QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

36-cı hissə

 

Seçim

 

Ülkərevə nə halda qayıtdısa, anası ürəyini tutdu. Sözsüz bilinirdi ki, qızı yeni faciəyə tuş gəlib. Anası nə illah elədisə, Ülkər nə baş verdiyini danışmadı. Sadəcə dilə gətirdi ki, işdən çıxıb.

Bir neçə gün evdə oturub bir yana çıxmadı. Seçim etməliydi. Həyata qaldığı yerdən davam etsinmi, yoxsa hər şeyə tüpürüb başqa yol seçsin.

Bax onda da bütün həyatı gəlib kino lenti kimi gözünün önündən keçdi. Talesiz taleyinə hey göz yaşı axıtdı. Qızı gəlirdi, balaca əlləri ilə başını tumarlayırdı, gözünün yaşını silirdi. Aylin olmasaydı, tüpürərdi bu çirkab dolu həyata. Çoxdan canına qıyardı, bir ucuz intihar yolu seçib dünya ilə vidalaşardı. Amma bu balaca məxluq sanki tutub onu saxlayırdı, deyirdi, bəs mənim axırım necə olacaq?

Aylin necə duruş gətirə bilərdi bu rəzil dünyada? Anasının başına gətirilənlər onun da başına gətirilməyəcəkdimi? Kim zəmanət verərdi axı buna?

Çox ağır, sıxıntılı günlər idi, həyat tam namüəyyənlik içindəydi.

Bir həftə keçmiş anasının növbəti həkim müayinəsi vaxtı yetişdi, evdəki son pulu aparıb verəsi oldu, beş manat çörəkpulu saxladı, vəssalam.

Maddi sıxıntı qədər mənəvi sıxıntı da keçirirdi, gücü ona çatırdı ki, hey ağlasın. Göz yaşı quruyanda bir qədər musiqi dinləmək, filmlərə baxmaq, kitab oxumaq barədə düşündü. Bunlar bir qədər onu dərdin əlindən aldı. Səhər açılırdı, axşam düşürdü, gün beləcə keçirdi.

Evlərində kitab yox idi, telefondan pdf variantda sevgi romanı tapıb oxudu. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını. İllər öncə bu romanın ssenarisi əsasında çəkilmiş “Təhminə” filminə baxmışdı, çox bəyənmişdi həmin filmi. Amma roman daha mükəmməl idi. Təhminədə özünü gördü. Bir bax, bəlkə də qırx-əlli il öncənin əhvalatıdır, orada da qadına kişilər tamahkarcasına, ağızları sulanaraq baxır, haqqında nalayiq sözlər çıxarırlar.

Qoca, idbar Dadaş deyir ki, Təhminəylə yatmışam. Manaf, Spartak görüntü yaradırlar ki, Təhminəylə yatmışıq. Kişilərin yeganə işi qadını ovlamaqdır, bu alınmayanda da öz məğlubiyyətlərini etiraf etmədən ona ləkə yaxmaqdır.

Demək, bu qədər il ərzində heç nə dəyişməyib. Köhnə hamamdır, köhnə tas.

Növbəti günlərdə kommunal xərcləri ödəmək, Aylinin liseyinin pulunu keçirmək kimi müşküllər də gəlib yükünün üstünə qalandı. Borc alsın. Amma kimdən? Tanışı da yox idi borc almağa. Bəlkə Gülgündən? Əsla. Bəlkə Banudan? Heç bir vəchlə. Bəlkə Nazəndə xanımdan? O da müalicə alırdı, təqaüdü iynə-dərmana gedirdi.

Bəlkə bacısını arasın? Bacısının nömrəsini yığdı. Bacısı onun nömrəsini bloka salmışdı, əri yazığı buna məcbur eləmişdi.

Bəs nə etsin axı?

Ölmək olmazdı, qızının xatirinə yaşamalıydı. Öz həyatına iki yolla əlvida deyə bilərdi. Biri intiharla. Digəri isə yüngül qazanc dalınca düşməklə. Özünü qızına fəda verməliydi ikinci yolu seçməklə. Nazanın kartı vardı, nömrəsi vardı. Onun yanına gedib əxlaqsızlıqla məşğul olaraq pul qazanmaq seçimi aktual idi. Onsuz da adına fahişə deyirdilər fahişə olmaya-olmaya. İndi də qoy əsl fahişə olsun.

Bu qərarı verib rahatlaşdı.

Yolu bəlli idi. Ertəsi gün Nazanın yanına gedəcəkdi. Ondan “iş” istəyəcəkdi.

 

 

 “Ədəbiyyat və incəsənət”

(22.01.2024)