QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

43-cü hissə

 

Həbsxana həyatı

 

Məhkəmə ona altı ay iş kəsdi.

İstintaq təcridxanasında qalanda bayırdan tam xəbərdar oldu.

Onu televizorda hamı görmüşdü, görməyənlər də YouTube-dan xəbər tutmuşdular. Bütün Bakıda, rayonda bədnam olmuşdu. Qardaşı onu öz əlləriylə boğub öldürməsə, kişi oğlu olmadığını bildirmişdi, Leylini əri döyüb evdən qovmuşdu, Nazəndə xanımın halı pisləşmiş, evə təcili yardım gəlmişdi. Və ən faciəlisi anası ilə baş vermişdi. Onu televizorda gördükdən sonra anası ürəktutmasından vəfat etmişdi.

Kameraya gələndə ağlamaqdan gözləri şişmişdi. İçəri kifayət qədər işıqlı idi, amma nədənsə Ülkərə zülmət kimi göründü. Spesifik qoxu var idi, içəridəki insan bədənlərindən, tualet otağından və tozdan birləşərək əmələ gəlmişdi, adamı necə bir mühitə düşməsi barədə xəbərdar edirdi sanki bu qoxu. Bəli, bura həyatın dibi idi, öz ayaqları ilə gəlib özünü bura salmışdı. Ürəyindən bircə kəlmə “Allah sənin evini yıxsın, Naza” kəlmələri keçdi bu dəm.

İçəridə vəziyyətə baxan Batya ləqəbli şişman, əzələli qadın Ülkəri sinəsindən itələdi:

-- Ağəz, nə gününə ağlayırsan? Bu göz yaşlarını bizimçün tökürsən ki, sənə rəhm edək? Ay ləçər. Mama Rozalıq edib ana-bacılarımızı pis yola çəkən sən deyilsən? Tvar!

“Tvar” murdar demək idi, Batya Ülkərə bu adı qoyduğunu elan edib hamıya da onunla pis rəftar etmək göstərişi vermişdi. Əlində döşəkağı, adyal və can dəsmalı ilə qapının ağzında quruyub qalan Ülkərə yerbəyerdən hamı tikanlı sözlər söyləyirdi, hətta “tfu” edənlər də var idi.

Batya Ülkərin gələcək taleyini bu cür fitvalamışdı:

-- Necə ki qız zorlayıb zona düşən kişiləri ki petux edirlər, Mama Rozalıq da zorlamanın qadınlar üçün maddəsidir. Sənin burda xoş günün olmayacaq, bil!

Ülkər “paraşa” adlandırılan tualetin yanında yatmalıydı, “kubrik” adlandırılan kameranı və tualeti o vaxta kimi məhbuslar növbəli qaydada təmizləyirdilər, Batya qanunların dəyişdiyini elan etmişdi, demişdi ki, bu gündən sonra təmizlik işlərini yalnız Tvar görəcək.

Ağır idi, çox ağır idi. Bura kimi həyatını zülm və məşəqqət sanmışdı, amma indi azadlığını itirib bu bəzisi lap vəhşiləri xatırladanlarınarasına düşəndə, bu təqib və təhqirlərin içində başa düşürdü ki, əvvəlki həyatı indikinin yanında toya-bayrama gedəsiymiş.

Əlacı yalnız göz yaşlarına çatırdı. Hər bir jestə, hərəkətə ağlamaqla cavab verirdi. Burada mübarizə aparmaq, haqqı və nahaqı sübut etmək istəyi yersiz idi, bu qədər məhbus ona qarşı birləşmişdi, o, tək canına neyləyə bilərdi axı.

Cinayət məcəlləsi, mülki məcəllə, ədliyyə qanunları – bütün bunlardan bixəbər idi, bilmirdi, düzmü etmişdilər, yoxsa qanunsuzluq etmişdilər, onu Batya kimi residivistlə eyni kameraya salmışdılar. Ərinin qatili idi Batya. Sözləri düz gəlməmişdi, on iki illik ömür-gün yoldaşını baltalamışdı. Səbəbi bilinmirdi. Batyanın sağ əli Anuş da qatı cinayətkar sayılırdı, Masazır, Saray və Novxanıda yüzə yaxın ev qarəti var idi ayağında. Ülkəri marıtlayan Çapa deyilən narkoman qadın lap qorxulu idi, narkotiklərin satışı və istifadəsi ilə tutulmuşdu. Sifətində qadına xas bircə cizgi belə yox idi. Kobud, zəhmli kişiydi sanki.

İlk gündən Batyanın ardınca Ülkərin üstünə gələn Zorayda adlandırılan qadın Ülkərə gün verməyəcəyini bəyan etmişdi, deməzsənmiş, Zoraydanın bacısı fahişəlik eləyirmiş, buna görə də, Zoraydanın fikrincə, Ülkər kimi “mraz”lar, -- Tvara oxşar bir söz idi bu da, -- cavab verməli olacaqdılar.

İlk gecə Ülkərin gözünə yuxu getmirdi, xorultular, sayıqlamalar, papiros qoxusu, bir də üfunət qoxusu bir-birinə qarışmışdı. Gecənin bir vaxtında gördü ki, bir qadın gəlib onun yatağına soxuldu. Çapa idi. Onu qucaqlayıb üz-gözünü öpüşlərə qərq eləməyə başlayanda Ülkər diksinərək yataqdan yerə atıldı.

-- Neynirsiz? -- nidasının ardınca Çapanın pıçıltısı gəldi:

-- Anqırma, camaatı oyatma. Sən mənimkisən. Mənimlə sevişməlisən. Mənə kayf yaşatmalısan.

Ülkər dəhşətə gələrək onu rədd etdi.

-- Bir elə o qalıb.

Çapa ehtiraslanmışdı, yenə Ülkərə əl atdı, onu ələ almaq üçün bu dəfə yalvar-yaxara keçdi, bir şey hasil olmayanda Ülkəri ölümlə təhdid etdi, yenə də rədd edildi. Ülkər səsini qaldırır, “rədd ol” deyə onu özündən kənarlaşdırırdı. Kişi kimi əzələli olan Çapa heç cür Ülkəri ram edə bilmirdi. Nəhayət, kamerada kimsə öskürdü, kimsə “Nə səs-küydür, qoyun yataq” dedi, Batyanın “Ey, nə məsələdir orda” qışqırtısı isə olaya nöqtə qoydu.

Çapa pıçıltıyla “Səni s...m əl çəkən deyiləm” deyə vulqar ifadə işlədib yerinə keçdi. Ülkərsə işıqlaşana kimi göz yaşı axıtdı.

Hər yandan, hər kəsdən təhlükə duyulurdu, bilinmirdi hansı səmtdən müdafiə olunsun.

Günlər beləcə keçirdi.

Bir dəfə məhbuslardan kimsə “Bu, bizim Rəşidin də altına yıxılıb. Kişini tora salmışdı, kişi buna navastroykadan ev almışdı, salon açmışdı. Arvadı, uşaqları bilib mərəkə qopardılar, bu fahişəni saçladılar. Bu bilirsiz nə murdar məxluqdur?” sözlərini dilə gətirdi, sən demə, Çapa Ülkərin dosyesini öyrənib ona əlaltıları vasitəsilə hücum təşkil etmişdi.

Yerbəyerdən Ülkərə təhqirlər, söyüşlər gəldi.

Tvar!!!

Mraz!!!

Fahişə!!!

Mama Roza!!!

Evyıxan!!!

İşverən!!!

Cındır!!!

Tualetdə suçəkənin altında kimsə lezva gizlətmişdi, Ülkərin gözü tutdu həmin lezvanı. Damarlarını kəsib özünü öldürmək. Daha yaşamağa nə lüzum qalsın ki? İçəridə ümumi istifadə üçün bir əzik-üzük dama-dama dəftər, bir də göy yazan diyircəkli qələm var idi. Götürüb qızına məktub yazdı. Anası öləndən sonra qızını Nazəndə xanım saxlayırdı. Nə yaxşı ki, o qadın var idi. Yoxsa qızının axırı nə olacaqdı? Ürəyində Nazəndə xanıma alqış edə-edə göz yaşları içində hərfləri yanaşı düzməyə başladı:

“Doğma balam, məni həyata bağlayan yeganə varlığım. Bu yerə kimi sənin xətrinə dözüm göstərib yaşadım. Bilsən səni böyütmək üçün hansı çətinliklərdən, dərdlərdən, ağrı-acılardan keçmişəm, nə qədər təhqir, böhtan yemişəm, nə qədər tapdanmışam. Çirkablara batmış, rəzalətlərdən keçmişəm ki, təki səni yaşadım. Amma daha bacarmıram. Məni -- günaha batmış ananı bağışla”.

Məktubu yazıb vərəqi dəftərdən qopardı, dörd qatlayıb balışının altına qoydu. O öləndən sonra mütləq bu məktubu kimsə görəcəkdi, insaflı çıxıb qızına çatdıracaqdı.

Tualet deyilən yerə qapı qoyulmamışdı, kimsə ora girəndə, xüsusən ağır iş görəndə qoxudan bağır çatlayırdı. Ülkər neçə dəfə lezvanı götürüb işini görmək istədi, amma oraya girən kimi kimsə kandarı kəsdirib növbə gözlədiyini bildirirdi. Beləcə, planladığı işi heç cür görə bilmirdi.

Bir dəfə də “şmon” adlı proses baş verdi, zabit və iki poqonuna DQ yazılmış əsgər kameranın altını üstünə çevirərək şübhəli bir şey axtarışına çıxanda Ülkərin məktubu ələ keçdi. Onu həbsxana rəhbərliyinin yanına apardılar, cəza olaraq həbs müddətini artıracaqları ilə hədə-qorxu gəldilər.

Beləcə, Ülkər yenə də intihar eləyə bilmədi.

Nahara dəmir boşqablarda balanda adlanan qatı yemək və bir dilim qara çörək verilirdi. Hamısı masa arxasında yeyirdi, Ülkəri yaxına qoymurdular, o, tualetin qarşısındakı çarpayısında, dizi üstündə yeyirdi. Kəsif qoxudan ödü ağzına gəlirdi.

Məhbus qadınlar deyib-gülürdülər, kiməsə evdən “padaça” gəlmişdi, ev azuqələrini bölüb yeyirdilər. Qəfildən Zorayda onun yanına gəldi, bir dənə peçenyeni onun boşqabına atdı ki, sənsiz boğazımdan keçmir, ye. Ardınca da Ülkərin qabına tüpürdü.

Bura kimi nə yığmışdısa, Ülkər hiss elədi ki, daha sondur. “Miska” deyilən dəmir qabı Zoraydanın sifətinə yapışdırdı. Tutaşdılar, aləm qarışdı, Zoraydanın rəfiqələri ortaya düşüb Ülkəri vurmağa, təpikləməyə başladılar.

Batya sakitcə mənzərəni seyr edirdi. Yalnız nəzarətçilər səs-küyə içəri daxil olub sakitlik yaratdıqdan sonra münaqişə bitdi. Ülkər qana bulaşmış burnunu biləyi ilə silə-silə hıçqırırdı.

Zabit rütbəli nəzarətçi Batyadan nə baş verdiyini soruşdu. Batya Ülkərə işarə elədi:

-- O təzə gələn, heç adını da bilmirik, psixiki pozğunluqlu imiş, qəfildən atıldı bu yazıq (Zoraydaya işarə elədi) binəvanın üstünə, nə yemisən, turşulu aş deyib yazığı çırpdı. Bu yazıq binəva da özünü müdafiə etmək üçün bu debili kənara itələyəndə, bu debilin burnu kravatın tininə dəyib qannadı.

Bir az sonra Ülkər barədə qərar verildi, onu karsa saldılar.

Kars zorla tərpəndiyin buz kimi soyuq, qaranlıq bir məkan idi, çarpayıdan, masadan söhbət belə gedə bilməzdi, betonun üstündə don ki, donasan. Amma bu cəhənnəm Ülkərdən ötrü o vəhşilərdən qurtulduğu üçün cənnət təsiri bağışlayırdı. Özü ilə təklikdə qalıb bir daha macəra dolu həyatını xırdalıqlarına kimi gözü önünə gətirdi. Qurtuluş və mübarizə yollarını düşündü. Nəsə onun öz əlində idimi? Əsla yox. Tam olaraq başqalarından asılı vəziyyətdə idi. İndi onun həyatının bir qara qəpik qiyməti belə yox idi. Onu burada sakitcə boğub öldürərdilər, heç kəs də bundan ötrü nə məsuliyyət, nə cavabdehlik daşıyardı.

Kameraya qayıtdıqda əvvəlki “bezpredel” hiss edilmirdi, Zorayda ilə olaydan sonra artıq onu aşkar təhqir etmək nəzərə çarpmırdı. Təmizlik işləri də əvvəlki kimi növbə ilə görülməyə başlanmışdı.

Bir qadın vardı, yaşlı qadın idi, Müşkinaz adında. Əzəl gündən Ülkərlə işi olmayan, ona dəyib-dolaşmayan tək-tük məhbuslardan idi. Bir gün yaxından tanış oldular, yerli çıxdılar. İlk dəfə Ülkər başına gələnləri göz yaşı içində Müşkinaza danışdı.

Müşkinazın kamerada hörmətini tuturdular, ağbirçək idi deyə. O, Batya ilə Ülkər barədə danışdı, dedi:

-- İlk gəlişində hansı statya ilə tutulmasına görə mən də Ülkərə nifrət edirdim. Amma həyatı barədə məlumatlı olandan sonra yanıldığımı duydum. Bu bədbəxt özü də Naza adlı MamaRozanın qulu olub, onun əmrlərini həyata keçirib ki, xəstə anasına, balaca qızına çörəkpulu qazansın. Başına çox zillətlər gəlib. Ata-anası sevmədiyi birinə zorla ərə veriblər onu. Birinci əri narkoman çıxıb, onu uşaqla atıb, Rusiyətə gedib. İkinci dəfəsində bir matuşka ilə evlənəsiymiş, o da bunu anasının qorxusundan atıb. Sonra yaşlı kişiylə nikaha girib, kişinin ailəsi xəbərsizmiş, hücum çəkib yazığı aləmdə xar ediblər. Sonra daha bir uğursuzluq. Bir imanlıyla ailə qurub, o da vəhhabi imiş, gedib Suriyada döyüşüb həlak olub. Bu yanda yazığa biri təcavüz etmək istəyib, o yanda o birisi. Kişilər qənim kəsiliblər bu biçarəyə. Gün verib, işıq verməyiblər. Özü də mənim yerlimdir. Çox duyğusal, mərhəmətli, alicənab qadındır.

O gündən Batyanın əmriylə Ülkərə münasibət tam dəyişdi. Məhbuslar ona qaynayıb-qarışdılar, dostlaşdılar. Hətta Çapa da daha onun üstünə gəlmədi.

Bir gecə -- cəza müddətinin artıq tən yarısını çəkmişdi, bura çətin də olsa, öyrəşmişdi, yenə yuxusu ərşə çəkilmişdi, nə yaxşı da ki, yatmırdı, onu gördü kimsə oğrun-oğrun onun çarpayısına tərəf gəlir. Zorayda olmasını yöndəmindən tanıdı, cəld toparlandı, qaranlıqda bıçağın gümüşü tiyəsi parıldadı, Zorayda bıçağı ona saplamaq istəyəndə dik atılıb kənara çəkildi, bıçaq döşəyə sançıldı. Zoraydanın xirtdəyindən yapışıb gücü gəldikcə çığırmağa başladı.

Bu qadın ondan əl çəkə bilmirdi, sanki bacısını pis yola məhz Ülkər çəkmişdi.

Həmin hadisədən sonra Zoraydanı başqa kameraya keçirtdilər, Ülkər növbəti günlərini nisbətən sakit tərzdə yaşadı.

Günləri sayırdı ki, buradan tez çıxsın, burnunun ucu göynədiyi balasını gedib görsün, bir də anasının məzarına baş çəkmək istəyirdi.

Elə həbsxanadaca onun da mahiyyətinə vardı ki, atası öləndən bəri bir dəfə də olsun onun məzarına getməmişdi. Bunların ata-balalığı gör necə qəribə, anlaşılmaz olmuşdu.

Nəhayət ki, üç gün gecikmə ilə -- 2017-ci ilin aprelində Ülkər həbsxanadan çıxdı. Ömrünün ən qara səhifəsi beləcə çevrilmiş oldu.

 

 “Ədəbiyyat və incəsənət”

(29.01.2024)