GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vida Heşmətidən “Bitsin savaş” Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin  şeirlərini təqdim edir.

 

Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

 

 

BİTSİN SAVAŞ

 

Yenə bu köndələn yer kürəsi, ‌

Dumana bələdi dağlarını. 

Göyündə qaraldı göyərçinlərin ağuuuş dimdikləri

Lalalar yallılanır torpaqları.

Yenə okeanların nefti üzərində

Qumarlaşır naqqalar. 

Yenə generalların əllərində oyuncaq oldu

Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı. 

İtdi-batdı nişan bəlgəsi

Hələ xəritə çəkir imperiyalların günəş gözlüyü

Qaraqançıl köksündə. 

Uşaqların bayram sevinci isə

Boy atırdı ayaqqabılarında

Oysa boğuldu xonçasında.

Anasının ləçəyi yaş,

Cibində məktubu sevginazlanan oğlanın

Tapılmadı bir pişikyolu da. 

Yenə görəsən boylanacaq əriklər

Tüstülü ağaclardan?!..

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)