Şəhidlər barədə şeirlər – Günəş Qocayev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Günəş Qocayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

GÜNƏŞ ƏFQAN OĞLU QOCAYEV

(12.11.1996.-01.11.2020.)

 

Xaçmaz rayonunun Palçıqoba kəndindən olan, SOCAR-ın “Kompleks qazma işləri” trestinin əməkdaşı Əfqan Qocayevin oğlu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

 

GÜNƏŞ

                                   

Dünyaya gəlmişdi o, gözəl Palçıqobada,

Hörmətlə tanınmışdı nəsli eldə-obada,

Sevildi uşaqlıqdan olsa da o, harada,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Halallıq öyrənmişdi doğma, isti ocaqda ,

Hər şeyə maraq vardı fərasətli uşaqda.

Xəyalı dolaşırdı Şirvanda, Qarabağda,

Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Neftçi atası kimi sevirdi o, zəhməti,

Məktəbdə əla idi dərslərindən qiyməti.

Dostları arasında vardı, xətir-hörməti,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Vaxt gəldi, məqam çatdı,  əsgərliyə yollandı,

Necə də bəxtəvərdi,  içəndə əsgər andı.

Orduda  “Nümunəvi əsgər” adın qazandı,

Nur üzlü,   şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Müharibə başlarkən – dedi- mən də hazıram,

Adımı könüllülər cərgəsinə yazıram.

Öz əlimlədüşmənə dərin quyu qazaram,-

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,

Vuruşdu kafirlərlə sonsuz kinlə, nifrətlə,

Xocavənddə görüşdü mələklərlə cənnətdə,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Xalqın qürur yeridir şanlı tarix yazanlar,

Həmişə məğlub olur yollarını azanlar,

Çox nəğmə qoşacaqdır şəninizə ozanlar,

Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)