1990-cı ildə yazılan şeirlər

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

 

Ağlar

 

Bu bağdan ötən ağlar,

Bu yerdə vətən ağlar.

Yarı şəhid olanın

Sevgisi nakam ağlar.

 

O gün tanklar banladı,

Yaman yerdə haqladı,

Sinələri şumladı,

Qisas qana qanladı.

 

Bu bağ dönüb el oldu,

Güllər açdı dil oldu.

Gözdən axan sel oldu

Qəlb olur talan ağlar.

 

O gecənin danını

Sökdü şəhidlər qanı

Eşidə bilməsə də,

Xoruzun ilk banını.

 

Analar gələr yasa,

Əlacı qalmış səsə.

Dözməyib əhrimən də

Dinib deyər: Can!, ağlar.

 

Ağzımda yanar dilim,

Qanla bölünür elim.

Bu zülmü yerdə qoysam,

Qoy qan olsun qənimim.

 

Ağladı tər qərənfil,

Havalandı qızılgül.

Dolaşdıqca ələ tel

Dillərdə fəğan ağlar.

 

Hər yanı sardı yağı,

Qırdı oğul- uşağı.

Xalqa yasaq qoydular

Doyunca ağlamağı.

 

Azalmır insan seli,

Bürümüş göyü, yeri.

Göz yaşı boğur dili,

Sözü pırtlaşan ağlar.

 

Bu dəhşət unudulmaz,

Gündüzdən ay umulmaz.

Azadlıq aşiqləri

Bu torpaqdan kəm olmaz.

 

Qoyma dönə yağını,

Görsün övlad dağını.

Bölmək yad torpağını

Bilməsin asan ağlar.

                                                                 

Düşdü

 

Hərbi fişənglərin gur işığında

Sabahçün bir dastan dillərə düşdü.

Azadlıq sözünün aşkarlığında

Tankların güzarı ellərə düşdü.

 

Haqqımın gur səsi kövrək ün oldu,

Haraya gələnim qan içən oldu.

Qərarlar boş yerə təskinim oldu,

Sabahı düşünmək sibirə düşdü.

 

Tökülən qanı da səsə qoydular,

Ağ bir böhtanıda səsə qoydular.

Haqq sözə məhbəsi hədə qoydular,

Bu yerdə aşkarlıq bekara işdi.

 

Görmüşük həmişə bütöv bölünər,

Bu yurdu təzədən niyə bölürlər?

Deyirdik dünyaya sığmaz yalan- şər,

Həqiqət dedikcə haqq şərə düşdü.

 

Haqqı nahaq ilə qoşa sandılar,

Bağlı iclaslara arxalandılar.

Haqq deyə-deyə qurcalandılar,

Bu günüm dünəndən betərə düşdü.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)