“Sənin imanını eşq ilə cinah eyləmişəm” - QƏZƏLLƏR Featured

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucular. OXUCULARIMIZIN YARADICILIĞI rubrikasında bu gün mən Nigar sizlərə gənc qəzəl həvəskarı Təbriz Babayevin iki qəzəlini təqdim edirəm. Düşünürəm ki, onları bəyənəcəksiniz. 

 

“Eyləmişəm"

 

Sevmişəm mən səni, ey yar, nə günah eyləmişəm.

Çəkmişəm dərdini aləmdə fərah eyləmişəm.

 

Nə qədər vardı günahım, gecələr tövbə edib,

Arsız-arsız onu mən bir də sabah eyləmişəm.

 

Mürği-dil baği-gülüstanə tərəf uçmaq üçün

Sənin imanını eşq ilə cinah eyləmişəm.

 

"Bərəkallah" demişəm: atmışam addım sənə mən,

O məqam aləmi-dünyadə fəlah eyləmişəm.

 

Təqsiri-halımı nihan elədim hər kəsə, çün

Sənə bir-bir danışıb gizli izah eyləmişəm.

 

Ömrümü məclisi meyxanədə məhv eyləmişəm.

Demə, xülya imiş əslində, naxah eyləmişəm.

 

Bağladım könlümü könlündə olan sadəliyə,

Eşqimi könlünə, ey yar', nigah eyləmişəm.

 

Qorxudarmı məni düşman, ya da şeytan tələbi?

Ona imanımı hər vaxtı silah eyləmişəm.

 

Ola bilsin ki səsim aləmə, Təbriz, yayılıb,

Gecələr fəryad edib, aləmə ah eyləmişəm.

 

 

"Gəl oyanaq"

 

Sevgilim, gəl yenə əvvəlki kimi şən dolanaq,

Hamı xoşbəxt olacaqkən niyə biz qəmdə yanaq?

Bitsin artıq bu yuxu, gəl oyanaq.

 

Otur əvvəlki kimi xoş sözə başla, söz açıb,

Bizə bir faidə verməz axı yatmaq, göz açıb,

Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.

Bitsin artıq bu yuxu, gəl oyanaq...

 

Sıxsa, bir yol səni qəm-qüssə-kədər, dinmə qəti,

Bizi kim məsxərə eylərsə əgər, dinmə qəti!

Ayrılıqdan bizə kim söz atacaqdırsa, danaq,

Bitsin artıq bu yuxu, gəl oyanaq...

 

Elə bil sətri dolan köhnə varaqlar kimiyik,

Ya da söz dinləməyən körpə uşaqlar kimiyik.

Böyüyək gəl daha birlikdə olaq, biz calanaq.

Bitsin artıq bu yuxu, gəl oyanaq...

Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)