GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vida Heşmətidən “Tanrı boyalı saçlarım” Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin  şeirlərini təqdim edir.

 

Vida Heşməti

 

Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

 

TANRI BOYALI SAÇLARIM

 

Saçlarım...

Doğu yellərin qançıllığı

Buludların manifesti

Batı qızlarının yağış lirikası

Gözü yaşlıdı tellərim.

 

Saçlarımda yellər ulayır kəndımi

Və hörükləyir çaylaqları

Su tökür qadınlar əlimə.

Bu mənəm “Vida”

Bu mənəm...

Bu mənəm türkün şeir qızı!

 

Saçlarım...

Günəş kölgəli saçlarım.

 

Mürgü döyür

Röyasında məni Təbriz

İndi şənbədi birçəklərim

Və bir sərçə yuva qurur

Mənim

Tanrı boyalı saçlarımda...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)