Ramil Əhməd “Cümə günü Əbülfəzqızının 10 sualı ilə” layihəsində Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, İstanbul Universitetində "Yaradıcı Yazarlıq Təhsilinin Estetikası və Pedaqogikası" adlı doktorluq dissertasiyasına görə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən, "Zaman tuneli", "Orxan Pamukun evində", "İki  şəhərin yazıları", "Abşeron yarımadamı" kitablarının müəllifi Ramil Əhməddir.

 

1).Salam Ramil bəy, xoş gördük, vaxt itirmədən birinci sualımızı cavablamanızı istərdik.

 

 Bir qadın gedir – 

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

 şeytani bir sənətdir! (Ramil Əhməd)

 

Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər  Janna Dark kimi,  Kiri qan tuluğu ilə "mükafatlandıran"  cəsarətli Tomris kimi, "Uncle  Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?

 

R.Əhməd: Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur.

 

2) Ramil bəy, yazar olmağın ilkin şərti nədir, bu şərtləri yazarlar necə qarşılayırlar?

 

R.Əhməd: İlkin şərt yazmaqdır.

 

3)Sevginin üç zamanı var:

darıxmaq, ayrılmaq və unutmaq.

 Əslində,

özümüzü tanımaq üçün sevirik –

necə sevdiyimizi, necə darıxdığımızı,

necə ayrıldığımızı, necə unutduğumuzu bilmək üçün... ( Ramil Əhməd)

 

" Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır." (Gi de Mopassan)

 

Ramil bəy, bəs məhəbbət qəlbi tərk edərkən özü ilə nə aparır?

 

R.Əhməd: sevginin qəlbi tərk etdiyini düşünmürəm, gedənlər sevdiklərimiz ola bilər sadəcə.

 

4)Məni elə sevəsən ki, sevilməkdən yorulam.

Doğmanın, yadın,

hamının əvəzinə sevəsən...

Elə sev ki,

sevilib qurtarım – yox olum...

Elə sevgi ki qədərini kimsə bilməsin. Metrlə, kiloyla, dünyayla, həyatla,

çarəylə, bəlayla ölçüyə gəlməsin...

Elə sev ki,

sevilib qurtarım – yox olum....

Başqa bir qadına heç nə qalmasın məndən.( Ramil Əhməd)

 

Ramil bəy,  evlilikdə xəyanətə səbəb olan bir çox faktorlar var, Sizcə, xəyanətin əsas səbəbi nədir, qadının çirkin olması, yoxsa, şeirinizin son bəndindən təqribən anladığım kişinin qadın tərəfindən "natamam" sevilməsi?

 

R. Əhməd: Şeirlərim belə məişətvari müzakirəyə bağlıdır. Aydındır ki, bunun üzərinə şərh də olmaz.

 

5) Ramil bəy, yazar "İlham pərisini" gözləsin, yoxsa, onu yaratsın?

 

R. Əhməd: Yaradıcılıq mərhəm bir şeydir. Kim necə istsə elə də edə bilər.

 

6) Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər. (Əbu Turxan)

Bu fikrə Ramil Əhmədin münasibəti necə olardı?

 

R. Əhməd: Bu sitatı konteksdə görmək lazımdır.

 

7)Səndən məcburi köçkün bədənimi harada gizlədim,

Vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

 Bircə sənin nəyin olum, bilmirəm...

 

 Ayaqlarımın gücü yox,

 söykənmişəm səsinə...

 Uzun gecələr

 həsrətindən çəkilmir,

 Söykənmişəm səsinə,

 

Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.

 O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,

 Hər kiçik zərrə qədəriylə sevmək səni. ( Ramil Əhməd)

 

Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətin çəkər.. (Cəlaləddin Rumi)

 Əziz Ramil bəy, həsrət yükü çiyinləri yerə çökdürməyi başarırmı?

 

R. Əhməd: Şeirdəki həsrətin iki istiqaməti var. Bir dünyəvi olana, bəndəyə olan həsrət, bir də yaradana. Bu çoxlu mənaları şair şeirində yazıb, sonra isə onu şərh edə bilməz. Şair mənanı yaradan adamdır. Şərhi başqaları verir.

 

8) Ramil Əhməd hansı gənc yazarları bəyənir, adlarını çəkə bilərsinizmi, əgər mümkündürsə?

 

R. Əhməd: Modern Azərbaycan ədəbiyyatında çox istedadlı, intellektual imzalar var. Danışmağa başlasaq, uzun siyahı alınar.

 

9) Dəyərli Ramil bəy, Orxan Pamuk ismi Sizə nəyi xatırladır?

 

R. Əhməd: Şəxsi olaraq, həyatımın bir ilini, 23-24 yaşımı xatırladır. Magistr dissertasiyam onunla bağlı olduğu üçün bir il fasiləsiz olaraq onun yaradıcılığı ilə məşğul olmuşam. Ümumi olaraq isə ustad bir yazıçının necə olması gərəkdiyini xatırladır.

 

10)  .... O, dərin yuxuda idi, sanki okeanın dibində yatırmış kimi.

Gözləri isə açıq idi, gözü açıq insan yatarmı?

- Yox- yox, o oyaq imiş. Bəs nə idi onu, oyaq ikən, bir nöqtənin dərinliyinə atıb boğulmağa vadar  edən?!

 

Ramil bəy, bu cümlələrin  davamını bir neçə cümlə ilə davam etmənizi xahiş etsəm, yerinə yetirərsinizmi?

 

R.Əhməd: Təklif üçün təşəkkür, ancaq xahişinizi qəbul etməyim mümkün görünmür.

 

-Ramil bəy, ömrünüzdən rubrikamıza pay etdiyiniz üçün Sizə minnətdarıq, Sizə bol- bol uğurlar arzulayırıq.

 Sonda ənənəvi sualımızı Sizə ünvanlayıram: ən çox hansı sualımızı bəyəndiniz?

 

R.Əhməd: Ən yaxşı suallar sitat gətirilən şeirlərin içində gizliydi. Orada sual da var, cavab da. Mənimsə qətiyyən şərh etmək fikrim yoxdur. Əgər etmək istəsəydim, onda o şeirləri niyə yazmışdım?!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)