“Sınıq Körpü nağılı” – Zahirə Cabir Featured

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

 

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu. Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, yaşıl meşələri baxanları heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar. Kimsənin varında, dövlətində gözləri olmazdı bu elin. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar. Dəmirçilər kəndi adlanırdı bu mahal. Öz işlərinin mahir ustası olan dəmirçilər qol gücü, zindan və alın təri hesabına düzəltdikləri qılıncları ilə ad çıxarmışdılar.

El yığışıb ağsaçlı bir müdrik insanı özlərinə başçı seçmişdilər. Adına Hacı Bədəl deyirdilər. Dünya dağılsaydı belə onun bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Hacı Bədəlin. Qan-qada ilə işi olmazdı onun. Çalışardı ki, yıxılana əl tutsun, acın qarnın doydursun. Cavanlara həmişə düz yol göstərərdi. Deyərdi ki, yol çəkin dağlara, ağac əkin, obalara bulaq açın. Nahaq qan axıtmayın, tər axıdın. İşiniz onda uğurlu, yollarınız nurlu, aydın olar,- deyərdi həmişə. Qocalar da, cavanlar da, kəndin ağsaqqalı da, qarasaqqalı da Hacı Bədəl kimi müdrikin sözlərini həmişə sırğa edərdi qulaqlarında.  Amma xəbis, paxıl insanlara rast gəlməyəsən. Uzaq diyarlardan bura gələnlərin gözləri götürməzdi bu firavanlığı, bu bolluğu. Həmişə də savaşla bu iş yekunlaşardı, qan tökülərdi, Neçə igid qurban verərdi öz canını el yolunda, yurd yolunda.

Bu kənd vüqarlı dağların qoynunda yerləşirdi. Dağların arasından kükrəyib axan Ağa çayından  camaat hər işində istifadə edərdi. Hacı Bədəl bir gün kəndin adamlarını toplayıb dedi, nə vaxtacan biz yadellilərlə vuruşub, öz igid oğullarımızı  itirəcəyik. Gəlin, o biri kəndlərlə birləşək, həmrəy olaq və onlara qarşı mübarizə aparaq. Amma bu kəndi o biri kəndlərdən kükrəyən  çay ayırırdı. Hacı Bədəl öz xərci hesabına kəndlərin arasındakı Ağa çayı üzərində körpü salmaq üçün camaatı topladı, fikrin bildirdi. Bütün mahal bu işə razılıq verdi. Kəndin camaatı əl- ələ verib körpü saldılar. Körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının üstündə salınır. Heç vaxt ram olmayan, dəlisov dağ çayının üstündə salınan körpü tağbənd formasında, ortasında dayaqlar olmadan tikildi ki, kükrəyib daşan dağ çayı məcrasından çıxanda heç bir şeyi uçurtmadan maneəsiz axsın.

Yadelli tayfa başçısının qızı neçə illər idi ki, Hacı Bədəlin oğlunu sevirdi. Onları bir-birindən yalnız düşmənçilik bağları ayırırdı. Vaxt tapanda meşədə bir ormanda görüşür, öz eşqlərinə sadiq qalacaqlarına and içmişdilər. Qız bir gün oğlan paltarı geyinib, vəfalı qaravaşı ilə körpünü keçib sevgilisi ilə görüşmək istəyir. Çayın üstündə dayanmış cəngavər şübhələnir, onu sorğu- suala tutmaq istəyəndə niqablı pəhləvan qılınca əl atır. Döyüşdə cəngavərin vurduğu qılıncın zərbəsindən körpü iki bölünür, sınır və qız çaya düşür. Qızın başından dəbilqəsi düşür, uzun qara saçları suyun üzündə ilan kimi qıvrılır. Dəlisov çayın hökmdarı qızın gözəlliyi qarşısında ram olur, kükrəmir, qızı sağ-salamat çayın sahilinə çıxarır. Mahalın başçısı Hacı Bədəl bundan xəbər tutur və qıza heç bir xətər toxunmadan öz elinə qaytarmağı əmr edir. Qız and içir ki, məni öz elimə qaytarsaz, özümü həlak edərəm. Bu xəbər qızın atasına çatır. Gözünün ağı-qarası bircə balasından keçə bilmir. Ona görə deyirlər ki, övlad adamı düşmən qapısına da aparar. O, Hacı Bədəlin hüzuruna gəlib, düşmənçilikdən əl çəkdiyi bildirir. Aralarında barışıq olur. Müdrik el atası bir oğluna, sonra qıza baxır, əllərini alnına qoyub xeyli düşünəndən sonra deyir:

- Belə bir gözəl düşmənçilik yox, yalnız sülh yarada bilər.

Bu sözləri eşidən qızın yanaqları lalə kimi qızarır, ala gözlərində yaş damlaları parlayır:

- Hökmdar sağ olsun, mən bu oğlanı sevirəm və söz verirəm ki, ömrümün sonuna qədər ona naxələf çıxmayacağam - deyir.

Müdrik tayfa başçısı öz elini başına yığır, toy tədarükü görmələrini əmr edir. Elə həmin gün toy tədarükü görülür. Yeddi gün, yeddi gecə toy edirlər. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin, için, xoş gün keçirin.

 

Sınıq Körpü isə sonradan düzəlsə də elin dilində sınıq körpü kimi qalır. Müdrik insanlar sevən ürəklərin körpülərini tikdilər.

Indi də bu körpü el arasında Sınıq körpü adı ilə məşhurdur. Bu körpü Qubadlının Dəmirçilər kəndindədir.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)