QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

46-cı hissə

 

Sona doğru

 

Süleyman sürətdə onu qabaqlayan və son hissəni oxumaq üçün səbirsizlənən qızlara “Aparıb sonunu evdə oxuyacam, əl çəkin məndən” təpkisini göstərib evinə yollandı. Həyatı boyu Zərrinindən nəyisə gizlətməmişdi. Və indi onun nəyisə gizlətdiyinə tam əmin olan və incikliyini büruzə verən həyat yoldaşına hər şeyi birər-birər danışası oldu. Elgünün zorla otağına soxulması, onun saqqal saxlamasına iradı, gərginlik işində keçən bu son üç gün və Ülkərin taleyi – hamısını danışdı, Zərrin kitab oxuyan deyildi, hazırda əksər qadınlarımız kimi, onun da meyli teleseriallara idi. Bununla belə, Ülkərin taleyi onu maraqlandırmışdı. Xüsusən ərini “əsir-yesir” edən bu əhvalatı öz gözləri ilə oxumaq istəyirdi. Süleyman əvvəlki vərəqlərin işdə qaldığını deyib acgözlüklə əlindəki son vərəqləri oxumağa girişdi.

Fərqində də olmadı ki, yeməyini yemədi, çayını içmədi, kostyumunu çıxarıb pijamasını belə geymədi.

 

 

47-ci hissə

 

Bu da son qərar

 

Saat 11-ə işləmişdi, Ülkər qeyri-iradi eyvanda bitmişdi. Gəlib dayanan hər avtomobildən indicə Rüfətin düşəcəyini zənn edirdi.

İşə bax, Rüfət indicə gələcək. Amma o, hələ də qərarını verməyib. Belə olmaz. Əsla olmaz.

İçəri keçdi, otaq boyu var-gəl elədi, yenidən eyvana keçdi.

Qərar qəbul etmək lazım idi.

Saatın əqrəbləri irəlilədikcə həyəcandan ürəyi yerindən qopmaq həddinə gəlirdi.

Rüfətlə bir ömür xoşbəxt yaşayacağına əmin idi. Balasına da Rüfət atalıq edəcəkdi, doğma atadan daha doğma olacaqdı. Rüfət kişi etalonu idi, bu qədər gözəl xasiyyətli bir insanı Allah ən yaxşı halında dünyaya gətirmişdi, yəqin. Ömründə ədalətsiz iş tutmayacaq, qaba söyüş işlətməyəcək biri idi Rüfət. Yaraşıqlı, hündürboy, gülərüz, mehriban, mənəvi zənginlikləri aşıb-daşan birisi idi o. Üstəlik də, bu boyda sərvət yiyəsi idi.

İşə bax, tək idi, amma evlənmək istəmirdi, Ülkəri görən kimi evlənmək təklifi etdi. Demək, bütün bu illər ərzində qovuşacaqlarına bir inamı olubmuş onun. Bəlkə də Ülkəri axtarırmış, soraqlayırmış. Görürsənmi, Ülkər həyatını danışmaq istəyəndə dedi, danışma, özüm bilirəm.

Amma indisini yəqin bilməzdi, Ülkərin sirr kimi saxladığı fahişəlik həyatını, yəqin ki, bilə bilməzdi Rüfət. Heç ən yaxınları belə bunu bilmirdilərsə, o, haradan biləcəkdi? Bilsəydi, yəqin, evlənmək təklifini də etməzdi.

Bəs bundan sonra bilsəydi necə olacaqdı?

Bir gün elə işini atıb Nazanı tək qoyduğuna görə Naza ondan qisas ala bilərdi axı, Rüfətə deyərdi ki, arvadın filan yolun yolçusu olub. Onda necə olacaqdı?

Heç kimsə deməsəydi belə, Ülkər necə qəbul edəcəkdi bir ömür ən sevdiyi adamı aldatdığını? Ona dürlü sözlər deyən, onu öpüb-oxşayan, əzizləyən birisindən necə gizlədəcəkdi ki, bu dodaqlar murdardır, bu bədən murdardır, bu ürək murdardır?

Necə olacaqdı bunun axırı?

Yalnız indi, saat 10.44-də qəti qərar verdi ki, Rüfəti aldada bilməz.

Ən böyük həqiqət o idi ki, Rüfəti çirkaba bulaşdıra bilməzdi.

Qəribədir, insan ən sevdiyi birindən zorən ayrılmaq qərarı verir, halbuki bu qərarı verməyib bir ömür var-dövlət içində maska taxaraq xoşbəxt ömür yaşaya bilər. Amma vicdan deyilən bir məfhum var, vicdanı “hə” deməyə imkan vermirdi Ülkərə.

Fahişələr bu obraza uyğunlaşandan sonra özlərinə bəraət qazandırmağa başlayırlar, Ülkərsə bu obraza əsla uyğunlaşa bilməmişdi heç vaxt. Fahişə kəlməsi həmişə dilini yandırmışdı.

Gözlərindən yaş axıda-axıda telefonunu əlinə aldı, vatsapı açdı. Əlləri titrəyirdi, “Salam” yazdı, necə hönkürdüsə, xeyli özünə gələ bilmədi. Sonradan-sonraya anlayanda ki, yubanmaq olmaz, hər dəqiqə Rüfət qayıdıb gələ bilər, davamını yazmalıdır, yaza bilmədi.

Sonra çamadanını yığışdırdı. Bu çamadanla bir vaxt rayondan Bakıya gəlmişdi oxumağa. Küncləri artıq yeyilmişdi, gör neçə ilin çamadanı idi. Hətta əli pulla oynayanda belə onu dəyişməyə qıymamışdı. Ömründəki ləkəsiz, təmiz illərinin -- ata evində keçən illərinin qoxusu qalmışdı sanki bu çamadanda. Evlərinin, Leyliylə onun otağının, rəhmətlik anasının, məktəblərinin, Rüfətinin qoxusu qalmışdı, necə dəyişə bilərdi onu?!. Keçmişinin tək yadigarı bu çamadan idi. Bir də Rüfətin bağışladığı açarqabı. Açarqabını çıxarıb jurnal stolunun üzərinə qoydu. Düşündü ki, qoy ondan Rüfətə yadıgar qalsın.

Son dəfə mənzilə baxıb orada necə xoşbəxt günlər yaşayacağı xəyalını dəfn edərək çıxdı. Açarı rezin ayaqaltının altına qoyub gözündən sel kimi yaş axıdaraq üzüaşağı getməyə başladı. Əslində hara getdiyinin fərqində də deyildi.

Küçələricavan uşaqların səs-küyü bürümüşdü. Hər yerdən musiqi sədaları, qışqırıqlar beyninin içinə dolurdu. Fərqinə vardı ki, bunlar məktəblilərdir, qızlı-oğlanlı hamısı ağ köynəkdə, qızlar qara ətəkdə, oğlanlar şalvarda. Sinələri boyunca da qırmızı lentlər asılıb. Xatırladı, bu gün axı mayın 25-dir, son zəng günüdür.

Hamı deyib gülürdü. Bir Ülkərdən başqa.

Ülkər küçələri dolaşa-dolaşa axının ardına düşüb Dənizkənarı bulvara çıxdı. Başını qaldıranda saat qülləsində 11:30 rəqəmlərinigördü. Dubay--Bakı reysi on dəqiqədən sonra hava limanına eniş edəcəkdi. Sevimlisi Rüfəti Bakıya dönəcəkdi.

Dəniz kənarında iynə atsaydın, yerə düşməzdi. Məktəblilər, onların valideynləri, əvvəlki illərin məzunları...Yallı gedənlər kim, zarafatlaşanlar kim, bir-birinin köynəyinə ürək sözləri yazan kim…

“Mirvari” restoranının yanında dayandı. Həmin o uzaq, xoş xatirə yenidən onu əsirinə çevirdi. On birinci sinifdə oxuduğu zaman rəfiqəsi Leylagillə ailəliklə rayondan bura – Bakıya gəlmişdilər. Həmin an gözünün qabağından kino lenti kimi keçdi. Onda qış idi, dekabr ayıydı. 5 dekabr. Ülkər Leylaya öz ürəyindəki Rüfətə olan sonsuz sevgisindən danışırdı. Deyirdi, neynəsəm də, bu sevgini içimdən çıxara bilmirəm. Leyla da ona məsləhət görmüşdü ki, ona qardaş qədər yaxın olan Rüfətin xasiyyətini gözəl bilir, o, çox duyğusaldır, ona bir məktub yaz, sevgini izhar elə.

Leyla məsləhət görmüşdü ki, məktubu yazsın, qarağacın oyuğuna qoysun, o, Rüfətə deyəcək ki, götürüb oxusun.

Ülkər də Rüfətə olan bütün sevgisini, istəklərini həmin məktuba yazmışdı. Düzdür, məktubu ağacın oyuğundan kiminsə aşkarlayıb götürəcəyi qorxusu var idi, amma yaxşı ki, bu qorxu həqiqətə çevrilmədi, Leyla Rüfətə dedi, o da gəlib həmin o məktubu oxudu, qarağacın gövdəsinə də R + Ü = sevgi sözlərini və ürək rəsmini cızdı. Sonra bu sözlərin və rəsmin şəklini çəkib Leylaya verdi ki, Ülkərə göstərsin, o da göstərdi.

Sonradan neçə dəfə Ülkər buraya gəlmişdi, ən xoş və kədərli anlarında barmaqlarını ağacın gövdəsində -- Rüfətin iz qoyduğu yerdə gəzdirərək sanki Rüfətlə danışmışdı, sevincini, kədərini onunla bölüşmüşdü. Onsuz keçən bir ömrün acılarını dilə gətirmiş, göz yaşlarına hakim ola bilməmişdi…

Və birdən sövq-təbii hiss etdi ki, yenə də Rüfətinə məktub yazıb həmin bax bu oyuğa qoymalıdır.

Əl çantasındakı bloknotun ortasından qoşa vərəq qopartdı, diyircəkli qələmi də götürdü. Yazmaq dərhal alınmadı, əlləri əsir, hıçqırtıları, göz yaşları aman vermirdi. Xeyli müddət bu minvalla keçdi, nəhayət, toxtayıb yazmağa başladı.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)