QİRAƏT SAATInda “Eşq mələyi” Featured

     “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

45-ci hissə

 

Dubayda gözlənilməz görüş

 

Ülkər Dubaya ilk baxışda vurulmuşdu. O vaxt Rəşid müəllimlə gələndə bura heyran olmuşdu. İndisə bu heyranlıq bir qədər də artdı.

Düzdür, video və foto çəkməyə əksər yerdə mühafizəçilər əsla imkan vermirdilər, Ülkər gördüklərini çəkib Aylinə göndərməkdə çətinlik çəkirdi, amma bu, Dubayın möhtəşəmliyinə xələl gətirə bilməzdi.

Sürətlə böyüyən, başdan-ayağa tikintilərlə dolan, addımbaşı qaldırıcı kranlar görünən bu məmləkətdə ilk təəssürat oyadan göydələnlər,dənizkənarı uzandıqca-uzanan çoxxətli avtomobil yolları ilə şütüyən ultramüasir avtomobillər, bir də ağ çuxaya bürünən başı əmmaməli insanlar...

Turistləri gəzdirən qırmızı rəngli, alabəzək naxışlı ikimərtəbəli avtobusla gəzintilər, gah havada, gah tunellərdə sürətlə şütüyən metro, içində hətta akvarium olan dünyanın ən böyük alış-veriş mərkəzi – “Dubay mall” boyu başgicəlləndirici alış-veriş, adamın ağlını başından alan Güllər parkının qoxusu, adamı heyrətləndirən, insan gücünün sonsuzluğuna inandıran Bürc Xəlifə yüksəkliyi – hansını deyəsən!..

Naza sağ olsun, onların hansısa ucuzvari hotellərdə yox, məhz “Hilton”hotelində yaşamasını təmin etmişdi, burada qızlar özlərinə bahalı müştəri tutmaqda çətinlik çəkmirdilər, olduqca qısa ətək, həddən artıq açıq dekolte, qabaran ipiri silikonlu döşlər, silikonlu dodaqlar, başda parik, gözdə göy rəngli linza, çox hündür kabluk -- fahişələri digər qadınlardan seçdirən əsas əlamətlər idi. Qızlar ingiliscə danışmağı da öyrənmişdilər, bura yalnız müştəriylə tərcüməçisiz anlaşa bilən qızlar gətirilirdi.

Qızlar işlərini görürdü, Ülkər isə fürsət düşmüşkən Dubayı gəzirdi.

Bura ilk dəfə qızları gətirəndə Ülkər hər tərəfi ağzıaçıq seyr edirdi, təəccüb və heyrətdən qurtula bilmirdi. Xüsusən ticarət evlərində alış-veriş imkanının genişliyi, təklif olunan malların hədsiz çoxluğu gözünü qaraltmışdı. Aylin üçün bir planşet almışdı. Qızının necə sevinməsi onu qanadlandırmışdı. Nazəndə xanıma da “Ayfon” almışdı, əvvəlki telefonunu da o almışdı, amma indi yenisini almaqla qadının müasirliklə vəhdətə girməsini təmin eləmişdi.

Nazanın əvəzləyicisi kimi ikinci gəlişində Dubaya xeyli öyrəşdiyini, alışdığını duymuşdu.

Bu isə üçüncü gəlişiydi, mayın 15-idi. Qızlar yenə iş başındaydılar, Ülkər “Hilton”hotelinin foyesində oturub qəhvə içir, “Vogue” jurnalını vərəqləyirdi.

Qəfildən azərbaycanca danışıq eşidib donub qaldı.

-- Xanım, yanınız boşdur? Əyləşmək olar?

Söhbət təkcə azərbaycanca danışıq eşitməkdən getmirdi, söhbət bu səsin öldürücü dərəcədə məhrəm, doğma olmasından gedirdi, onu ondan alıb çox-çox uzaqlara aparmışdı bu səs, o yerə ki, şırıltıyla axan çayın, pıçıldaşan palıdların qoynunda bir məktəb vardı, o məktəbdə gözəllər gözəli bir qızcığaza yaraşıqlı, qamətli bir oğlan sevgi etirafı edirdi...

Elə bil cərəyan vurdu Ülkəri. Yerindən dik atıldı.

-- Rüfət?! -- deyə necə çığırdısa, hamı dönüb onlara baxdı.

-- Bəli, mənəm, Ülkər.

Sən taleyin işinə bax, illər boyu Bakının küçələrində sərgərdan gözləri Rüfəti hey axtarmış, axtarmışdı, yağlı əppək olub göyə çəkilən, onu bir daha görməyə ümidlərin tam üzüldüyünə əminlik yaradan Rüfət gör bir harada onun rastına çıxmışdı.

Ülkər Rüfəti uzun illərdən sonra görəcəyində həmin görüşü ən müxtəlif formalarda təsəvvüründə canlandırardı. Təzə-təzə bir-birinə sarmaşmaqları, doymadan öpüşməkləri, bir-birinə şirin sözlər demələri səhnələri canlanırdısa da, illər ötdükcə, bu sevginin tarixi qədimləşdikcə əvvəlki səmimiyyət səhnələri silinirdi, Ülkər ona əl açırdısa da, Rüfət kənarlaşırdı, Ülkər söz deyirdi, sual verirdisə də, Rüfət onu cavabsız qoyurdu.

Ülkər hələ onu da düşünürdü ki, Rüfət heç ona salam da verməyəcək təsadüfən qarşılaşanda. Həmin o hədiyyə olunmuş, sonradan əri Madar tərəfindən vəhşicəsinə cırılıb atılmış kitabdakı bir şeir də gəlib fikrində cövlan edirdi. Bu, Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeiri idi.

 

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri
Axı nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?

 

Amma sən bir işə bax. Rüfət özü ona yaxınlaşmış, salam vermişdi. Demək, qorxuları əbəs imiş.

Dubay, “Hilton”hoteli, on yeddi yaşında itirib,otuz bir yaşında tapdığı bir tapıntı...

-- Necəsən? -- deyə soruşdu Rüfət.

Ülkər nəsə demək istədi, amma bu on dörd ildə içinə yığılmış ağrı-acı dil açdı, hönkürtdü onu.

Ağlaya-ağlaya “yaxşıyam” dedi nəhayət. Amma dili belə deyirdi, gözləri deyirdi ki, “sənsiz necə olasıyam ki... Sənsiz yaşamırdım, eləcə nəfəsim gedib-gəlirdi”.

Rüfətin güzəranı əla imiş, Dubayda böyük konsaltinq şirkətinin sahibi imiş, burada da, Bakıda da evi var imiş. Rüfətin uğurlarına sevindi. Ailə həyatı, görən, necə keçirmiş? Yəqin, xoşbəxtlər xoşbəxti arvadı var, böyük, azı Aylin yaşda uşaqları var.

Ülkərin içindən bir paxıllıq, qibtə hissi keçdi. Bir gör valideynləri onu dünyanın ən gözəl, ən ağıllı, ən duyğusal kişisi ilə xoşbəxt olmaqdan məhrum etdilər. Gör nələri itirmişdi Ülkər.

Rüfət ondan həyatı barədə əsla bir şey soruşmadı. Bu, Ülkəri narahat etdi, qorxutdu.

Bəlkə hər şeyi bilir?

“Bəlkə də mən daha onunçün heç bir maraq kəsb etmirəm”, -- deyə düşündü o.

Bu fikirlər beynini əsir etdikcə Rüfətin ailəsi barədə nəsə bilməyi çox istəyirdi, soruşdu.

Rüfət dedi ki, ailəm yoxdur.

Rüfətin hazırda dul kişi olması xəbəri – uğursuz ailə həyatı sürməsi kədərli əhvalat idi, bununla belə, Ülkər içində bir sevinc işartıları hiss etdi. Rüfət ailəlideyildisə, demək, ulduzları barışa bilərdi, qovuşa bilərdilər.

Dərhal da ağlına gələn bu sərsəmləmədən dəhşətə gəldi. O hara, Rüfət hara?! Böyük imkanları olan kübar bir kişi ona – yüzünün altından çıxmış murdar fahişəyə yaxınmı durardı?

Rüfət danışırdı, həvəslə sonrakı taleyindən, işgüzar fəaliyyətindən danışırdı. Necə fərqlənmə ilə İqtisad Universitetini bitirdi, necə magistratura oxudu. Necə biznes fəaliyyəti qurdu. Dubaya necə gəlib çıxdı. Bu azad iqtisadi zonada hansı uğurları qazandı.

Planları böyük idi. Bir neçə iri yerli, habelə yabançı şirkətlərə xidmət göstərirdi onun şirkəti. Onunla işləyən şirkətlər böyük inkişaf əldə edir, mənfəət götürürdülər, o da yüksək faizlər əldə edirdi.

Avtomobil icarəsi üzrə müştərilərin artırılması, kafedə biznes-lançlara daha artıq müştəri cəlb etmək kimi çox xırda işlərdən başlayıb hazırda həm tikinti sektorunda, həm də faydalı qazıntıların idxalı üzrə nəhəng şirkətlərlə işbirliyinə ucalmışdı, hazırda Rüfət iki törəmə şirkət də yaratmışdı.

ARU konsaltinq şirkəti. Gözəl səslənirdi.

Rüfət tələsirdi, onu müşavirə otağında gözləyirdilər, bura – hotelə kiçik bir toplantıya gəlmişdi. Ülkərə nömrəsini verib axşam görüşmək şərti ilə xudahafizləşdi.

Həmin gün əsla özünə gələ bilmədi Ülkər. Dünyada ən çox sevdiyi iki adamdan birini görmüşdü, görüşəcəklərinə bütün ümidlərini öldürüb dəfn etdiyi bir adamı görmüşdü, onun səsini eşitmiş, gözlərinə baxmışdı. Ürəyi qız vaxtı olduğu kimi həyəcandan ayaqları altına düşmək həddinəcən gəlmişdi yenə. Amma onun Rüfəti deyildi bu Rüfət. Aralarında Çin səddi kimi bir sədd var idi, bunu da duymuşdu.

Hotel nömrəsinə qayıtdıqdan sonra bir ara hətta Rüfətə zəng eləməmək keçdi fikrindən. Amma barmaqları qeyri-ixtiyari telefonun düymələrinə uzandı, yenə həmin o doğma səsi eşitdi. Rüfət dedi, hazırlaş, bir saata ardınca gələcəyəm, gedəcəyik Dubayın ən möhtəşəm restoranına.

“White” restoranı, həqiqətən də, möhtəşəm idi, bəmbəyaz zal adına uyğun ağlıqdaydı, qara smokinqli xidməti personal qarşılarına ən ləziz təamları düzürdü, pəncərədən də Fars körfəzi bütün gözəlliyi ilə müdhiş panoram açırdı.

-- Ay Rüfət, qurban sənə, bu qədər yeməyi niyə israf eləyirsən, kim yeyəcək bütün bunları?

-- İkimiz yeyəcəyik. Mən şəxsən çox acam. Sənə də səhər tapşırıldı ki, axşama mədəni doldurma, restorana gedəcəyik.

Ət-toyuq menyüsü, üstəlik dəniz məhsulları menyüsü. Ülkər belə zəngin süfrə əsla görməmişdi. Texas steyki, toyuq şnitseli, ardınca balıq izqarası, hisdə qurudulmuş balıq assortisi və krevetka... Qırmızı kürüsü də yanında. Soyuq qəlyanaltılar o qədər çox idi, saymaqla qurtarmazdı. Bir də mineral suyla Bordo şərabı gətizdirmişdi Rüfət.

Şərabdan qurtumlayır, söhbət edirdilər.

Söhbət uşaqlıq xatirələrindən düşdü, qəfildən Rüfər soruşdu ki, yadındadı, sənə üstü ürək rəsmli açarqabı bağışlamışdım?

Ülkər çıxarıb əl çantasından həmişə özü ilə gəzdirdiyi həmin açarqabını masanın üzərinə qoyanda, həqiqətən də, Rüfətin gözləri doldu. Qəhərləndi Rüfət. Səsindəki qəhəri gizlədə bilmədi:

-- Nə yaxşı qoruyub saxlamısan onu. O vaxt məni yox, başqasını seçəndə elə bilmişdim ki, necə ki, özümü atdın, eləcə də hədiyyəmi atacaqsan.

Ülkər “dayan, dur” dedi.

Dedi, elə deyil axı. Atamla anam...

Rüfət gerisini danışmağa imkan vermədi. Dedi, hamısını bilirəm, kiminlə ailə həyatı qurmağını, qız övladının olmasını, ərinin çıxıb Ukraynaya getməsini, sonra...

Amma “sonra” deyib davamını gətirmədi Rüfət, tez də özünə keçdi, dedi, istəyirəm böyük varidatım olsun, dünyada institutlar yaradım, orada tələbələrə övladların valideynlər yanında hüquqlarının qorunması təlimi keçirilsin, oranı bitirən hər bir müdavim də vəkil kimi uşaqları valideyn diktaturasından qorusun.

Şərabdan qurtumlayır, söhbət edirdilər. İndi Ülkər necə də bu əziz insanı qucaqlayar, öpüşlərə qərq edərdi...

Amma edə bilərdimi? Buna haqqı çatırdımı? Əsla çatmırdı...

İçini isə tərəddüdlər didirdi, birdən Rüfət onun fahişə olduğunu bilərdi...

Ülkərin açarqabı həqiqəti Rüfəti çox tərpətmişdi, açarqabını əlinə götürdü, barmaqları ilə oxşadı, gözləri yaşardı.

Dedi:

-- Şirkətimin abreviaturasını açımmı səninçün? ARU bilirsənmi nə deməkdir?

Ülkərin ağlına heç bir versiya gəlmədi:

-- Nə deməkdir?

-- A Azərbaycandır, R Rüfətdir.

Dedi və pauza etdi.

-- Bəs U?

Ülkər soruşdu.

Cavab xeyli yubanmış gəldi:

-- U isə Ülkərdir.

Ülkər bu dəfə gerçəkdən özünü saxlaya bilmədi. Demək, bütün bu illər sevdiyi insan onu xəyalında yaşadıbmış, hətta onun adını əbədi olaraq üstündə daşımaq barədə qərar da veribmiş. Durub ona sarmaşdı, onu hərarətlə öpüb oxşamağa başladı. Rüfət də biganə qala bilmədi. O da içində illərlə közü qalan atəşini alovlandırdı, o da var qüvvəsi ilə Ülkəri özünə sıxdı.

Restorandakılar bu sevgili cütlərin bu cür qovuşması səhnəsini əl çalaraq alqışlamasaydılar, kim bilir daha neçə müddət bir-birindən qopmayacaqdılar.

Rüfət Ülkərdən haçan Bakıya dönəcəyini soruşdu.

-- Biri gün.

O da Bakıya getmək meylində olduğunu söylədi:

-- Birlikdə dönək. Mən də Bakı üçün darıxmışam. Sonra qayıdacam, vacib kontraktım var. Bir günə həll edib yenidən sənin yanında olacam.

Ülkəri həyəcan boğdu. Bəs qızlar? Amma vəziyyətdən çıxış yolunu da tapdı, qızlarla birgə uçmağı mümkünsüz idi.

-- Onda mən bilet sifariş verim? Sabah da qayıtmaq olar.

-- Sabah daha yaxşı. Sən niyə bilet sifariş verirsən ki?.. Pasportunu ver, bu saat referentim biletlərlə məşğul olsun.

Beləcə, ertəsi gün ikilikdə biznes-klassla Bakıya uçdular. Rüfət onu birbaşa evinə gətirdi. İki gün birlikdə qaldılar, hərəsi bir otaqda yatdı. Ülkər hiss edirdi ki, hisslərini cilovlaya bilmir, durub qonşu otağa keçəcək, Rüfətin yatağına girəcək. Amma dişini dodağına sıxıb bunu etmirdi. Eyni hissləri Rüfət də yaşayırdı.

İki gündən sonra Rüfət yenidən Dubaya uçdu, cəmi bir günlük.

Və təyyarətə minik başlaması ərəfəsində də Ülkərə yazdı ki, mən qayıdan kimi evimin qadını olmağına qərar verəcəksən.

Ülkər əsla hadisələrin bu cür gedişini gözləmirdi.

Əsla gözləmirdi...

Bu ağrılı-acılı həyatında yeganə ümidi qızı ikən, günləri keçmiş acı xatirələrin kabusundan qurtulmaq, ovuc-ovuc ağrıkəsici, antidepressant dərmanlar içmək olduğu halda Rüfətin bu dönüşü hər şeyi kökündən dəyişirdi demək.

 

 “Ədəbiyyat və incəsənət”

(31.01.2024)