“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də El Roman Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, "Mağara dağların əsnəməsidir", "İkimizi bir tanrı yarartmış ola bilməz", "Sən tərəfdə gün doğur, mən tərəfdə gün batır” və s. misraları ilə gənclərin sevimlisi və “Sənsizliyin baş hərfi", "Ağ kvadrat" kitablarının müəllifi, istedadlı  gənc şair, müxbir El Romandır.

 

1).El Roman bəy, xoş gördük. Təxəyyülünüzün zənginliyindən xəbərdarıq və istərdik ki, ard- arda düzülən və səbri tükənən suallarımızı gözəl cavablarınızla sevindirəsiniz.

Və ilk sırada yer almaq hüququ qazanan qürürlu yerişi ilə addımlayan sualımızı dəvət edirəm.

 

O da səni unutdu, gedənlər ayrılığın

adını qismət qoyar.

Həyatdı da, gün gələr, xətrinə can qoyduğun

ətrinə həsrət qoyar.

Elə gözəl gedər ki, göydən düşən hər ulduz

gedəninə bənzəyər.

"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan

bədəninə bənzəyər. ( El Roman)

 

El Roman bəy, " Sənsizliyin baş hərfi" , ümumiyyətlə, hər hansı bir əlifbada varmı, yoxsa, hisslər mücərrəddir nə şəkli var, nə də işarəsi?

 

- "Sənsizliyin" baş hərfi "S" hərfidir. Şeirdə də elə bu formada yazmışam. Xüsusi bir hərfə, yaxud hər hansı bir mücərrədliyə işarə yoxdur. "Sənsizliyin baş hərfi yataqda tək qıvrılan bədəninə bənzəyər" misrasında onsuz da görmək olur bunu. Amma hər bir halda, şeiri yazarkən mən belə nəzərdə tutmasam da, hər kəs üçün sənsizliyin baş hərfi fərqli də ola bilər. Bu isə çox sentimentaldır. Biri var, "sənsizliyin" baş hərfini "S" kimi görüb, sentimentallığı fikirlə hərfin arasında bölüşdürəsən, biri də var, "Sənsizliyin" baş hərfinə dəxlsiz bir hərf deyəsən, bütün yükü atasan quru bir hərfin üstünə. Məncə, bu doğru deyil. 

 

2) Cek Londonun  Martin obrazı  ən sonda anladı ki, məşhur və zəngin olmağın önəmi yoxdur. Səni olduğun kimi öz sevdiyin qəbul etmirsə, cəmiyyətin çox hissəsi nüfuza, şöhrətə aşiqdirsə, bu saxta həyatdan qurtulmaq lazımdır.

Bəs El Roman Martin İdenə intihar etdiyi üçün haqq qazandırırmı?

 

- Heç bir intihar hadisəsinə qarşı mənfi fikirdə deyiləm. Dünyaya gəlib-gəlməməyi özün seçmirsən ki, sonradan seçimini bəyənməyib intihar edəndə səni qınasınlar. Sənin payına düşən budur. Haqqın da çatır ki, istədiyin vaxt əlinin tərsi ilə itələyəsən. Hər bir halda, biz intihar edənlərin həmin andakı psixologiyasını onların özündən daha yaxşı bilmirik. Amma mənim fikrimcə, İdenin intihar səbəbi əsassız idi. Yazıçılar intiharı bu qədər ucuzlaşdırmamalıdır. Yazıçı çatdırmalıdır ki, intihar etmək hər kəsə qismət olmur. Çexov deyir ki, necə gözəl bir gündür, çay dəmləyim, özümü asım, qərar verə bilmirəm". Bu qədər sadə.

Elə təəssürat yaradırlar ki, hamı intihar edə bilər, amma nə olur olsun, etməməlidir. Xeyr, əksinə, hamı intihar edə bilməz, amma kefi istəyirsə, edə bilər.

 

3) Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz. ( Viktor Hüqo) 

 

Gedişini xəyal edib

Gülüşündən yan keçirəm. 

Göz yaşımı sel edənin 

Göz-qaşına and içirəm.

 

Günahkaram, damarımdan 

Qan içənə qansız dedim. 

Can alana canan deyib

Can verənə cansız dedim... ( El Roman)

 

El Roman bəy, sevginin əzabı acıdırmı, yoxsa şirin, bəlkə də, hər iki daddan yaranan bir daddır?

 

- Məncə, sevgi ən orijinal hissdir. Heç bir hissin törəməsi deyil və heç bir hissə yaxın deyil. Yerdə qalan istənilən hiss hansısa başqa hissdən törəmədir. Sevginin o qədər dəqiq simptomları var ki, kimisə sevən kimi bu hissin adının sevgi olduğuna əmin ola bilərsən. Ad qoya bilməyənlər artistlik edir. "Sevginin əzabı" deyilən bir şey yoxdur. Əzab nəyə deyirsiniz ki? Qarşı tərəfin tərk etməyi nəzərdə tutulursa, bu çox absurd və əsassız düşüncədir. Tərk edilmək sənətdir axı. Özün özünün sənətkarı olursan. Sən sonradan bu haldan istifadə edərək bərkiyirsən, yoğrulursan, xarakter formalaşdırırsan. Hansı əzabdan söhbət gedə bilər? Əzab sevə bilməməkdir. Gör onda yeməyin dadını bilirsənmi? Yuxundan ləzzət ala bilirsənmi? Ümumiyyətlə, sevə bilmirsənsə, nələrə güləcəksən?

 

4)  El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?

 

- Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...

 

5) Mənə inanmırsan?

gözümlə gördüm,

ayna qarşısında balaca uşaq

pomada sürtürdü

dodaqlarına.

 

Nikah masasında oturan o qız

stuldan sallanan ayaqlarıyla

tapdaya bilmirdi

yanındakının

qırx altı ölçülü ayaqlarını. ( El Roman)

 

El Roman bəy, erkən nikah sosial problem kimi aktualdır. Erkən nikaha göz yuman valideynlərə nə söyləmək istərdiniz?

 

- Mövzunun mənə aidiyyatı olmadığı üçün bu suala cavab vermək istəmirəm. 

 

6) Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü. (Nitsşe)

 

El Roman bəy, bu fikrə münasibətiniz necədir?

 

- Reallıqdır ki, ən yaxın dostun da, düşmənin də özünsən. Özün özünü vurmaq üçün həmişə tətikdəsən. Həmişə istəyirsən ki, səhv edəsən, o səhvini öz içində üzünə vurasan. "Bir mən var məndən içəridə". O içindəki sən həmişə hazırdır ki, yanılasan, büdrəyib yıxılasan. Yıxılan da sənsən, yıxılanı baltalayan da. Ölən də sənsən, öldürən də.

 

7) Mağara?!

görəsən, nəyin nəsidir?

Mağara – dağların əsnəməsidir.

Tərsinə asılmış quş qəfəsidir

Belə eşitmişəm yarasalardan...

 

Bir qoca dedi ki, hələ diriydi

dünən gömüləndə o qız torpağa.

Sonra...

Gəldiyi yerlərə qayıtdı hər şey-

adamlar torpağa, kağız torpağa... ( El Roman)

 

El Roman bəy, bir gün torpağa dönən bəzi insanların " qumdan hazırladıqları uca təkəbbür qalalarının" müvəqqəti olduğunu  anlamamalarının səbəbi nədir?

 

- Bu, tarix boyu belə olub. Heç var-dövlətə də ehtiyac yoxdur ki, sən həyatdan ikiəlli yapışasan. Can şirin şeydir. Hamı ölmək istəyir, amma heç kəs ölmək istəmir. Böyüklər ölməkdən, uşaqlar necə ölməkdən qorxurlar. Hər kəs bu reallıqdan xəbərdardır ki, öləndə özünlə heç nə aparmayacaqsan. "Aparmaq" sözünü də elə rahat işlədirik ki, sanki harasa gedəcəyimizdən tam əminik, hələ bir nəyisə aparıb-aparmamağı da müzakirə edirik. Ölüm bilinməzlikdir. Dünyanın ən sirli hadisəsidir. Gözəl tərəfi də məhz budur, yeganə şeydir ki, texnologiya və ya duyğularla ayaqlaşmayacaq və həmişə sirli olaraq qalacaq.

 

8) El Roman bəy, Sizin üçün kimlər cahil adlanır?

 

- Birmənalı olaraq, cahil allaha inanmayandır. Sən dinə, peyğəmbərə, kitaba inanmaya bilərsən, amma hansı məntiqlə allaha inanmayasan? Allah sözü xoşuna gəlmirsə, öz yaradanına özün ad qoy. Amma səni yaradanı inkar etmə. Bu biabırçılıqdır. Cahillikdir.

 

9) İncimədi kağızım, indicə bir qələmlə

incidəni yazıram.

Həyatdı da əzizim, bir vaxt sənə yazırdım,

indi səni yazıram.

 

Həsrət bükdü belimi, barı, yanımda qalsan,

cəhənnəm, dik olardım.

O qədər ağlamışdım, kirpiyim oruc olsa,

cəhənnəmlik olardım.

 

Alnımda bir ləkə var, səbəbi nə, sirri nə,

bəlkə bir tikə qaldım?

Alın yazım sən idin, tanrı səni pozanda

yerində ləkə qaldı. (El Roman) 

 

El Roman bəy,  " Alın yazısı", "İradə azadlığı" anlayışları ilə bağlı düşüncələrinizi oxucularınızla bölüşərsinizmi?

 

- Alın yazısı deyilən bir şey, şübhəsiz ki, var. Ola bilər ki, adı xoşuna gəlməsin, amma bu onun mövcudluğuna xələl gətirməz. Bayaq adlandırdığım cahil qrup deyir ki, alın yazısı varsa, yəni bu yazı əvvəlcədən alnıma möhürlənibsə, mən niyə əməllərimə görə hesab verməliyəm? Fərz edək ki, bir təpədə dayanmısan. Əlində qələm və kağız var. İki qatarın sürətlə bir-birinə yaxınlaşdığını görürsən. Elmin sənə verdiyi avantajdan istifadə edərək qatarların sürətlərinə əsasən kağıza yazırsan ki, bu qatarlar 1 dəqiqə sonra toqquşacaq. Doğrudan da görürsən ki, qatarlar 1 dəqiqə sonra toqquşur. Həmin qatarlar sən kağıza yazdın deyəmi toqquşdu?

Sən bunu əvvəlcədən gördün və yazdın. Amma həmin qatarların toqquşmasında müxtəlif amillər var. Bu maşinist səhvi, hava şəraiti, texniki problemlər və sairə ola bilər. Allah alnına yazını yazırsa, bu onun gələcəkdən xəbərdar olması ilə əlaqədardır, çünki allah üçün zaman anlayışı düz xətdir. İstənilən halda, öz əməllərinin və nəticədə başına gələcək hər şeyin səbəbkarı məhz özünsən.

 

10)  Çağdaş Ədəbiyyatımızdan hansı şairlərimizi bəyənirsiniz, adlarını söyləyə bilərsinizmi?

 

- Bütün qadın şairləri)

 

-Dəyərli El Roman bəy, rubrikamıza vaxt ayırdığınız üçün Sizə minnətdarıq, hansı sualımız daha çox ürəyinizə yatdı?

 

- Səmimi söhbətə görə təşəkkür edirəm. Bütün suallardan razı qaldım. Uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)