Qərbi Azərbaycan bədii irsi - Məhərrəm Təvəkküloğlu Featured

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Qərbi Azərbaycan tək adət-ənənəsi və yallısı ilə məşhur deyil. Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O, Vedi nahiyəsi Şitti kəndində Nəğmə və Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 1988-ci ildə doğma yurdundan ayrı düşmüşdür. Şuşa rayonunda və Bakı şəhərində pedoqoji fəaliyyətinə davam etmişdir. O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla da məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur. 

Sizə onun bədii irsindən nümunələr təqdim etmək istərdim.

 

Şitti

 

Sol yanın Boralan, Sinən Ağrıdı,

Günün toy-bayramla keçirdi, Şitti.

Güllü yaylaqlarda, buz bulaqlarda

Suyunu ləzzətlə içirdim, Şitti.

     

Başından aşırdı varın, dövlətin,

Vedi mahalında vardı hörmətim,

Halal yaşamaqdı sənin niyyətin,

Xeyir-şəri ölçüb-biçirdi Şitti.

    

Kasıba, yoxsula olurdu kömək,

Qərib adamlara verərdi yemək.

Dolanıb firavan, bilməzdi ölmək,

Süfrəni kasıba açırdı Şitti.

    

Məhərrəm qəm yemə, ümidlə yaşa

Artıq yetmiş yaşı vurmusan başa.

Dərdin, qəmin getsin dağlara, daşa,

Qisas almaq üçün köçübdü Şitti.

 

(Məhərrəm Təvəkküloğlu.

“Ulus” qazeti 2002-ci il 13 dekabr №89(244).

 

Bunu da qeyd etmək lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında (son deportasiya-  1988-1991-ci il) Şitti (Şidli) kəndində yaşayan  azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)