POETİK QİRAƏTdə Yusif Nəğməkarın “Barışmaq olar” şeiri

 

Poetik Qiraətdə bu gün sizlərlə Yusif Nəğməkarın “Barışmaq olar” şeirini təqdim edirik. 

 

BARIŞMAQ OLAR...

 

(Bir tanışım məndən soruşdu ki, təsadüfi  anlaşılmazlıqdan xətrinə dəydiyim istəkli dostumla barışa bilərəmmi və necə?

Ona belə cavab verdim):

 

Könül, hər incikdən sarsılıb sınma,

Gözlər peşman baxsa, barışmaq olar.

Nisgil alovuna bürünüb yanma,

Şimşəklər od çaxsa, barışmaq olar.

 

Nə bəhərdən öyün, nə küs uradan,

Haqq ilə nahaqqı seçər Yaradan!..

Günlərlə, aylarla belə, aradan

Soyuq sular axsa, barışmaq olar.

 

Şirin vəd, məqsədli tərifdən sarı

Kimsə yarı duyar, anlamaz yarı...

Ciddiyə almayıb hər intizarı,

Gözün-könlün toxsa, barışmaq olar.

 

Qızıb üz döndərmək bir xətər isə,

Firqətin zillətdən daha betərsə, 

Ömür gedərisə, can ötərisə,

Bu həyat yuxusa, barışmaq olar.

 

Hər ağrı, hər acı heç ah sayılmaz...

Hər səhv, hər təqsir də günah sayılmaz...

Hər kəlam qarası pənah sayılmaz,

Sözün üzü ağsa, barışmaq olar.

 

Həzər o gündən ki, əhd itirələr!..

Sevgiyə, ülfətə cəhd ötürələr!..

Dönüb saf bulağa xoş xatirələr

Bəbəklərdən çıxsa, barışmaq olar.

 

Nəğməkar, nə qədər ara sərinsə,

Üzüdönüklük də buztək ərinsə,

Qəzəb, umu-küsü necə dərinsə,

Tək xəyanət yoxsa, barışmaq olar!..

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)