef olur, nə olursa olsun Qara köpəyi öldürməyi fikirləşir. Az keçmədən quşu gözündən vuran bir oxatan tapır. Oxatan, oxla Qara köpəyin ürəyindən nişan alır, köpəyi öldürür. Vəzirin adamları dulusçunun evini, həyətindəki kürə sobanı, bütün mallarını dağıdıb sındırır, evin yandırıb kül edirlər.

Dulusçu axşam bazardan evə qayıdır. Evin yanmış, viranə görür. Vəfalı dostu Qara köpəyi axtarır, oxla vurulmuş cəsədini tapır. Xeyli ağlayıb. Köpəyi təpədə basdırır.

Dulusçu həmin diyarı tərk edib gedir. Amma xalq həmin təpəni Qaraköpək təpəsi kimi tanıyır. Qərinələr kecsə də itin vəfası ilə ad qazanan təpə hələ də dulusçunun yaşadığı təpə kimi tarixdə yaşayır.

Qaraköpəktəpə - Azərbaycanın Füzuli rayonu ərazisində, Köndələnçayın sağ sahilində yerləşən arxeoloji tarixi abidədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)