POETİK QİRAƏTdə Gülay Tahirlinin “Qayıtdı” şeiri

Poetik Qiraətdə bu gün sizlərə Naxçıvanda yaşayan şairə Gülay Tahirlinin şeirini təqdim edirik. “Qayıtdı” adlanan şeir niyə diqqətimizi cəlb etdi? Çünki fərqlidir, axıradək oxucu müəmma içində qalır. 

 

Gözləri Tanrının öz aynasıydı,

Kirpiyi hasardı yer kürəsinə.

Dəniz qısqanardı o ağlayanda,

Bir az inadkardı, bir az tərsinə.

 

Sanki baxışında yurd salıb bütün

Tənha uçurumlar, soyuq küçələr,

Atılmış uşaqlar, susuz çiçəklər,

Başı qoparılan yazıq sərçələr...

 

Qanı çox adama bağlansa belə,

Ruhu ayırardı hamıdan onu.

Nə qədər çırpındı, sındırsın sümük

Heykəli, soyunsun o dəri donu.

 

Beynində bir qırıq xatirə də yox,

Heç nə qalmayıb ki toz yaddaşında.

Bütün yaşananlar azaldıb onu,

Qapqara boşluqlar gəzib başında.

 

Gəlməz, axtarma sən, ey qara pişik,

Tanrı yuxusundan onu ayıltdı.

Ağlama, anası, ağlama daha,

O, eşqdən gəlmişdi, eşqə qayıtdı.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)