Səni itirmək qorxusu - HEKAYƏ

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Mən unudulmaq üçün yaradıldım. Bəlkə də əbədiyyət üçün unuduldum bu fani dünyada. Bütün fədakarlar əbədiyyətdə unudulmazdır.

1.

...Sevinc yıxılmışdı. Ancaq bunu heç kim görmürdü. İnsanlar onu həmişə şən, gülərüz görmüşdü. Sevinc yıxıldığını heç kimə hiss etdirməmək üçün yenə də həyata gülümsəyir, insanları sevindirməyə çalışırdı. Sevincin də diqqətə, qayğıya, sevgiyə ehtiyacı var idi. O, yaralarının sağalacağına ümid edirdi. 

2.

Bir gün təsadüfən Ümidlə qarşılaşdı. Ümid Sevincə ayağa qalxmasında kömək edəcəyinə söz verdi. 

Ümidə rast gələndən  Sevincin həyatında yeni dönüş nöqtəsi başladı. Yaraları yavaş-yavaş sağalmaqdaydı…

3.

Bir gün Ümidlə Sevinc parkda görüşmək üçün vaxt təyin etdilər. Sevinc parka necə gedəcəyini düşünürdü. Axı yıxılandan sonra Sevincin ayaqları sözünə baxmırdı, o, yaxşı yeriyə bilmirdi. 

Ümid Sevinci inandırdı ki, o öz ayaqları ilə parka gələ biləcək. 

Sevinc o qədər inamlı, ümidli idi ki. Özü də bilmədi parka necə gəldiyini. Hətta görüş vaxtından yarım saat əvvəl çatmışdı parka. Sanki dünyaya yenidən gəlmişdi. Ümid "dünya Sevinclə daha gözəldir", deyib, Sevincin bu dünyaya nə qədər lazım olduğuna onu inandırmışdı. Sevinc görüş yerində Ümidi gözləyirdi. Ümid də söz verdiyi kimi Sevincin görüşünə tələsirdi. Yolda Hiylə ilə rastlaşdı. Hiylə Ümidə yalan söylədi: "Kimsəsiz, ahıl bir qadının ayağı sınıb, onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Lap yaxındadır". 

Ümid həyəcandan Sevincə xəbər etməyi unutdu. Yaşlı qadına kömək etmək üçün Hiylənin ona göstərdiyi yollarla irəlilədi. Hiylə yalandan “yaxındır” dediyi yerə onlar günəş batanda gəlib çatdılar. Onları gözləyən kimsə yox idi. Hiylə bununla da kifayətlənməyib Ümidə növbəti yalan danışdı:  

-Ona söz vermişəm. Qadını mütləq tapmaq lazımdır. Biz onu tək qoya bilmərik. Bəlkə xəstəxanaları axtarıb tapaq. 

Ümid Hiylə ilə razılaşdı. Bir-bir xəstəxanalara gedir, yaşlı qadının orada olub-olmadığını öyrənməyə çalışırdılar. Görüş yerində Ümidi gözləyən Sevinc gah saata, gah da havaya baxırdı. Saat irəliləyir, hava qaralırdı. Birdən güclü külək əsməyə başladı. Əsən küləklə bərabər qar yağmağa başladı. Ay işığında Göydən Yerə düşən soyuq qar dənələri ulduz kimi parıldayırdı. Sevinc gah titrəyir, gah əllərini bir-birinə sürtüb isinməyə çalışır, gah da soyuq kəsən əlləri ilə Ümidə zəng edib harada olduğunu öyrənməyə çalışırdı. "Ümid vəfasız ola bilməz. Ümid etibarsız, yalançı ola bilməz. Yəqin başında  bir bəla var. Yoxsa nədən telefona da cavab vermir?" 

Sevinc həyacandan boğulur, soyuqdan titrəyir, artıq Yerlə əlaqəsinin kəsildiyini hiss edirdi. Donan barmaqları ilə Ümidə mesaj göndərdi: "Səni tanıyanda dünyanın necə gözəl olduğuna vuruldum. Yeriməyən ayaqlarım yeriməyə başladı. Bu gözəl dünyada hamıdan fərqli sən idin, Ümid. Sən olan yerdə həyat da, arzu da, sevinc də var idi. Sən olmayan yerdə dünya özü bir dar qəfəsmiş. Səni soyuq qar altında gözləmək də gözəlmiş. Mənim azadlığım, qürurum, fərəhim, yaşama səbəbim də sən oldun". Mesajı Ümidə göndərib Allaha dua edirdi: "Sonuncu dəfə Ümidi görə bilsəm".

4.

Ümid telefonuna mesaj gəldiyini hiss etdi. Sevincdən idi. Mesajı oxudu. Üzünü çevirdi ki, Hiyləyə vacib getməli olduğunu söyləsin. Hiylə yox idi. Ümid hiylənin onu aldatdığını anladı. Özünü Sevincə çatdırmaq üçün qaçır, yol boyu Sevincin sağ-salamat qalması üçün dua edirdi. Görüş yerinə çatanda Sevinc tamamən donmaq üzrə idi, ömrünün son dəqiqələrini yaşayırdı. Ümidin gəlişini hiss etdi: "Niyə gec gəldin, Ümid? Harada idin? Niyə zənglərimə cavab vermirdin? Şükür sağ-salamatsan. Sən zənglərimə cavab vermədikcə elə qorxurdum ki. Məni insanların yalanı, ikiüzlülüyü, hiyləsi öldürə bilmədi. Məni Səni itirmək qorxusu öldürdü, Ümid!”

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)