Şəhidlər barədə şeirlər – Elvin Ömərov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Ömərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELVİN XEYBƏR OĞLU ÖMƏROV

(18.08.1991.-10.10.2020.)

 

Kürdəmirin Qarasu kəndindən olan, Azərbaycan Ordusunun Quru Qoşunlarının baş giziri,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

ELVİNİN ARZUSU

 

İnsanların qəlbində saysız arzuları var,

Arzu elə hissdir ki, arzudan arzu doğar.

Hər insanın köksünə yüz arzu, dilək sığar,

Vətəni bütöv görmək arzusuydu  Elvinin.

 

Məktəbdə dərslərindən yalnız əla alırdı,

Doğmaların, dostların qayğısına qalırdı,

Ağlı, mərifətiylə günbəgün ucalırdı,

Amalı, əqidəsi şəffaf  suydu  Elvinin.

 

İllər keçdi, böyüdü, yetkin bir əsgər oldu,

Düşmənə sinə gərən, istehkam, sipər oldu,

Onun evi, eşiyi, yatağı səngər oldu,

“Düşmən məhv olsun, Allah!” – duasıydı  Elvinin..

 

Torpaq kafirdədirsə, əsil oğul dincəlməz,

Bu elə əzabdır ki, ağrısı saya gəlməz,

Adam qəlbən danışmaz, susar, ürəklə gülməz,

Düşməndə doğma yurdu, obasıydı  Elvinin.

 

Əsgərliyi qurtarıb qayıtsa da evinə,

Heç rahat olmadı, nə də bildi, sevinə,

Ordum, sanki deyirdi  qayıt  səngər-evinə,

Hərbçi olmaq  qəlbinin, sədasıydı  Elvinin.

 

O təlim-təhsil aldı, oldu orduda gizir,

Mənasız, boş yaşayan insan özündən, bezir,

O kəslər  xoşbəxtdir ki, adı dillərdə gəzir,

Özgədən fərqləndirən zəkasıydı  Elvinin.

 

Orduda əsgərlərə dürüst bir yoldaş idi,

Çoxunun qəlb dostuydu, səmimi sirdaş idi,

Elə mehriban idi, sanki bir qardaş idi,

Bir sözlə, hər bir əsgər doğmasıydı  Elvinin..

 

Fəxr edirdi, bu yolu nə yaxşı ki, seçmişdi,

Aprel döyüşlərindən cəsarətlə keçmişdi,

Hələ o vaxt düşməni məhv eyləyib, biçmişdi,

Orduda xidmət etmək sevdasıydı  Elvinin.

 

Dünya yiyəsiz deyil, var sahibi, hakimi,

Döyüşdü yağılarla xalqın mərd oğlu kimi,

Məhv etdi mənfurları Babək, Koroğlu kimi,

Döyüş, ədalət adlı sədasıydı, Elvinin.

 

Şəhid oldu, müqəddəs, ülvi arzuya çatdı,

Düşmənə qan ağlatdı, düşmən kədərə batdı,

Vətən bütöv, tam olsun – Qarabağım azaddı,

Azad olunan torpaq  qisasıydı  Elvinin.

 

Hər adamda olammaz, nə mərdlik, nə mətanət,

Elvin göstərə bildi  necə olur  ləyaqət,

Elçin, Hənifə qalıb qəhrəmandan əmanət,

Bir də şəhid xanımı, – sonasıydı  Elvinin.

 

Qaranlıqlar qovuldu, açıldı nurlu səhər,

Ali Baş Komandanla xalqım qazanıb zəfər,

Cəsurlar sayəsində ordum göstərdi hünər,

Bu xoşbəxtlik çin olan  röyasıydı  Elvinin.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)