Şəhidlər barədə şeirlər – Əli Məmmədov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əli Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ƏLİ    ƏVƏZ  OĞLU  MƏMMƏDOV

(01.09.1998.-04.11.2020.)

 

Kürdəmir rayonunun Atakişili   kəndindən olan, Silahlı Qüvvələrin kəşfiyyatçı kiçik çavuşu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi     

 

 Z İ R V Ə D Ə     İ G İ D    Ə L İ

 

Atakişili kəndində dünyaya göz açmışdı,

Bu yurdda ayaq açıb, yerimişdi, qaçmışdı.

Xəyalları quş kimi uzaqlara uçmuşdu,

Var idi xoş söhbəti, var idi şirin dili,

Əbədi məskən saldı  zirvədə igid Əli.

 

Dörd bacının sevimli, gözəl qardaşı idi,

Atanın, həm ananın yaxın sirdaşı idi,

Məktəbdə şagirdlərin əziz yoldaşı idi,

“Yox” sözü ona yaddı, cavabı  bəli, bəli,

Əbədi məskən saldı  zirvədə igid Əli.

 

Bu Vətənə məhəbbət, onu eylədi əsgər,

Vətən Vətən olarmı,  qorunmayırsa  məgər?

Həmişə inanırdı, bizim olacaq zəfər,

Arzusuydu Komandan əmr versin, “İrəli!”

Əbədi məskən saldı  zirvədə igid Əli.

 

O, əsgəri borcunu verdi  ləyaqət ilə,

Xidmət etdi Vətənə  namusla, qeyrət ilə,

Donuz zəmidən çıxmaz, heç zaman söhbət ilə,

Torpaq qayıtmalıdır, bizim torpaq-əzəli,

Əbədi məskən saldı  zirvədə igid Əli.

 

İşğaldakı torpaqlar ürəyini dağladı,

Vətən məhəbbətiylə  coşdu, daşdı, çağladı,

Taleyini biryolluq hərb işinə bağladı,

O, kəşfiyyatçı oldu, bir dastandır əməli,

Əbədi məskən saldı  zirvədə igid Əli.

 

Daim irəlidəydi, döyüşürdü qorxmadan,

Deyirdi: Sonun çatıb  ağılsız düşmən, nadan,

Qələbə bizimlədir, haqq ilədir Yaradan,

Kafirlərin çürükdü tarixidək təməli,

Əbədi məskən saldı zirvədə igid Əli.

 

Bu qeyrətli çavuşu tanısın bütün aləm,

Çox şücaət göstərdi, vəsfə acizdir qələm,

Yağıların qisməti daim olacaq ələm,

Düşmənin Qarabağdan biryolluq çıxdı əli,

Əbədi məskən saldı, zirvədə igid Əli.

 

Ruhun şad olsun, Əli, Şuşamız olub azad

Bizim doğma torpaqda yağı oynadammaz at,

Sizin hünərinizə dünya özü qalıb mat.

Qəhrəmanlar tanıdır  doğma obanı, eli,

Əbədi məskən saldı, zirvədə igid Əli.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)